Almaniyanın “GEO” jurnalı: “Bakı – xəyallar şəhəri”

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Safari Parkında olublar
Prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə Bakıda konsert proqramı təşkil olunub
Xaçmaz rayonunda seminar-məşğələ keçirilib

Almaniyanın nüfuzlu “GEO” jurnalında “Bakı – xəyallar şəhəri” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif region və ölkələri, səyahət imkanları və səfər reportajları üzrə ixtisaslaşmış bu jurnal həm elmi-kütləviliyi, həm də səyahət üçün müfəssəl məlumat mənbəyi olması ilə geniş oxucu kütləsini özünə cəlb edir.

Bu ilin may ayında Bakıya səfər etmiş Yoxen Münx adlı alman səyahətçi tərəfindən hazırlanmış reportaj Azərbaycan paytaxtı haqqında ətraflı məlumat verməklə yanaşı, buraya səfər etmək niyyətində olanlara praktiki məsləhətlərlə zəngindir. Məqalənin girişində müəllif qeyd edir ki, çoxları səfər öncəsi ona Bakıya səfərini niyə tam bir həftəlik nəzərdə tutması barədə suallar verirdilər. Lakin Bakı və onun ətraf ərazilərində çəkilmiş fotoları seyr edənlər heyrətlərini gizlədə bilmirdilər.

Mayın 7-də Bakıya səfər edən müəllif necə gözəl bir şəhərlə qarşılaşdığını, burada mədəniyyətin, müasirliyin və həddən artıq təmizlik və səliqə-sahmanın şahidi olduğunu qeyd edir. Hava limanından tutmuş yerləşdiyi oteldə qarşılanması və xarici qonaqların rastlaşacağı bütün infrastrukturun yüksək səviyyədə təşkil olunmasını detallarına qədər izah edən müəllif, eyni zamanda, oxuculara addım-addım gəzdiyi yerlər, giriş qiymətləri və sair barədə məsləhətlər verir. Bakıdakı ilk təəssüratlarının çox müsbət olduğunu diqqətə çatdıran səyahətçi-fotoqraf buradakı təmizlik və mükəmməlliyin diqqət çəkdiyini, özünü sanki Tokio və ya Sinqapurda hiss etdiyini yazır.

Bakının bütün turistik məkanlarına, həmçinin park, məscid, muzey və memarlıq abidələrinə baş çəkən Y.Münx Bakıətrafı ərazilərə də səfər etməyi unutmayıb. Qobustan dövlət tarixi-bədii qoruğu, Yanardağ və Atəşgah kimi məkanlarda olan səyahətçi Bakı və Abşeron yarımadası haqqında oxucularına dolğun məlumatlar çatdırır.

Reportajın sonunda Bakıya səfərindən məmnun qaldığını qeyd edən müəllif bu şəhərə səyahət etməyi hər kəsə tövsiyə edə biləcəyini yazır. Bakının hələ kütləvi turizm tərəfindən aşkar edilməmiş gizli bir hədəf olduğunu vurğulayan Y.Münx bu vəziyyətin tezliklə dəyişəcəyindən əminliyini ifadə edir.

Məqalənin sonunda öz şəxsi internet səhifəsini qeyd edən müəllif burada Azərbaycana səfərinə aid yüzlərlə yüksəkkeyfiyyətli fotonu oxucularına təqdim edir.

Qeyd edək ki, Antarktida da daxil olmaqla, dünyanın bütün qitələrinə səfər edən, 40-dan artıq ölkə haqqında səyahət reportajları və ya fotosessiyalar tərtib edən müəllifin Bakı haqqında yazısı əsl peşəkar yanaşması kimi qiymətləndirilir.

Elgün Niftəli, AZƏRTAC-ın xüsusi müxbiri

Vyana