Heydər Əliyev Sarayında yerli caz ifaçılarının konserti olub

Oktyabrın 26-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konserti olub.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən tanınmış jurnalist Rahib Azəri caz sənətinin tarixi və Azərbaycanda inkişafından söhbət açıb. Qeyd edib ki, ötən əsrin 20-ci illərində ABŞ-da yaranmış bu musiqi janrı bir neçə il sonra Azərbaycanda da cazsevərləri ətrafına toplayıb.

“jAzzeri Muğam Bands” adlı musiqi axşamında Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov və “Savab” caz qrupu, Əməkdar Artist Mircavad Cəfərov və “Cəngi” estrada folklor qrupu, Rəşad Haşımov və “Rast” qrupu, Arslan Növrəsli (tar), Səbinə Babayeva, Şəhriyar İmanov (tar), habelə Elvin Bəşirov, Nicat Aslanov, Afşin Əlizadə öz kvartetləri ilə sənətsevərlərin görüşünə gəliblər. Onlar öz repertuarları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini də səsləndiriblər.

Konsert alqışlarla qarşılanıb.