Erməni tərəfi söz verib ki, minalanmış bütün ərazilərin xəritəsini bizə verəcək

“Bölgədə əsl dialoq yalnız Azərbaycan torpaqlarının işğaldan xilas edilməsindən sonra başlaya bilər”
Azərbaycan ədliyyəsi uğurlu inkişaf yolundadır
Ekspertlər Vaşinqtonun Qəbələ RLS -dən istifadə imkanını istisna etmirlər

“İşğal altındakı 7 rayonun minalardan təmizlənməsinə 600 milyon-1 milyard dollar və azı 12 il vaxt lazımdır”

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılovun APA-ya müsahibəsi

– Bu il ANAMA-nın yaranmasının 10-cu ildönümü tamam olur. Ötən dövrdə ANAMA-nın fəaliyyətini necə qiymətləndirirsiniz? Agentlik 10 ildə nəyə nail olub?

– ANAMA bu günədək ölkənin müxtəlif ərazilərində 80 milyon kvadrat/metr ərazini mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləyib. Əməliyyatlar zamanı 378 mindən artıq mina və PHS tapılaraq zərərsizləşdirilib. İlk vaxtlarda hər il 30 nəfərlə 200-300 min kvadratmetr sahəni təmizlədiyimiz halda, hazırda 400 işçi ilə hər il 18-20 milyon kvadratmetr ərazini təmizləyə bilirik. Bu gün ANAMA EUCOM, Avropa Komissiyası, NATO və s. təşkilatlarla əməkdaşlıq edir. Hazırda əməliyyatlara 6 mexaniki minatəmizləyən maşın və 30-a yaxın it cəlb olunub. Son 3 ildə isə hökumət tərəfindən təsdiqlənmiş proqram əsasında işləyirik. Regionların sosial inkişaf proqramı çərçivəsində yerli icra hakimiyyətləri ilə birlikdə proqram hazırlayıb hökumətə təqdim etmişik. Bu proqram çərçivəsində ilbəil bizə büdcədən vəsait ayrılır.

– Bu il büdcədən ANAMA-ya nə qədər vəsait ayrılıb?

– 2009-cu ilin dövlət büdcəsində ANAMA üçün 7 milyon manat nəzərdə tutulub. Vəsaitin 500 min manatı Saloğlu layihəsinə yönəldiləcək. Gələn il də Saloğluda aparılacaq işlərə 500 min manat xərclənməsi nəzərdə tutulur. Qalan vəsait isə əməliyyatlara xərclənəcək. Bu il də vəsaitlərin əsas hissəsi yeni avadanlıqların alınması, mövcud avadanlıqların yenilənməsi, bazaların saxlanılması, partlayış anbarlarının saxlanılması, detektorların alınması və s. üçün istifadə olunacaq.

– Sovet ordusunun Azərbaycanı tərk edərkən partlatdığı bazaların, burada qoyub getdiyi sursatların ləğvində ANAMA hansı formada iştirak edir?

– Keçmiş poliqonlar, partladılmış sursat anbarları, ərazilərə səpələnmiş sursatlar bu gün Azərbaycan üçün ciddi problemlər yaradır. Hazırda Azərbaycanda bir neçə belə ərazi mövcuddur. Bunlardan ən böyüyü və təhlükəlisi “Saloğlu” bazasıdır. Ağstafadan başqa Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Güzdəkdə, Ceyrançöldə çoxlu sayda partlamamış sursatlar üzə çıxıb. Samux rayonunda sovet ordusundan qalma aviabombalar aşkarlanıb və orada 3 aylıq işimiz var.

– Azərbaycan ötən ilin noyabr ayında piyadalar əleyhinə minaların ləğvi istiqamətində gördüyü işlərə dair hesabatını BMT-yə təqdim edib. Bu sənəddə nələr əksini tapıb?

– Ottava Konvensiyasına qoşulmasa da, Azərbaycan bu gün Konvensiyanı ratifikasiya edən əksər dövlətlərdən fərqli olaraq real iş görüb. Məsələn, Türkiyə Konvensiyaya qoşulub, amma bir iş görmədiyinə görə tənqid olunur. Konvensiyaya qoşulan dövlətlər piyadalar əleyhinə minaların (PƏM) istehsalı, daşınması, yayılması və basdırılmasının qadağan olunması üzrə öhdəliklər götürür. Azərbaycan bu Konvensiyanın müddəalarını qəbul edir. Milli potensial yaradılıb, minatəmizləmə işlərinə başlanıb. Konvensiyanı imzalasaq, gərək cəbhə xəttindəki bütün PƏM-ləri çıxaraq. Bu da qoşunların təhlükəsizliyi baxımından doğru deyil. Yəqin sülh müqaviləsi imzalanandan dərhal sonra bu iş görüləcək. Biz ilk dəfə Ottava Konvensiyasının 7-ci maddəsinə uyğun olaraq hesabatımızı təqdim etdik. Bu hesabat BMT-də çox müsbət qarşılandı. Hesabatda göstərilir ki, Azərbaycan PƏM istehsalını, ölkə ərazisindən daşınmasını, həmçinin yeni ərazilərə basdırılmasını qadağan edib. Sənəddə Azərbaycanda nə qədər mina tapıldığı və məhv edildiyi də qeyd olunub.

– Cənubi Qafqaz və ya MDB-dən belə bir hesabat təqdim edən dövlət varmı?

– Ottava Konvensiyasına nə MDB ölkələri, nə də qonşu ölkələrdən İran qoşulmayıb. Azərbaycan MDB-dən ilk ölkədir ki, Konvensiyaya qoşulmadığı halda hesabat təqdim edir.

– Ottava Konvensiyasını imzalamayan ölkələrə donorlar vəsait ayırmır. Bu, ANAMA-nın fəaliyyətində hansısa çətinlik yaratmır ki?

– Biz çox çətinliklə 5 ildir əməliyyatların maliyyələşdirilməsini təmin edirik. Danışıqlar müsbət nəticə verərsə, erməni tərəfi söz verib ki minalanmış bütün ərazilərin xəritəsini bizə verəcək. Dünya Bankı ilə apardığımız hesablamalara görə, işğal altındakı 7 rayonda təmizləmə işlərinə 600 milyon – 1 milyard dollar vəsait və ən azı 12 il vaxt lazımdır. Bu vəsaitin bir hissəsini dövlət ödəyəcək. Digər hissəsi kreditlər və yardımlar hesabına həyata keçirilməlidir. Belə olan halda donorları cəlb etmək üçün sülh müqaviləsi imzalanan kimi dərhal Ottava Konvensiyasına qoşulacağıq.

– Rusiyanın Ermənistana verdiyi silah-sursatın arasında 15 tondan artıq mina da var. ANAMA Ermənistanın arsenalındakı piyadalar əleyhinə minaları artırmasını beynəlxalq təşkilatların diqqətinə çatdırmağı planlaşdırırmı?

– Azərbaycanın iddialarına baxmayaraq, Rusiya Ermənistana silah ötürülməsi faktını təsdiq etmir. Hələ danışıqlar, araşdırmalar gedir. Əgər faktla bağlı Azərbaycan hökumətindən hər hansı konkret göstəriş daxil olarsa, öz kanallarımız vasitəsilə bunu müvafiq təşkilatlara çatdıracağıq. Bu da ermənilər üçün çox böyük zərbə olacaq.

– Bu il yeni avadanlıqların və texnikaların alınması nəzərdə tutulurmu?

– İstifadə etdiyimiz əsas detektorları Almaniyadan, minatəmizləyən maşınları isə Slovakiyadan alırıq. Hazırda istifadə etdiyimiz “Bozena-4” və “Bozena-5” markalı maşınlar “Way İndustry” firmasının istehsalıdır. Bu maşınlar Azərbaycan şəraitində əməliyyatlara uyğundur. Cari ildə minatəmizləyən maşınların alınması nəzərdə tutulmur. Bundan başqa, 30 itimiz var və 6 itimiz bir ay əvvəl əməliyyatlardan çıxarılıb. Onların yerinə Bosniyadan əlavə olaraq 4 it alınmasına dair müqavilə imzalamışıq. Detektorlarımızı dəyişdirəcəyik. Onu da qeyd edim ki, Almaniya istehsalı olan maşınlar baha olduğundan ambulans maşınları Rusiyadan, sursatları daşıyan avtomobilləri isə Koreya və Yaponiyadan alırıq. Bizdə həmçinin minalı ərazilərə daxil olmaq üçün İsraildən alınmış xüsusi geyim-çəkmələr mövcuddur. İstehkamçı həmin geyimlə təhlükəli əraziyə daxil ola bilir.

– Minaxataranların hazırlanması necə həyata keçirilir?

– Minaaxtaranlar ANAMA-nın öz bazalarında hazırlanır. Onlar xüsusi seçimdən keçir, bir il yardımçı kimi işlədikdən sonra əməliyyatlara cəlb olunurlar. Minaaxtaranların peşəkarlığını yoxlamaq üçün yeni simulyasiya vasitələrindən, o cümlədən D-MİNE sistemindən istifadə edirik. İstifadə etdiyimiz simulyasiya vasitələri arasında ən təkmili və qabaqcılı D-MİNE sistemidir. Bundan başqa, bizim özümüzün də xüsusi yoxlanış sistemimiz var. Bir minaaxtaranın hazırlanması (geyimi, sığortası və bir illik təlim dövründə maaşı) 10 min manata başa gəlir.

– Minaaxtaranların hazırlanması üçün Regional Tədris Mərkəzinin yaradılması təklifini irəli sürmüşdünüz. Bu sahədə hansı yeniliklər var?

– Bu təklif hələ də müzakirə olunur. Belə bir beynəlxalq statuslu mərkəzin yaradılması təkcə Azərbaycanın razılığından asılı deyil, digər ölkələr və beynəlxalq təşkilatlar da razılıq verməlidir. Bir sıra ölkələrdə, məsələn, Xorvatiya, Sloveniya və İordaniyada belə mərkəzlər var. Rəqabət gedir və onlar bizim bu addımımıza qısqanclıqla yanaşır, bunu istəmirlər. İndiyədək Tacikistan, Çeçenistan, Albaniya, Qaraçay-Çərkəz və Mozambikdən minaaxtaranlar gəlib ANAMA-nın bazalarında treninq keçiblər. Layihəmiz reallaşarsa, bu, postsovet ölkələrində ilk belə mərkəz olacaq. Fikrimcə, bizim mərkəzlərdə MDB dövlətləri ilə yanaşı İran, Əfqanıstan kimi ölkələrdən də mütəxəssislər təlim keçə biləcəklər. /APA/