Ermənilərin “Böyük Ermənistan” xülyası və reallıqlar

Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri

XIX əsrin əvvəllərindən başlayaraq ermənilər kütləvi şəkildə Qafqazda məskunlaşdırıldı. Qondarma “Böyük Ermənistan” ideyasının gerçəkləşdirilməsi yolunda onların atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətillər və soyqırım aktları ilə müşayiət olunub. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dəfələrlə təkrarlandı.

Onlar nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaşmaq və     aborigen xalq olduqlarını təsdiqləməyə çalışırdılar. Bu mənfur niyyətin reallaşdırılmasına çalışan ermənilər azərbaycanlıları kütləvi soyqırımlar, qanlı talanlar və deportasiyaya məruz qoydu. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi amansız, dəhşətli cinayətlər öz miqyası və icra üsulları ilə ağlasığmazdır.

Təəssüf ki, dünya ictimaiyyəti ermənilərin törətdikləri qırğınlar haqqında vaxtında və yetərincə məlumatlandırılmayıb. Adətən ermənilər bu hadisələr barədə susmağa üstünlük verirlər. Lakin mütəmadi olaraq mediada öz əksini tapan xəbərlərdə bu amansız cinayətlər ermənilərin öz etirafları ilə təsdiq olunur. Məsələn, Ermənistanın “Epress” saytı 1988-ci ilin noyabrında erməni quldur dəstələrinin Quqark rayonunda azərbaycanlıların kütləvi qətlə yetirilmələri barədə material dərc edib. Həmin məqalədə jurnalist Mane Papyanın 1988-ci ildə rayonda baş vermiş hadisələri şərh etməsi hamını şoka saldı. Hərçənd Ermənistan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general Usik Arutunyan bildirib ki, 1988-1989-cu illərdə Ermənistanda 25 azərbaycanlı milli münaqişə zəminində ermənilər tərəfindən öldürülüb və onlardan 11-i birbaşa Quqark rayonunda həlak olub. Məqalədə qeyd olunur ki, Şaumyan sakini Stepan Ayvazyanın bildirdiyinə görə, kənddə qalmış azərbaycanlılar Kirovakandan gəlmiş ermənilər tərəfindən öldürülüb, yandırılıb. Meyitlərin yandırılmasında aydın bir məqsəd olub – ölənlərin tanınmaması. Məktəbin direktor müavini Rima Sarqsyan xatırlayıb ki, azərbaycanlılardan biri qaçıb məktəbə giribmiş, ermənilər onu tutaraq yandırıblar…

Bu kimi erməni etirafları yüzlərlə, minlərlə azərbaycanlılara qarşı edilən vəhşilikləri, amansızlıqları sübut edir. Bizim üzərimizə düşən əsas missiya bu faktları dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

Ermənistan bu gün də heç bir çağırışa, beynəlxalq təşkilatların tövsiyələrinə məhəl qoymur. Azərbaycan torpaqlarını işğal altında saxlayan və mütəmadi olaraq atəşkəs rejimini pozan Ermənistan əslində dünya birliyinə meydan oxuyur.

Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunu və hərbi işğal faktını davam etdirir. Həmişə də atəşkəs rejiminin pozulmasının və vəziyyətin gərginləşdirilməsinin səbəbkarı Ermənistan tərəfidir.

Bu gün Ermənistanda hökm sürən özbaşnalıq və siyasi anarxiya, dövlətin həm siyasi, həm də iqtisadi baxımdan çətin vəziyyətdə olması atəşkəsin pozulmasında da öz əksini tapır. Məlumdur ki, bu gün erməni tərəfinin atəşkəsə əməl etməsində hər şey heç də rəsmi İrəvanın iradəsindən asılı deyil. İşğal olunmuş ərazilərdə erməni hərbi birləşmələrinin müəyyən qismi hələ də Paşinyana rəqib olan Dağlıq Qarabağ klanının təsiri altındadır. Qarabağda erməni hərbi qüvvələrinin 70 faizə yaxını Ermənistan silahlı qüvvələrindən ibarət olsa da komandanlığın müəyyən hissələrində hələ də Dağlıq Qarabağ klanının təsiri yetərincədir.

Paşinyanın daxildə öz mövqeyini gücləndirə bilmədiyi halda, Azərbaycana meydan oxuması və populist bəyanatlarla çıxış etməsi gülüş doğurur. Bu gün Ermənistanın qarşısında güclü Azərbaycan ordusu dayanıb. Nüfuzlu hərbi ekspertlərin də bəyan etdiyi kimi, Azərbaycanın Silahlı Qüvvələri Qafqazın ən qüdrətli ordusudur. Güman edirik ki, Ermənistan hökuməti 2016-cı il aprel döyüşlərində Azərbaycan Ordusunun nümayiş etdirdiyi hərbi hazırlığı və döyüş qabiliyyətindən nəticə çıxaracaq və siyasi kursunda təshihlər edəcək. Yeni bir döyüş əməliyyatı Ermənistan üçün fəlakətə bərabər olar.

 

Dəyanət Musayev
p.ü.f.d., AVCİYA-nın vitse-prezidenti