ƏKBƏROV Rövşən Telman oğlu

İBRAHİMOV Mübariz Ağakərim oğlu
MƏCİDOV Zakir Nüsrət oğlu
NOVRUZOV Ələsgər Xanlar oğlu

(4.6.1965, Bakı ş.) – Azərbaycanın Milli Qəhrəmanı (5.10.1994).

4 iyun 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə 42 saylı məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfə qədər burada təhsil almışdır. 1979-cu ildə C.Naxçıvanski adına Hərbi Məktəbə (indiki Hərbi Lisey – red.) daxil olur. O, 1982-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Sonra isə Kiyev Ali Ümumqoşun Komandirlər Məktəbi… Gənc zabit 1986-cı ildə təyinatla Zaqafqaziya Hərbi Dairəsi komandanlığının sərəncamına göndərilir. O, bir il Zaqafqaziya Hərbi Dairəsinin 4- cü Ümumqoşun Ordusunun 75-ci motoatıcı diviziyasıınn 342-ci motoatıcı alayında kəşfıyyat bölüyünün taqım komandiri işləyir. 1987-ci ildə taqım komandiri kimi xidmət etdiyi Ordunun tərkibində Əfqanıstana göndərilir. Burada xidmətini uğurla başa vuran peşəkar zabit, 1988-ci ildə Zaqafqaziya Hərbi Dairəsinə dönür və 409-cu motoatıcı alayında xidmətini davam etdirir. 1989-cu ildə isə xidmət etdiyi alayda bölük komandiri vəzifəsinə təyin edilir.
Azərbaycan müstəqillik qazanandan sonra Rövşən Əkbərov öz taleyini Milli Ordumuzla bağlayır. 1990-cı ildən 1992-ci ilə kimi Beyləqan rayonunda hərbi komissarın köməkçisi, sonra isə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində müxtəlif vəzifələrdə çalışır. O, 1992-93-cü illərdə 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissənin tabor komandirinin müavini, 1993-95-ci illərdə isə motoatıcı alayın komandiri vəzifələrində işləyir. Bacarığı və yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən R.Əkbərov 1995-ci ildə 777 saylı motoatıcı briqadanın komandiri təyin olunur. O, 1997-ci ilə qədər həmin vəzifədə çalışır.
Rövşən Əkbərov bu illər ərzində bir çox çətinliklərə sinə gərmiş, sınaqlardan məharətlə çıxmışdır. Erməni işğalına qarşı döyüşlərdə yaxından iştirak edən igid komandir dövlət çevrilşinə cəhd edən daxili qüvvələrə qarşı aparılan əməliyyatlarda da fərqlənmişdir. Bütün bunları nəzərə alaraq Müdafiə nazirinin əmri ilə o, 1997-ci ildə nazirliyin Kadrlar və Hərbi Təhsil İdarəsi rəisinin müavini, 1998-ci ilin may ayında isə Ordu Korpusu komandiri vəzifəsinə təyin edilir.
General-leytenant rütbəsinə qədər yüksələn bacarıqlı hərbçi öz biliyini artırmağı da yaddan çıxarmır. O, 1999-cu ildə Bakı Ali Hərbi Dənizçilik məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanmasında göstərdiyi şücaətə və igidliyə görə 2 dəfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. (14.12.1993-cü il, 59 saylı fərman; 04.04.1995-ci il, 307 saylı fərman).
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Əkbərov Rövşən Telman oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ailəlidir. İki qız, iki oğul atasıdır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 74-75