“Euronews” Azərbaycan xalçalarından bəhs edən süjet yayımlayıb

OPEC: “Azərbaycan möhkəm əlaqələr olan tərəfdaşlardan biridir”
Ölkəmiz İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
Vyanada Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşü keçirilir

“Euronews” telekanalında Azərbaycan xalçalarına həsr edilən videosüjet yayımlanıb.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan. Xalçanın qəlbi” adlı süjetdə ölkəmizdə xalçaçılığın qədim və zəngin tarixindən, bu tətbiqi sənət növünün özəlliklərindən danışılır.

Həmçinin süjetdə dünyada ilk xalça muzeyinin 2014-cü ildə məhz Azərbaycanda yaradıldığı, muzeyin orijinal üslubda – xalça formasında olduğu vurğulanır. Bu muzeydə 5 minə yaxın eksponat yer alır. Zallarda isə xalçaların təbii rənglərinə xələl gəlməsin deyə, lazımi hərarət və işıq səviyyəsi həmişə qorunur. Hər bir xalçanın ayrı tarixi var və onu toxuyanın xasiyyəti, əhvalı, ovqatı həmin xalçada əks olunur.

Muzeyin tərtibatının çox maraqlı olduğunu deyən müəllif bildirir ki, ziyarətçi sanki tədricən bu sənətin sirlərinin açıldığı, onu yaradan xalqın və daha əvvəlki nəsillərin mənəvi dünyasını özündə birləşdirən başqa bir aləmə düşür. Bu sənəti qadınlar bir nəsildən başqa nəslə ötürüblər. Azərbaycan həmişə xalçaları ilə fəxr edib. Azərbaycan xalçalarının əksini 1915-1916-cı illərdə yaşayıb-yaratmış bir çox avropalı rəssamların işində görmək olar.

Əlavə edilir ki, 2010-cu ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən Azərbaycan xalçaları Ağ Ev, Ermitaj və Vatikanda da qorunub saxlanılır.