ƏLİYEV Rövşən Nəriman oğlu

AĞAYEV Faiq Alış oğlu
MƏCİDOV Eldar Tofiq oğlu
QULİYEV Nazim Qabil oğlu

(30.8.1972, Bakı ş. – 14.6.1992) – Azərbaycanın Milli Qəhrəmanı (7.12.1992, ölümündən sonra).

30 avqust 1972-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Nəriman kişi Qərbi Azərbaycanın Basarkeçər rayonun Yarpızlı kəndindən idi. Erməni millətçilərinin təzyiqi ilə zorla qovularaq buranı özünə yurd yeri seçmişdir. Rövşən 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun (indiki Texniki Universitet – red.) maşınqayırma fakültəsinə daxil olmuşdur.
1990-cı ildə baş verən Qanlı Yanvar faciəsi hər bir Vətən övladı kimi Rövşənə də çox ağır təsir etmişdi. O, heç cür özünə gələ bilmirdi. Qərar vermişdi ki, torpaqlarımızın müdafıəsi uğrunda gedən döyüşlərdə son damla qanına qədər vuruşacaq.
1991-ci ilin mayı… O, könüllü olaraq orduya yazıldı. Sonra Ağdamda yaradılmış milli müdafiə taboru… O, döyüşə atılaraq Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak etdi. Cəsur döyüşçü 1992-ci ilin martında yeni bir tapşırıq aldı: Əsgərlərimiz Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutmalıdır. Verilən tapşırıq vaxtında və peşəkarlıqla yerinə yetirildi.
Ermənilər 13 may 1992-ci ildə bizim əsgərləri Dəhraz kəndindən çıxarmaq məqsədilə Abdal- Gülablı kəndinə hücum cdirlər. Rövşən Əliyev yoldaşlarına köməyə gedir. Düşmən zərbələrə tab gətirməyərək geri çəkilir. Tələbə-döyüşçü Ağbulaq- Dəhraz əməliyyatlarında xüsusilə fərqlənir. Bu kəndlər Rövşən Əliyev kimi oğulların dönməzliyi sayəsində erməni quldurlarından təmizlənir.
14 iyun 1992-ci il… Azğınlaşmış düşmən yenidən böyük qüvvə ilə Dəhraz kəndinə hücum edir. Əsgərlərimiz mühasirəyə düşür. Rövşən yaralı yoldaşlarının düşmən əlinə keçməməsi üçün böyük şücaət göstərərək, onları döyüş meydanından uzaqlaşdırmağa müvəffəq olur. Növbəti dəfə komandirini xilas edərkən başından yaralanır. Bir qədər sonra o, gözlərini əbədi yumur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Əliyev Rövşən Nəriman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Vaxtilə təhsil aldığı 254 saylı orta məktəbə Qəhrəmanın adı verilmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 88-89