HÜSEYNOV Vüqar Tofiq oğlu

ƏSƏDOV Malik Hamil oğlu
SƏLİMOV Araz Bahadır oğlu
HÜSEYNOV Sadıq Dayandur oğlu

(20.6.1969, Cəbrayıl r-nunun Daşkəsən  k. – 20.7.1991, Goranboy r-nunun Buzluq k.) – Azərbaycanın Milli Qəhrəmanı (6.6.1992, ölümündən sonra).

20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində dünyaya göz açmışdır. 1976-cı ildə burada məktəbə getmiş və 1986-cı ildə onuncu sinfi bitirmişdir. Sonra Bakıda 14 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş, elektrik qaynaqçısı ixtisasına yiyələnmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. O, daxili qoşunlarda xidmət etmişdir. Hərbi xidmət dövründə çavuş rütbəsi almışdır. 1989-cu ildə  hərbi xidmətini başa vuraraq, Binəqədi Neft və Qazçıxarma İdarəsində elektrik qaynaqçısı kimi əmək fəaliyyntinə başlamışdır.
O, erməni qəsbkarlarının törətdikləri qatı cinayətlərə dözə bilmirdi. Ona görə də, 1990-cı ilin oktyabrında Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstəsinə yazıldı. Xocalıda, Çaykənddə rəşadətlə vuruşdu, Goranboy rayonunun bir sıra kəndlərinin erməni işğalçılarından azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin tapılmasında onun da xidməti olmuşdur.
1991-ci il… İyulun 20-i… Ermənilər böyük qüvvə ilə Goranboy rayonunun Buzluq kəndinə hücuma keçmişdilər. Vüqar Hüseynov döyüş yoldaşları ilə birlikdə sinəsini sipər elədi, düşmən geri çəkilməyə məcbur oldu. Bu, Vüqarın son döyüşü idi… O, qəhrəmancasına həlak oldu.
SSRİ rəhbərliyi tərəfindən Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra “Qırmızı ulduz” ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Subay idi.
Doğulduğu Daşkəsən kəndində dəfn edilmişdir.
Oxuduğu kənd orta məktəbi onun adını daşıyır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 129