HACIYEV Etibar Firudin oğlu

ASLANOV Şikar Davud oğlu
ƏLİYEV Vasili Əhməd oğlu
QUBADOV Arif Vəliş oğlu
(5.4.1971, Qərbi Azərbaycanın Vardenis r-nunun Zod k. – 15.6.1992, Goranboy r-nunun Ağcakənd k.) – Azərbaycanın Milli Qəhrəmanı (23.6.1992, ölümündən sonra).

5 aprel 1971-ci ilda Qərbi Azərbaycanın Vardenis rayonunun Zod kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər 1988-ci ildə azərbaycanlıları öz dədə-baba yurdlarından qovduğu zaman Etibar ailəsi ilə birlikdə Kəlbəcər rayonuna pənah gətirmişdir. O, 1989-cu il iyun ayının 13-də hərbi xidmətə çağırılmışdır. Perm vilayətində hərbi xidmətini başa vurduqdan sonra ailəsinin məskunlaşdığı Göygöl rayonuna gəlir. Öz dədə-baba yurdlarından zorla qovulması onda ermənilərə qarşı dərin nifrət hissi oyatmışdı. Hər zaman mənfur düşməndən qisas almaq barədə düşünürdü.
1992-ci ilin oktyabr ayı idi. Qarabağda və sərhəd bölgələrində olduğu kimi Goranboy ərazilərində də erməni yaraqlıları bir-birinin ardınca qanlı cinayətlər törədir, ev-eşikləri xarabağlığa çevrirdi. Belə bir çətin məqamda qeyrətli Vətən oğulları silaha sarılaraq cəbhəyə yollanırdılar. Təbii ki, Vətənin dar günündə Etibar Hacıyev də evdə rahat otura bilməzdi. O, könüllü olaraq özünümüdafiə taboruna yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. O, bir çox döyüşlərdə rəşadətlə vuruşur; Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndlərinin düşmən tapdağından azad edilməsində xüsusi fədakarlıq göstərir.
1992-ci ilin baharı… Döyüşçülərimizin son günlərdə qazandığı uğurlar erməni yaraqlılarını çaş-baş salmışdı. Axşamdan xeyli keçmişdi. Əsgərlər növbəti hücum əməliyyatına hazırlaşırdı. Bunun üçün kəşfiyyata gedib ermənilərin yerini dəqiq öyrənmək lazım gəlirdi. Etibar özüylə iki döyüşçü götürüb kəşfiyyata yollanır. Tapşırıq uğurla başa çatır. Bir neçə saatdan sonra onlar «dillə» geri qayıdırlar. Məhz onların sayəsində «Çəpərqaya» postu düşməndən təmizlənir.
1992-ci il iyun ayının 15-də Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Göygöl rayonunda Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Göygöl rayonunun Yeni Zod kəndindəki küçələrdən biri onun adını daşıyır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 104-105