AVCİYA: Azərbaycanla müqayisədə bir sıra Avropa ölkələrində seçki kampaniyasının müddəti daha azdır

Bakıda prezident seçkilərində KİV-lərin rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilib
Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı
Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin, beynəlxalq təşkilatların rəhbərlərinin və jurnalistlərin Tərtərə səfəri təşkil olunub

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərinin daha demokratik və şəffaf keçirilməsinə dəstək vermək üçün uzunmüddətli müşahidə missiyasını həyata keçirir.

Trend-in məlumatına görə, bunu AVCİYA seçki qərargahının keçirdiyi mətbuat konfransında qərargahın rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

O qeyd edib ki, bu məqsədlə assosiasiya Mərkəzi Seçki Komissiyasına (MSK) müraciətləri, imzatoplama kampaniyası və qeydə alınma proseduru, seçici siyahıları, seçki prosesi ilə bağlı qanun pozuntuları, seçki şikayətləri, seçki ilə bağlı qanunverici baza, seçki ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, MSK, DSK və MnSK-ların fəaliyyəti, seçkilərlə bağlı KİV-in monitorinqi, təşviqat kampaniyası və seçki gününün monitorinqinin təşkili kimi genişmiqyaslı fəaliyyətə start verib.

M.Zülfüqarlı bildirib ki, seçki qərargahı bu işlərin icrasına 5 fevral 2018-ci il tarixdən başlayıb. Onun sözlərinə görə, KİV-in monitorinqi iqtidar, müxalifət və müstəqil yönümlü 8 qəzet, 2 agentliyi əhatə edir.

M.Zülfüqarlı əlavə edib ki, seçki qərargahı rayon koordinatorlarının attestasiyası, regional ofislərin işinin prezident seçkilərinə uyğunlaşdırılması işlərini qısa müddətdə başa çatdırıb: “Seçicilərin fəallığının artırılması ilə bağlı fevralın 16-dan başlayaraq aprelin 10-na kimi regionlarda seminarlar və müşahidəçilər üçün treninqlər keçiriləcək. İlk seminar və treninqlər gələn həftə Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayonlarında keçiriləcək. Yaxın günlərdə müşahidəçilərə kömək məqsədilə “Yaddaş kitabçası”nəşr olunacaq. Uzunmüddətli müşahidə ilə bağlı aralıq hesabat 6 aprel 2018-ci il tarixdə ictimaiyyətə təqdim ediləcək”.

Qərəgah rəhbəri bildirib ki, seçki günü müşahidə və seçkinin nəticələri ilə bağlı ilkin münasibət AVCİYA-nın bəyanatında aprelin 12-də səhər saatlarında elan olunacaq: “Prezident seçkiləri ilə bağlı yekun hesabat isə 26 aprel 2018-ci il tarixdə ictimaiyyətə təqdim ediləcək. Seçki qərargahı əvvəlki seçkilərdə olduğu kimi, demokratik seçkilər sahəsində mövcud beynəlxalq təcrübənin seçicilər arasında təbliğinə böyük önəm verir. Seçki qərargahı, həmçinin beynəlxalq qurumlarla əlaqələrin yaradılması, onlarla əməkdaşlığın təşkilinə də müsbət yanaşır. Seçki qərargahı əvvəlki illərdə olduğu kimi, bu il də Avropa Şurası, Avropa İttifaqı, ATƏT, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və digər qurumların nümayəndələri ilə əməkdaşlığın davam etdirilməsi istiqamətində səylərini artıracaq”.

M.Zülfüqarlı deyib ki, bəzi qərbyönümlü seçki təşkilatları Azərbaycanda seçki kampaniyasının 90 gündən 60 gündən endirilməsi və seçki təşviqatı ilə bağlı müddətin 23 günə endirilməsini tənqid edirlər: “Ancaq sonradan araşdırmalar zamanı məlum oldu ki, Azərbaycanla müqayisədə bir sıra Avropa ölkələrində seçki kampaniyasının müddəti daha azdır. Hətta İspaniyada seçki təşviqatı üçün cəmi 10 gün ayrılır”.

M.Zülfüqarlı növbədənkənar prezident seçkilərinin bəzi müxalifət təşkilatları tərəfindən boykot edilməsi məsələsinə də toxunub. O qeyd edib ki, bu, əslində boykot deyil, seçkidə iştirak etməməkdir: “Boykotu o təşkilat edir ki, onun gücü, böyük strukturu olur və seçkidə iştirak etmək üçün hər cür imkanları olur. Lakin heç bir gücü olmayan bir təşkilatın seçkiləri boykot etməsi düzgün deyil. O təşkilat deyə bilər ki, “biz seçkilərdə iştirak etmirik”, ancaq boykot edə bilməzlər”.

Trend: