Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı bölmələrinin Ağdamda mülki şəxsləri atəşə tutmasına münasibət bildirib
Küveytin “Əl-Cəridə” qəzeti: Azərbaycan fərqli və möhtəşəm ölkədir
Luka Volontenin bəraət alması xəbərini dünya mediasında 80 milyon insan izləyib

Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə iştirak ediblər.

Azərbaycan və Rusiya prezidentləri açılış mərasimində çıxış etdilər.

Prezident İlham Əliyevin

çıxışı

– Hörmətli Vladimir Vladimiroviç.

Hörmətli qonaqlar.

Əziz dostlar, xanımlar və cənablar.

İlk növbədə, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putini, eləcə də, onu müşayiət edən şəxsləri Azərbaycanda salamlamaq istərdim, xoş gəlmisiniz. Sizi görməyimizə həmişə çox şadıq.

Rusiya və Azərbaycan prezidentlərinin bu gün regionlararası forumda iştirakı həmin forumun fəaliyyətinə nə qədər böyük əhəmiyyət verdiyimizi sübut edir. Bu, IX forumdur. Gələn il yubiley forumu olacaq. Biz şadıq ki, ilk forum 2010-cu ildə Azərbaycanda keçirilib. Bununla da çox fəal regionlararası əməkdaşlığa təkan verilib. Min nəfər tutan bu salonun tamamilə dolması bu foruma nə qədər böyük maraq olduğuna dəlalət edir.

Biz Vladimir Vladimiroviçlə müntəzəm görüşürük. Bu yaxınlarda – sentyabrın əvvəlində mən Rusiya Federasiyasına rəsmi səfər etdim, biz çox məhsuldar danışıqlar apardıq. Gündəliyin bütün məsələləri üzrə çox mükəmməl fikir mübadiləsi oldu. Bir aydan da az müddətdən sonra Rusiya Prezidentinin Azərbaycanda olması bizim aramızda mövcud münasibətlərin parlaq sübutudur. Mənim səfərim çərçivəsində fəaliyyətin əksər sahələrini əhatə edən və uzun illər əvvəlcədən bizim münasibətlərimizin gələcəkdə daha da inkişafını müəyyənləşdirəcək 16 sənəd imzalanmışdır. Həmçinin qeyd etməliyəm ki, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin son 5 il ərzində 4-cü dəfədir ki, Azərbaycanda olur. Mən də müntəzəm olaraq Rusiyaya səfər edirəm, bu da bizim tərəfdaşlığımızın, ölkələrimiz arasında dost, mehriban qonşuluq münasibətlərinin parlaq sübutudur.

Ticari-iqtisadi əlaqələrə gəlincə, biz inkişaf dinamikasını görürük, bu olduqca güclü təəssürat oyadır, bu artmaqda olan dinamikadır. Ötən il də, bu il də əmtəə dövriyyəsi artıb. Rusiya Azərbaycan üçün idxal üzrə bir nömrəli tərəfdaşdır və bizim qeyri-neft sektorunun məhsullarının ixracı üzrə də bir nömrəli tərəfdaşdır.

Həmçinin qarşılıqlı investisiyalarla əlaqədar layihələr həyata keçirilir. Biz burada da müsbət dinamikanı görürük. Energetika, neft-qaz sahələrində çox möhkəm əlaqələr mövcuddur. Biz, mənim Rusiya Federasiyasına rəsmi səfərim çərçivəsində “Rossneft” ilə SOCAR şirkətləri arasında əməkdaşlıq barədə mühüm sənəd – müqavilə imzaladıq. Eləcə də, 20 ildən artıqdır ki, Azərbaycanda “LUKoil” şirkəti uğurla işləyir, bizim üçün mühüm investordur. Elektroenergetika sahəsində bizim enerji sistemləri paralel rejimdə işləyir. Biz, mənim sentyabr səfərim çərçivəsində yüksəkgərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi ilə bağlı məsələləri müzakirə etdik. Bu xəttin tikintisi elektrik mübadiləsini daha çox nizama salmağa və bu sahədə üçüncü ölkələrlə əlaqələri genişləndirməyə imkan verəcək.

Biz nəqliyyat sahəsində çox fəal əməkdaşlıq edirik. Bizim birgə reallaşdırdığımız “Şimal-Cənub” layihəsi artıq öz nəticələrini verir. Ötən illə müqayisədə biz bu il həmin dəhlizlə yükdaşımaların nəqlinin 100 dəfədən çox artdığını görürük. Həm də bu, yalnız başlanğıcdır. Hesab edirik ki, bu dəhliz Avrasiyanın ən mühüm nəqliyyat xətlərindən biri olacaq, bununla da ölkələrimizin daha da yaxınlaşmasına kömək edəcək və tranzit potensialımızı artıracaq. Həmçinin qeyd etmək istərdim ki, təkcə Azərbaycan milli aviaşirkəti Rusiyanın müxtəlif şəhərlərinə həftədə 50-dən çox reys həyata keçirir. Əgər, Rusiyanın aviadaşıyıcılarını da əlavə etsək, biz vətəndaşlarımızın öz aralarında necə ünsiyyət saxladıqlarını və əlaqələrimizin intensivliyini görərik.

Turizm sahəsində də biz Rusiya vətəndaşları tərəfindən Azərbaycanı ziyarətin çox əhəmiyyətli dərəcədə artdığını görürük. Hələ başa çatmamış 9 ay ərzində 700 minədək rusiyalı Azərbaycanı ziyarət edib. Əminəm ki, bu rəqəm də gələcəkdə artacaq.

Bank sahəsində çox yaxşı əməkdaşlıq və perspektivlər mövcuddur. Azərbaycanda VTB kimi iri Rusiya bankı fəaliyyət göstərir. Yeri gəlmişkən, Azərbaycan bu bankın ən iri xarici səhmdarıdır. Həmçinin “Qazprombank” nisbətən bu yaxınlarda Azərbaycanın 400 milyon dollardan artıq dəyəri olan iri sənaye layihəsini maliyyələşdirib. Yəni, bütün bunlar bizim əməkdaşlığımızın mühüm elementləridir.

Maşınqayırma bizim əməkdaşlığımızın nisbətən yeni sahəsidir. Azərbaycanda artıq “KamAZ”, “Ural” avtomobilləri buraxılır. Artıq yüzlərlə belə avtomobil konveyerlərdən düşürülüb. Eləcə də, bizim ölkəmizdə “QAZ” avtomobillərinin istehsalı haqqında razılıq əldə olunub. Yəni, biz bütün istiqamətlərdə çox səmərəli dinamika görürük və bütün bunlar bizim münasibətlərimizin ruhunu, xarakterini səciyyələndirir.

Əlbəttə ki, bizim münasibətlərimizin təməlində tarixi, mədəni əlaqələrimiz, xalqlarımızın yaxınlığı durur. Əlbəttə, biz birlikdə humanitar əlaqələrin inkişafı üzərində çox fəal işləyirik. Gələn ay Bakıda Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında növbəti Humanitar Forum keçiriləcək. Bu, beynəlxalq Forum artıq humanitar xarakterli məsələlərin, mədəniyyətlərarası dialoqun, konfessiyalararası münasibətlərin müzakirəsi üçün mühüm qlobal meydana çevrilib. Azərbaycanda tədrisin rus dilində aparıldığı 341 məktəb, Rusiyanın aparıcı ali təhsil ocaqları olan Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları fəaliyyət göstərir.

Həmçinin mədəniyyət sahəsində çox sıx qarşılıqlı fəaliyyət var. Burada Rusiya-Azərbaycan münasibətləri barədə çox danışmaq olar, sadəcə, bugünkü forumun formatına görə hamısını əhatə etmək mümkün deyil. Amma biz münasibətlərin gələcəkdə də fəal inkişafına istiqamətlənmişik. Həmçinin düşünürəm ki, bizim gələcək əməkdaşlığımız çərçivəsində gələn il üçün nəzərdə tutulan Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılması mühüm addım olacaq. Bu tarixi bina ötən əsrin ortalarında Azərbaycan pavilyonu olub, biz onu bərpa edirik. Düşünürəm ki, biz belə mühüm beynəlxalq sərgi meydanında iştirak edəcəyik və öz nailiyyətlərimizi nümayiş etdirəcəyik.

Rusiya regionları ilə də bizim çox sıx münasibətlərimiz mövcuddur. Rusiya Federasiyasının 20-yə yaxın subyektinin Azərbaycanla müvafiq razılaşmaları var. Bizim Rusiya regionlarında, eləcə də Rusiya regionlarının Azərbaycanda ticarət nümayəndəlikləri açılır.

Yəni, əminəm ki, regionlararası əməkdaşlıq ölkələrimizi birləşdirən bütün dost, mehriban qonşuluq münasibətləri kompleksini üzvi sürətdə tamamlayacaq.

Mən Prezident Vladimir Vladimiroviç Putinə bu gün Azərbaycanda olduğuna görə təşəkkürümü bildirmək istərdim. Bu, bizim üçün çox qiymətlidir. Biz buna dostluğun, ölkəmizə hörmətin əlaməti kimi baxırıq. Əlbəttə, sizin qarşınızda çıxış etməyimiz sizin apardığınız işin əhəmiyyətini nəzərə çarpdırır. Mən foruma uğurlar, ölkələrimizin və xalqlarımızın rifahı naminə gələcək nailiyyətlər arzulayıram. Sağ olun.

Prezident Vladimir Putinin 

çıxışı

– Hörmətli İlham Heydər oğlu.

Dostlar, xanımlar və cənablar.

Azərbaycan Prezidenti kimi, mən də bu gün belə mötəbər auditoriyaya bir neçə kəlmə demək imkanımız olduğu üçün məmnunluğumu ifadə etmək istəyirəm. Doqquzuncu regionlararası forum, əslində, onu göstərir ki, biz bütün bu illər ərzində nəinki hədər vaxt itirməmişik, biz fəal işləmişik, həm də bütün istiqamətlərdə. Bu da öz nəticələrini verir. Mən bəzi məsələləri təkrar edəcəyəm, bəzilərini əlavə olaraq xatırladacağam. Amma hər halda bu salonda həm elm, həm yaradıcı ziyalılar, həm biznes nümayəndələri, həm siyasətçilər toplaşıblar və bütün bunlar birlikdə yüksəlişə doğru yaxşı nəticələr verir.

Qeyd edim ki, regionlararası əlaqələr bizim dövlətlərarası münasibətlərimizin mühüm tərkib hissəsidir. Rusiya Federasiyasının təxminən 70 regionu Azərbaycanın regionları ilə sıx işləyir. Burada liderlər, sözsüz ki, Moskva vilayəti, Sankt-Peterburqdur, amma təkcə onlar yox, həm də Stavropol, Krasnodar diyarları, Həştərxan vilayəti, Nijeqorod, Çelyabinsk, Volqoqrad, Saratov, Sverdlovsk vilayətləri.

Bütövlükdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdən danışarkən qeyd etmək istərdim ki, dövlətlərimiz arasında münasibətlər, sözsüz ki, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Biz həmişə maraqlar balansı axtarırıq və onu tapırıq. Azərbaycan Prezidentinin indicə haqqında dediyi bu yaxınlardakı Soçi danışıqlarının gedişində, sözsüz ki, bizim dövlətlərarası əlaqələrimizin gələcək quruculuğu üçün əlavə normativ baza yaradan bir sıra sənədlər, razılaşmalar imzaladıq. Qeyd edim ki, indi Azərbaycan bazarında artıq Rusiyanın iştirakı ilə təxminən 700 birgə şirkət fəaliyyət göstərir. Birbaşa Rusiya sərmayələrinin ümumi həcmi isə bir milyard yarım dollardan çox təşkil edir. Qarşılıqlı, səmərəli biznes əlaqələrinin qurulmasına Rusiya-Azərbaycan İşgüzar Şurası böyük kömək göstərir. Təkcə ötən il bu şura ümumilikdə yarım milyard dollara yaxın məbləğdə dəyəri olan 42 birgə layihəni dəstəkləyib. Azərbaycanda Rusiyanın energetika korporasiyaları uğurla işləyirlər. Bu barədə artıq deyilib, “Rosneft” şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti ilə birgə yaxın vaxtlarda “Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq. “LUKoil” Azərbaycanın enerji layihələrinə 4 milyard dollara yaxın sərmayə qoyub. Bu barədə də burada deyildi. Bizim neftin nəqli üzrə gələcək inhisarımız olan “Transneft” Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəməri ilə ixracının etibarlı tranzitini təmin edir.

Biz maşınqayırma sahəsində kooperasiyanın dərinləşdirilməsi üçün yaxşı imkanlar görürük. Bu barədə də artıq bu gün danışılıb. “KamAZ” işləməyə başlayıb. Orada artıq texniki yığım və avtomobillərə xidmət həyata keçirilir. “Avtovaz” “Lada” avtomobillərinin satışı üzrə Azərbaycanın bütün regionlarında geniş pərakəndə şəbəkə yaradıb. Respublikada 40-dan çox şöbə yaradılıb. Öz növbəsində Azərbaycandan olan sərmayədarlar Rusiyada kənd təsərrüfatı obyektlərinin inşasında iştirak edirlər. Onların arasında, məsələn, Nijeqorod vilayətində istixana kompleksidir. Sərmayələrin həcmi milyard rubldan artıq təşkil edir. Eləcə də Krasnodar diyarında ərzaq məhsulları buraxılışı üzrə birgə müəssisəni misal çəkə bilərəm.

2017-ci ildə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya satışı demək olar 12 faiz artıb. Bu, yarım milyard dollarlıq ümumi həcmdir. Bizim tərəfdaşlarımız bu sahəyə yüksək maraq göstərirlər. 30-dan çox Azərbaycan şirkətinin sentyabrın 17-dən 20-dək Moskvada Beynəlxalq Ərzaq Sərgisində iştirakı buna sübutdur.

Rusiya və Azərbaycan birgə infrastruktur layihələri həyata keçirirlər. Məsələn, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması davam edir. Bu, Avropa və Asiya bazarlarını yaxınlaşdırmağa yönələn, İran, Azərbaycan və Rusiyadan keçən dəhlizdir. Bu miqyaslı, həqiqətən irimiqyaslı böyük iş, yaxud təşəbbüs çərçivəsində ölkələrimizin inşaatçıları Samur çayı üzərində sutkada 37 mindən çox maşın buraxmaq qabiliyyəti olan yeni körpü tikirlər.

Xəzər dənizinin statusu haqqında Konvensiya da bizim dövlətlərimiz arasında qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanlar açıb. Sözsüz ki, bu, irəliyə doğru gedən qərardır. Sözsüz, orada hamının işləməsi, tammiqyaslı implementasiyaya nail olmaq üçün çox iş görmək lazımdır. Amma artıq mövcud sənədlərin imzalanması Xəzər regionunda əməkdaşlıq üçün bizə yaxşı baza yaradır. Ümid edirik ki, Rusiya və Azərbaycan şirkətləri Xəzər regionunda perspektivli layihələrin reallaşdırılması ilə fəal məşğul olacaqlar. İlk növbədə, nəqliyyat, yük daşımaları, neft-qaz hasilatı, ekologiya və sözsüz ki, Xəzərin bioehtiyatlarının və biomüxtəlifliyinin qorunması sahəsində.

Turizm sahəsində ikitərəfli əlaqələr intensiv inkişaf edir. Yeri gəlmişkən, Azərbaycan sahibkarlarının sayəsində Yessentukidə sanator-kurort mərkəzi inşa edilib. Jeleznovodskda mehmanxana kompleksi ucaldılır. Həmçinin Xəzərdə birgə dəniz kruiz səyahətlərini inkişaf etdirməyi planlaşdırırıq.

Əlbəttə, Rusiya və Azərbaycan humanitar əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verirlər. Azərbaycan Prezidenti bu barədə indicə danışdı. İndicə səsləndiyi kimi, Bakıda bizim iki iri ali məktəbin – Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları fəaliyyət göstərir. Elmi və tələbə mübadilələri genişlənir. Rostovun Nəqliyyat Yolları Universiteti, Həştərxan Universiteti azərbaycanlı tərəfdaşlarla yüksək peşəkar kadrların hazırlanmasına dair proqramlar işləyib hazırlayırlar, ilk növbədə, iqtisadi ixtisaslar üzrə. Biz sözsüz ki, ölkələrimizin təhsil, mədəniyyət və elm sahələrində əlaqələrini gələcəkdə də hər cür stimullaşdırmaq niyyətindəyik. Xüsusilə qeyd edirəm, biz Prezidentlə Soçidə də bu haqda danışmışıq. Biz bunu görürük və biz bunu – Azərbaycanda rus dilinə marağı yüksək dəyərləndiririk. Həm də təkcə Azərbaycan vətəndaşlarının rus dilinə marağını yox, eyni zamanda, dövlət, şəhər bələdiyyələri tərəfindən köməyi yüksək dəyərləndiririk. Biz bütün bunların hamısını görürük. Prezidentin haqqında dediyi 300-dən çox məktəb, əlbəttə, bazadır, amma ən əsas baza insanların ürəyində, beyinlərindədir. Bu, əməkdaşlığa, əlaqələrin qorunmasına və inkişafına aşkar cəhd deməkdir.

Hörmətli dostlar və həmkarlar. Mən Rusiya və Azərbaycan regionlarının fəal iştirak etdiyi, ölkələrimizin qarşılıqlı fəaliyyətinin yalnız bəzi istiqamətlərinə toxundum. Əməkdaşlıq üçün imkanlar həqiqətən çox genişdir. Həm də regional səviyyədə bizim qarşılıqlı fəaliyyətimizin konkret istiqamətlərini, ilk növbədə, siz – bu salonda toplaşanlar və sizin yerlərdəki həmkarlarınız müəyyənləşdirir. Mən, sözsüz ki, sizə bu işdə hər cür uğurlar arzulamaq istəyirəm. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Forum işini plenar iclasda müzakirələrlə davam etdirib.