İSMAYILOV İnqilab Ələkbər oğlu

SƏFƏROV Sərdar Mədət oğlu
QƏDİMƏLİYEV Arif Maasif oğlu
MUSAYEV Fəxrəddin Musa oğlu

(24.2.1962, Xocalı ş. – 12.6.1992, Ağdam r.) – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992, ölümündən sonra).

1979 ildə orta məktəbi bitirib. 1981 ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətdə olduğu dövrdə gizirlik məktəbini bitirib. 1984 ildə Xocalıya qayıtdıqdan sonra, sovxozda traktorçu işləyib. 1988 ildən erməni quldurları azərbaycanlılara qarşı tez-tez təxribatlar törədib, hər vəchlə onları yurd-yuvalarından sıxışdırıb çıxarmağa çalışanda, İ.İsmayılov da digər gənclərlə birlikdə Xocalının keşiyini çəkirdi. Hər tərəfdən mühasirəyə alınmış Xocalıdan uşaq, qadın və qocaların çıxarılması şəhərdən çıxarılması işində böyük yardım göstərib. 1992 il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni quldurları ilə Rusiyanın 366-cı motoatıcı alayı birləşərək tarixdə misli görünməmiş soyqırımı törədəndə İ.İasmayılov yoldaşları ilə birlikdə vuruşa-vuruşa sağ qalmış camaatın bir hissəsini düşmən mühasirəsindən çıxara bilib. Ailəsini Oğuz rayonunda yerləşdirib, yenidən cəbhə xəttinə dönüb və fəaliyyətini Ağdam rayon Polis Şöbəsinin post-patrul xidməti alayında davam etdirib. Düşmən 1992 il 12 iyunda böyük qüvvə ilə Daşbaşı yüksəkliyinə hücum edəndə İ.İsmayılov və yoldaşları hücumun qarşısını məharətlə alıb və düşmənin 6 postunu sıradan çıxarıblar. İnqilab bu döyüşdə qələbəni öz qanıyla yazdı. Cəbhə dostları nə qədər cəhd etsələr də, onun cəsədini döyüş meydanından çıxara bilmədilər. Ailəli idi. Üç övladı yadigar qalıb. Bakının Xətai rayonundakı küçələrdən biri onun adını daşıyır. Həmin küçədə xatirə lövhəsi vurulub.

Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 145-146

***

Qardaşı Arif İsmayılovun dediklərindən:
“Atamın bəzi xüsusiyyətlərini İnqilabda görürdüm. Yaşıllığı çox sevirdi. Ağac əkmək onun sevimli məşğuliyəti idi. Meşədə cır meyvə ağaclarının budaqlarını gətirib həyətimizdəki ağaclara calayırdı. Bununla zövq alırdı. İdmanı da çox sevirdi. Yeniyetmə çağlarında qəhrəmanlıq filmlərinə baxanda özünü həmin qəhrəmana oxşatmağa çalışırdı. Faciədə çox böyk zülmlərlə qarşılaşdıq. Ermənilərin hücumu getdikcə artırdı. Onların ixtiyarında güclü artilleriya var idi. Demək olar ki, sona biz qalmışdıq. Yaralıları daşımağa belə heyimiz qalmamışdı. İnqilab çətin məqamlarda belə çarə tapmağı bacarırdı. Yolları yaxşı tanıdığına görə yaralıları çətinliklə də olsa Ağdama gətirib çıxara bildik. Yazıq, məzlum millətin başına nələr gətirdilər, onu bir Allah bilir…”

Əd.: “Xocalı yaddaşı”, Bakı, 2017, s. 125