Nyu-Yorkda Üzeyir Hacıbəylinin 140 illiyi konsert proqramı ilə qeyd olunub

Heydər məscidində şəhidlərin anım mərasimi keçirilib, vəhdət namazı qılınıb
Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib
Məşhur Bakı milyonçusu haqqında serial çəkiləcək

ABŞ-ın Nyu-York şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Firuzə: Musiqi Mozaikası” adlı konsert proqramı keçirilib.

AZƏRTAC-ın məlumatına görə, tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Konserti Azərbaycan, Türkmənistan, Türkiyə və Qazaxıstanın BMT yanında daimi nümayəndəliklərinin rəhbərləri, diplomatlar, eləcə də Azərbaycan icmasının üzvləri izləyiblər.

Gecədə tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti Nərgiz Əliyarova və məşhur skripkaçı Karen Bentli Pollik çıxış ediblər. Onlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Firəngiz Əlizadə, Lala Cəfərova, Türkmənistandan Nuri Halmammedov, Özbəkistandan Dilorom Amanullayeva, Qırğızıstandan Nurlan Moldobasanov, İrandan Aria Torkanbouri və Türkiyədən Fazıl Say kimi bəstəkarların əsərlərini ifa ediblər.

Proqramda səsləndirilən qazax xalq mahnısı “Yapıray” tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertin sonunda Nərgiz Əliyarova Diasporla İş üzrə Dövlət Komitəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Tədbir Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti tərəfindən müxtəlif mədəniyyətləri musiqi vasitəsilə birləşdirmək məqsədilə təşkil olunub. Gecə ərzində bir çox əsərlər Nyu-Yorkda ilk dəfə səsləndirilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton