ALLAHVERDİYEV Bəxtiyar Əzizulla oğlu

SƏMƏDOV Pərviz Əbdüləhəd oğlu
SEYİDOV Məhərrəm Mirəziz oğlu
KƏRİMOV Bəşir Bəylər oğlu
(10.6.1974, Bakı ş.) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995).

10 iyun 1974-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 1991-ci ildə Bakıdakı 199 saylı orta məktəbi bitirib.
1992-ci ilin avqust ayında Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordumuzun sıralarında xidmətə çağırılıb. Bəxtiyar 776 saylı hərbi hissədə əsgəri xidmətə başlayır və tez bir zamanda komandirlərin hörmətini qazanır.
O, 1992-ci ilin oktyabrında cəbhəyə yola düşür. Əvvəlcə Qubadlı bölgəsində gedən qanlı döyüşlərdə iştirak edir. Sonra Füzuli, Murovdağ əməliyyatlarında əsl qəhrəmanlıq nümunəsi göstərir. 1994-cü ildə onu Tərtər, Ağdərə bölgəsinə göndərirlər. Bəxtiyar  müddətdən artıq xidmətə keçirilir.
O, harada, hansı cəbhədə xidmət etməsindən asılı olmayaraq, hər yerdə öz əsgəri andına sadiq qalır,onu layiqincə yerinə yetirməyə çalışırdı. Cəsur, qorxmaz və yetkin hərbçi olduğunu nəzərə alan komandanlıq onu qrup komandiri təyin edir.
Ən qaynar nöqtələrdə göstərdiyi misilsiz döyüş rəşadətinə görə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Allahverdiyev Bəxtiyar Əzizulla oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
1995-ci ildə Müdafiə Nazirinin əmri ilə B.Allahverdiyevi hərbi biliyini artırmaq məqsədilə Türkiyə Respublikasına göndərdilər. 1996-cı ildə o, ixtisas kursunu müvəffəqiyyətlə başa vurub, doğma hissəyə qayıtdı. 1997-ci ildə isə gizir rütbəsi alaraq, 196 saylı hərbi hissənin kəşfiyyat taqımına komandir təyin olundu.
B.Allahverdiyev 1998-99-cu illərdə Zabitləri Təkmilləşdirmə və Gizirlər kurslarında təminat taqımının komandiri, 1999-2000-ci illərdə isə Bakı Ali Komandirlər Məktəbində taktika kafedrasının təlimatçısı vəzifələrində çalışmışdır. Həmin ilin oktyabr ayında ordudan tərxis olunmuşdur.
O, 2001-ci ildə Daxili İşlər Orqanlarına işə qəbul edilmişdir. 2002-ci ildə Polis Akademiyasının qiyabi şöbəsinə daxil olmuş, işləyə-işləyə 2007-ci ildə təhsilini başa vurmuşdur. Xətai rayon Əlahiddə Polis İdarəsinin Polis Bölüyündə çalışmışdı. 2004-cü ildən 2006-cı ilə qədər İsmayıllı rayonunda sahə müvəkilli vəzifəsində işləmişdir.
Ailəlidir.
Hal-hazırda Binəqədi rayon Polis İdarəsində ictimai təhlükəsizlik şöbəsinin baş inspektoru vəzifəsində öz işini şərəflə davam etdirir.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 31-32