BAĞIROV Allahverdi Teymur oğlu

RAMAZANOV Şamil Ağasəf oğlu
QULİYEV Mədət Qəzənfər oğlu
HÜSEYNOV Vüqar Tofiq oğlu

(22.4.1946, Ağdam ş. – 14.6.1992, Ağdam r.) – Azərbaycanın Milli Qəhrəmanı (24.2.1993, ölümündən sonra).

1 saylı Ağdam şəhər orta məktəbini bitirib. Yüngül atletika, voleybol və futbolla məşğul olub. Ağdam uşaq-gənclər idman məktəbində məşqçi işləməklə yanaşı, “Qarabağ” futbol komandasında fəaliyyət göstərib (1966-1983). 1988 ildə ermənilərin Qarabağa təcavüzünün ilk günlərindən xalq hərəkatına qoşulub və onun fəallarından olub. Könüllülər batalyonu yaradıb. Ağdamın bir sıra kəndlərinin müdafiəsində bu batalyonun döyüşçüləri mərdliklə vuruşublar. 1992 ilin fevralında Xocalı faciəsi zamanı Allahverdi Bağırovun batalyonu Əsgəran yaxınlığında yüzlərlə xocalılını xilas edib. 1992 il iyun ayının 12-də onun batalyonunun səyi nəticəsində Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edilib. Gözətçi məntəqələrini yoxlayıb qərargaha dönərkən sürücü ilə birlikdə minaya düşüb. Ailəli idi. Bir oğlu, iki qızı var. Ağdam rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 49-50
Milli Qəhrəman Maşallah Abdullayevin  dediklərindən: “Allahverdi bəyi meydan hərəkatından tanıyırdım. O zamanlar qardaşı Eldar Bağırovla yaxın əlaqələrim vardı. Bu əlaqələrin nəticəsində də Allahverdi bəyi tanıdım. Lazım olan məqamlarda bir-birimizə kömək əlimizi uzadırdıq. 1992 ilin əvvələrində  ermənilərin yaşadığı Qaraçinar kəndindən bir erməni ailəsi tutmuşduq. Allahverdi bəyə bu barədə xəbər verdim. Dedi ki, onları göndər. Xocalıda girov götürülmüş soydaşlarımızla dəyişək. Belə də etdim.  Sonra eşitdim ki, o ailə ilə bizim təxminən 10-a yaxın Xocalı sakinini girovluqdan azad edib. Allahverdi bəy sözünə bütöv adam idi. İstəyirdi başladığı işi tez həyata keçirsin. Amma elə məqam olur ki, bir işi görməzdən öncə yaxşıca onun ətrafında düşünmək lazımdı. Vətənini, millətini sevən bir oğul idi.”
Əd.: “Xocalı yaddaşı”, Bakı, 2017, s. 119