Energetika Nazirliyi: OPEC Katibliyi müddətsiz Xartiyanı ratifikasiya üçün Azərbaycana təqdim edib

Prezident İlham Əliyev Bakıda “Dinamo” otelinin açılışında iştirak edib
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Elmar Məmmədyarov Avropa İttifaqının rəhbərliyi ilə danışıqlar üçün Brüsselə gedir

Bu ilin iyulunda Vyanada keçirilən OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6-cı görüşündə qəbul olunan uzunmüddətli “Əməkdaşlıq Xartiyası”na Azərbaycan da qoşulub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.

Onun sözlərinə görə, Xartiyanın dövlətdaxili prosedurlardan keçməsi üçün OPEC Katibliyi tərəfindən təqdim olunub və hazırda baxılma mərhələsindədir.

O xatırladıb ki, Xartiyanın məqsədi OPEC+ formatının iştirakçı ölkələri arasında əməkdaşlığın davam etdirilməsi, eləcə də dünya iqtisadiyyatı, neft istehlakçıları və istehsalçılarının mənafeyi naminə neft bazarında sabitliyin təşviqi məqsədilə əlaqələndirmənin gücləndirilməsi üçün hökumətlərarası çərçivəni təsis etməkdir. Xartiya könüllü xarakter daşıyır və hər hansı bir hüquqi öhdəlik yaratmır. İstənilən iştirakçı ölkə Xartiyadan istədiyi vaxt çıxa bilər.

Qeyd edək ki, İraq, Oman və OPEC+ sazişində iştirak edən bir sıra digər ölkələr OPEC+ müddətsiz xartiyasını artıq ratifikasiya edib. Bu barədə jurnalistlərə OPEC-in Baş katibi Məhəmməd Barkindo bu gün Sinqapurda keçirilən Asiya-Sakit Okean Neft Konqresi çərçivəsində bildirib.

“Ratifikasiya hər bir ölkə üçün individual prosesdir. Ancaq bəzi ölkələr artıq bunu edib. Məsələn, Omanla İraq parlamentlərinin Xartiyanı artıq təsdiqlədiklərini söyləyib”, – o deyib.

Qeyd edək ki, 24 OPEC+ ölkəsi iyulda Vyanada keçirilən iclasda müddətsiz “Əməkdaşlıq Xartiyası” imzalayıb.

OPEC+ ölkələri 2017-ci ildən bəri hasilatı razılaşdırılmış şəkildə idarə edir. İyuldakı görüşdə onlar neft hasilatının 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən gündə 1,2 milyon barel azaldılması ilə bağlı sazişin müddətini uzadıb. İndi saziş 2020-ci il martın sonuna qədər qüvvədədir.

Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, hasilatın azaldılmasına dair sazişlərdə iştirak edən OPEC-in 11 ölkəsi iyul ayında bir sıra ölkələrin kvotaları da aşdığı üçün öhdəliklərini 119% yerinə yetirib. OPEC-ə daxil olmayan ölkələr də iyul ayında hasilatı 107% azaldaraq sazişə artıqlamasıyla əməl edib. Bu, əsasən Qazaxıstan və Azərbaycanın hesabına olub. Ümumilikdə OPEC+ ölkələri ilin əvvəlindən saziş üzrə planı 115% yerinə yetirib.

İyul ayında OPEC ölkələrində saziş üzrə plana əməl edilməsi 134%, qeyri-OPEC ölkələrində isə 133% təşkil edib.

Report.az