Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XVIII Beynəlxalq konqresi keçirilir

Prezident “Diqlas”la bağlı məsələni nəzarətə götürüb, sahibkarlara kompensasiya veriləcək
Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 25 il ötür
Xaçmaz rayonunda seminar-məşğələ keçirilib

Sentyabrın 11-də Azərbaycan Tibb Universitetində (ATU) Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin XVIII Beynəlxalq konqresi öz işinə başlayıb. Tədbir Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri, akademik Böyükkişi Ağayevin əziz xatirəsinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinə üzv olan 25 ölkədən (Türkiyə, Rusiya, Avstraliya, ABŞ, İspaniya, Hollandiya və s.) elm xadimi və tibb mütəxəssislərinin, eləcə də ölkəmizin tibb ictimaiyyətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Səhiyyə nazirinin müavini Elsevər Ağayev Səhiyyə naziri Oqtay Şirəliyevin konqres iştirakçılarına təbrik məktubunu oxuyub. Nazir müavini çıxışında son 15 ildə Azərbaycanın səhiyyə sahəsində qazandığı uğurlardan danışıb. Diqqətə çatdırılıb ki, bu il konqresin materiallarında 31 ölkədən 600-ə qədər məqalə və tezislər dərc olunub.

Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb. Bu, Azərbaycanın bütün sahələrdə, o cümlədən səhiyyədə əldə etdiyi uğurlarla bağlıdır. Diqqətə çatdırılıb ki, sentyabrın 14-dək davam edəcək bu beynəlxalq tədbirdə cərrahiyyə və qastroenterologiya sahələrində yeniliklərlə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaq. Bu isə ölkələr arasında elmin qarşılıqlı tanınmasında və əlaqələrin qurulmasında böyük əhəmiyyət daşıyır.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, beynəlxalq konqresin ölkəmizdə keçirilməsində akademik Böyükkişi Ağayevin böyük rolu var. Diqqətə çatdırılıb ki, Azərbaycanda tibb elminin yeni biliklərlə zənginləşdirilməsi və tədrisində tanınmış alimin xüsusi rolu və əməyi var. Respublikada cərrahi qastroenterologiya elmi məktəbinin yaradıcılarından olan Böyükkişi Ağayevin dəyərli tədqiqatları bu istiqamətdə fundamental araşdırmaların aparılması və onların müalicə işində tətbiqi üçün geniş imkanlar açıb. Alim eksperimental nəticələr əsasında təcrübi tövsiyələri və ixtiraları ilə tibb elminə təqdirəlayiq töhfələr verib. “Bu gün Azərbaycan mühüm konfrans, forumların mərkəzinə çevrilib. Beynəlxalq konqresin ölkəmizdə 7-ci dəfə keçirilməsi səhiyyə ictimaiyyəti adına çox mühüm hadisədir. Tədbirdə dünyanın tanınmış mütəxəssisləri iştirak edir. Təəssüflər olsun ki, bugünkü konqresi Böyükkişi Ağayevsiz keçiririk. Bu konqresin də akademikin xatirəsinə həsr olunması onun ən böyük haqqıdır”.

Konqresdə Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin sədri, Ankara Universitetinin rektoru, professor Hasan Özkan çıxış edərək dost və qardaş Azərbaycana xüsusi önəm verdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin indiyədək 17 konqresi keçirilib. Bu beynəlxalq tədbirlərin 7-nə Azərbaycan ev sahibliyi edib.

H.Özkan məlumat verib ki, rəhbərlik etdiyi cəmiyyətin əsası 1996-cı ildə Antalyada Avropa və Asiyanın türkdilli dövlətlərindən olan alimlərin milli konqresindəki görüşü zamanı qoyulub. Cərrah və qastroenteroloqların ilk konqresi 1997-ci ildə Bakıda keçirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə keçirilən həmin konqresdə 5 ölkədən 35-ə yaxın alim iştirak edib.

Konqresin sədri, Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri, professor Rauf Ağayev bildirib ki, tədbirdə 150-yə yaxın mühazirə və elmi çıxışlar dinləniləcək. Diqqətə çatdırılıb ki, beynəlxalq konqresdə Avstraliya, ABŞ, Türkiyə və başqa ölkələrdən gələn tanınmış mütəxəssislər qaraciyər transplantasiyasına aid öz təcrübələri haqqında danışacaqlar. Eyni zamanda, dünyada ən aktual problemlərdən olan hepatit virusu, ürək-damar cərrahiyyəsi barədə də çıxışlar nəzərdə tutulub.

Tədbirdə Böyükkişi Ağayevin həyat və fəaliyyətdən bəhs edən videoçarx nümayiş etdirilib.

Sonra Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin XVIII Beynəlxalq konqresi işini sessiyalarda davam etdirib.

Sessiyalarda cərrahiyyə və qastroenterologiya sahəsindəki son vəziyyət, mövcud problemlər və yeniliklər barədə müzakirələr aparılıb.

AZƏRTAC