Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsinə yardım məqsədilə Ağ evin saytında petisiya açılıb

AVCİYA Şən və Hazırcavablar Klubundan təxribata son qoyulmasını tələb edib
AVCİYA Referendumla bağlı regionlarda seminarları başa vurdu
AVCİYA daha bir seçki hesabatını təqdim etdi
Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib.

APA-nın məlumatına görə, layihə çərçivəsində Ağ ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama administrasiyasına petisiya ilə müraciət açılıb.

Bu gün keçirilən mətbuat konfransında E. Süleymanov deyib ki, müraciətdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Eyni zamanda Ağ ev administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilir. Qaydalara əsasən petisiyaya cavab verilməsi üçün 1 ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır.

Artıq 8 min 300 nəfərin səs verdiyini nəzərə çatdıran E. Süleymanov qeyd edib ki, AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də türk dünyasının bu petisiya barədə məlumatlandırılması məqsədilə geniş PR kampaniyasına başlayıb. Kampaniya çərçivəsində ay ərzində çoxsaylı aksiya və görüşlərin keçirilməsi, məlumatlandırıcı materialların paylanılması və sair bu kimi fəaliyyətlərin icra edilməsi planlaşdırılır.

E. Süleymanov hər kəsi informasiya savaşında fəal iştirak etməyə çağırıb: “Biz torpaqlarımızı təxribatdan müdafiə etmişik. Yanlış məlumatların yayılmasına yol verməməliyik. Silahlı Qüvvələrimizin böyük qələbəsi, strateji yüksəkliklərin geri alınması göstərdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizəni dayandırmayacaq. 23 il ərzində beynəlxalq təşkilatların torpaqlarımızı unutdurmaq səyləri nəticə vermədi. İkigünlük savaşda əldə edilən uğurlar danışıqlar masasında Azərbaycana yeni impuls verir. ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin nəticəsi göz önündədir. Yenə də gəldilər, dedilər ki, danışıqları intensivləşdirəcəyik. Ancaq artıq bütün dünya bildi ki, Azərbaycanın səbri tükənib, ədalətsizliyə dözmür”.

E. Süleymanov onu da nəzərə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyünü müdafiə edilməsi, torpaqların işğaldan azad edilməsinin zəruriliyi Türkiyə, Pakistan, Belarus kimi dövlətlərin bəyanatlarında əksini tapıb. Beynəlxalq qurumlara gəlincə, yalnız İslam Əməkdaşlıq Təşkilatı və AŞ PA prezidenti Pedro Aqramunt bəyanatlarında Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməli olduğunu vurğulayıb: “BMT baş katibi, Avropa Parlamentinin sədri, ATƏT, həmsədr dövlətlərin rəhbərlərinin və digərlərinin bəyanatlarında Minsk qrupu həmsədrlərinin fəaliyyətinə dəstək, atəşkəsin bərpa olunmasına çağırış yer alıb, Ermənistanın torpaqları dərhal azad etməsi tələbi əksini tapmır. Azərbaycan sülh istəmir?! Bu çağırışlar, yalanlar, iftiralar torpaqlarımızı unutdurmaq üçündür. Azərbaycana qarşı bu qeyri-səmimiliyi ifşa etməliyik. Bu baxımdan bu petisiya çox əhəmiyyətlidir. Ordumuzun 5 gün ərzində torpaqlarımızı işğaldan azad etməsinə mane olan nədir? Səbəb dünyada Ermənistanın hələ də işğalçı olmasını qəbul etdirə bilməməyimizlə əlaqədardır. Ona görə də informasiya savaşında hər birimiz bacardığımızı etməliyik”.