Azərbaycan “FITUR-2019” Beynəlxalq turizm sərgisində uğurla təmsil olunur

Aİ XİNŞ “Şərq Tərəfdaşlığı” Proqramının 10 illik fəaliyyətini qiymətləndirəcək
Bu gündən TANAP-la Türkiyəyə ilk kommersiya qazının göndərilməsi başlayıb
İran parlamentindən Ermənistana tələb: Araz çayını zəhərləməyin!

Madriddə növbəti “FITUR” beynəlxalq turizm sərgisi öz işinə başlayıb. Artıq 39 ildir ki təşkil olunan bu mötəbər beynəlxalq turizm sərgisi adıçəkilən sektorda fəaliyyət göstərən mütəxəssislər üçün qlobal görüşmə nöqtəsi hesab olunur və İbero-Amerika bazarlarına çıxış baxımından əhəmiyyətli rola malikdir.

Bu il keçirilən “FITUR-2019” beynəlxalq turizm sərgisi zamanı iştirakçıların sayında yeni rekord müşahidə edilib: 165 ölkə və regiondan 10 min 487 şirkət tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib.

“FITUR” beynəlxalq turizm sərgisində ölkəmiz Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı və ölkəmizin İspaniya Krallığındakı səfirliyinin dəstəyi ilə uğurla təmsil olunur. Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın yeni turizm brendi (“Bir daha bax” (“Take another look”) şüarı və brendin mahiyyətini özündə tərənnüm etdirən loqo) altında stendlərimizdə ölkəmizin turizm potensialı, sözügedən sektorun inkişafı, müasir texnologiyaların tətbiqi, habelə mövcud turizm infrastrukturu və bu sahədə təklif olunan xidmətlər barədə videoçarxlar, məlumat kitabçaları, broşürlər, nəfis tərtibata malik təbliğat materialları sərgi iştirakçılarına təqdim olunur.

Milli stenddə həmçinin, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə səfirlik tərəfindən çap etdirilmiş, İspaniyada istifadə edilən xüsusi poçt markaları, ispan dilində Nəsiminin yaradıcılığını əks etdirən məlumat kitabçaları, həmçinin Azərbaycanın qədim xalçaçılıq ənənələrini ehtiva edən təbliğat materialları nümayiş etdirilir. Tədbir zamanı Azərbaycan pavilyonu sərgi iştirakçılarının böyük marağına səbəb olub.

AZƏRTAC-a müsahibəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib: “FİTUR-2019” sərgisində Azərbaycan ilk dəfə olaraq “Bir daha bax” turizm brendi ilə təqdim olunur. Bu brend Latın Amerikasının zəngin tarixə, mədəniyyətə, qonaqpərvərliyi özündə tərənnüm etdirən milli mətbəxə malik ölkəmiz barədə təəssüratlarını yeniləyəcək. Bu gün sərginin açılış mərasimi çərçivəsində mənim İspaniya Kralı VI Felipe ilə görüşüm oldu. Görüşdə kral turizm sənayesinin möhtəşəm tədbirində ispan turistləri üçün böyük əhəmiyyət kəsb edən Azərbaycanın iştirak etməsindən məmnun olduğunu bildirdi. Kral sərginin işində iştiraka görə hamıya uğurlar arzuladı.

Sərgidə iştirak edən Ermənistan tərəfi növbəti dəfə təxribatlara əl ataraq, erməni şirkətlərinə məxsus stendlərdə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma qurumun təbliğinə yönəlmiş müxtəlif məlumat və xəritələri üstüörtülü şəkildə nümayiş etdirməyə cəhd etmişdir. Dövlət Turizm Agentliyi və ölkəmizin İspaniya Krallığındakı səfirliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilərək, “FITUR” beynəlxalq turizm sərgisinin əsas təşkilatçısı kimi çıxış edən “IFEMA”-nın İcraiyyə Komitəsinin prezidenti Klemente Qonsales Soler ilə dərhal görüş keçirilib. Görüşdə Ermənistan tərəfinin təxribatının yolverilməzliyi, “FITUR” beynəlxalq turizm sərgisi zamanı bu cür əməllərə əl atılmasının “FITUR”un əsas məqsədi olan əməkdaşlıq və turizmin davamlı inkişafına mənfi təsir göstərdiyi, eyni zamanda, Ermənistanın növbəti dəfə beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinə məhəl qoymadan həyata keçirdiyi təxribatın “FITUR”-un “Bələdçi kitabçası”na birbaşa zidd olduğu diqqətə çatdırılıb. Deyilənlərin sübutu kimi Ermənistan şirkətlərinin stendlərindən əldə olunmuş, üstüörtülü şəkildə paylanan broşürlər əyani şəkildə K.Qonsales Solerə təqdim edilib.

“IFEMA”-nın İcraiyyə Komitəsinin prezidenti K.Qonsales beynəlxalq sərgidə belə bir xoşagəlməz faktın baş verməsindən təəssüfləndiyini bildirib, bu cür təxribatların “FITUR” beynəlxalq turizm sərgisinin işinə kölgə salmaq niyyəti daşıdığını qeyd edərək, məsələ ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görüləcəyini, Ermənistan şirkətlərinə bu cür təxribatyönümlü broşürlərin paylanmasına görə ciddi xəbərdarlıq edilərək, onların dərhal stendlərdən yığışdırılmasına dair göstəriş verib.

Keçirilən görüşün və görülən digər təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq, Ermənistan şirkətləri tərəfindən təxribat yönümlü materialların yayılmasının qarşısı alınıb, onlar stendlərdən yığışdırılıb, bu halın bir daha təkrar olunacağı təqdirdə, həmin stendlərin bağlanılacağına dair “IFEMA”-nın İcraiyyə Komitəsi tərəfindən Ermənistan şirkətlərinə şiddətli xəbərdarlıq edilib.

“FITUR-2019” beynəlxalq turizm sərgisi öz işini yanvarın 27-dək davam etdirəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid