Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə mətbuata bəyanatda səsləndirdiyi fikirlər bu ölkənin mediasında geniş işıqlandırılıb

AzMİU-da Şuşa şəhərinin memarlıq irsinin bərpa- eskiz layihələrinin təqdimat mərasimi keçirilib
Məhərrəm Zülfüqarlı: Ermənistanı müdafiə edən insan haqları təşkilatından ədalət gözləməyə dəyməz
Təhsil Nazirliyi: “e-telebe.edu.az” elektron portalı vasitəsilə müraciətlərin qəbulu davam edir

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdə söylədiyi fikirlər bu ölkənin mətbuatı tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, “interpressnews.ge”, “apsny.ge”, “ambebi.ge”, “palitranews.ge”, “accentnews.ge”, “24news.ge”, “actual.ge”, “1 tv.ge”, “palitranews.ge”, “apsny.ge”, “24news.ge”, “actual.ge”, “realnews.ge”, “interpress.ge” informasiya portalları Azərbaycan, rus və gürcü dillərində silsilə materiallar dərc ediblər.

“İnterpressnews.ge” portalı Azərbaycan Prezidentinin çıxışına istinadla yazır: “Bu gün biz ölkələrimizin ərazi bütövlüyü, suverenliyi ilə bağlı bir daha qarşılıqlı dəstək ifadə etdik və bu gün mətbuat qarşısında mən bunu bir daha demək istəyirəm. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək”.

Eyni zamanda, Gürcüstanın Baş nazirinin Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığı xüsusi qeyd olunub.

“Ambebi.ge” portalında da Azərbaycan Prezidentinin Gürcüstanla bağlı fikirlərinə xüsusi diqqət yetirilir.

Prezident İlham Əliyevin çıxışına istinadla yayılan xəbərdə deyilir: “Aparılan düşünülmüş islahatlar nəticəsində Gürcüstanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Bu, xüsusilə indiki geosiyasi vəziyyəti nəzərə alsaq, böyük nailiyyətdir və biz bütün bu uğurlar münasibətilə gürcü qardaşlarımızı təbrik edirik”.

“Palitranews.ge” portalı Azərbaycan Prezidentinin iki ölkə arasında ticarət dövriyyəsi və investisiyalar ilə bağlı fikirlərinə geniş yer verib.

“Bizim ticarət dövriyyəmiz də artmaqdadır. Artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb. Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur”, – deyə yazıda bildirilib.

“İnterpressnews.ge” portalının İrakli Kobaxidzenin çıxışına istinadla yaydığı material da diqqətçəkən olub. Portal İ.Kobaxidze bu fikirlərini oxucuların diqqətinə çatdırıb: “Azərbaycana və Prezidentinə təşəkkür edirəm ki, hər zaman ölkəniz bizim ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Bildiyiniz kimi, Gürcüstan da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Ölkələrimiz arasında tərəfdaşlıq və dostluq həmin qlobal kontekstdə də olduqca vacibdir. Sülh məsələlərinə xüsusi diqqət yetirilməlidir və bizim mövqeyimiz ondan ibarət olmuşdur. Biz sabitliyə maksimum dərəcədə töhfə verməyə çalışmışıq. Biz gələcəkdə də regionumuzda bunu davam etdirəcəyik”.

“Ambebi.ge” portalının yaydığı digər materialda isə deyilir: “Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”.

“Accentnews.ge” portalının yaydığı xəbərdə isə deyilir ki, Baş nazir Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib, regionda sülh və sabitliyin vacibliyini vurğulayıb. Hökumət başçısı Gürcüstanın gələcəkdə də bu prosesə öz töhfəsini verməyə hazır olduğunu təsdiqləyib.

Qeyd edək ki, Gürcüstan mətbuatında bu qəbildən olan 30-dan çox material dərc olunub.

Prezident İlham Əliyevin və Baş nazir İrakli Kobaxidzenin çıxışlarına istinadla yayılan xəbərlərdə, həmçinin Gürcüstan və Azərbaycanın infrastruktur, nəqliyyat, energetika sahəsində layihələr həyata keçirdikləri, bu layihələrin bir çox ölkələr üçün mühüm əhəmiyyət daşıdığı, Gürcüstan və Azərbaycanın birgə səyləri ilə iqtisadi müstəqilliyi təmin etməklə yanaşı, həm də bölgə və bütövlükdə Avrasiya qitəsi üçün çox mühüm dövlətə çevrildikləri, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanında olduqları xüsusi qeyd olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi