“Kappelhaus”da qaçqınlara və miqrantlara həsr olunmuş sərgi açılıb

“23 aylıq yol 23 müsahibədə” kitabının təqdimatı olub
Energetika Nazirliyi: OPEC Katibliyi müddətsiz Xartiyanı ratifikasiya üçün Azərbaycana təqdim edib
Polad Bülbüloğlu: “Böyük Vətən Müharibəsindəki qələbə ümumi qələbədir”

Sentyabrın 22-də “Kappelhaus” Almaniya-Azərbaycan Mədəniyyət Cəmiyyətində “Jerikonun gəmi qəzasına qayıdış. Qaçqınlar və miqrantlar haqqında” sərgisinin açılışı olub. Layihənin müəllifi Bakıdakı Höte İnstitutudur (“Goethe-Zentrum Baku”). AZƏRTAC xəbər verir ki, sərgi bədii vasitələrin köməyi və problemə poetik yanaşma tərzi əsasında miqrasiya mövzusunu təfərrüatı ilə təqdim edir. Beləliklə, qaçqınlar öz fərdi hekayələrinə qayıdır, adətən aid edildikləri anonim kütlədən ayrılır.

Braziliyalı rəssam Arcan Martinsin əsərlərində Atlantik okeanında quldarlıq marşrutlarının tarixinə nəzər salınır. Sitarə İbrahimovanın “Dondurulmuş münaqişə” foto-sənədli layihəsi Dağlıq Qarabağ münaqişəsinin gərgin vaxtlarında Kərkənc və Qızıl Şəfəq kəndləri sakinlərinin sülh yolu ilə evlərini dəyişməsinin tarixçəsinə həsr olunub. Rəssamlar Adad Xanna (Kanada) və Marsel Odenbaxın (Almaniya) videomateriallarında Teodor Jerikounun məşhur “Meduzanın salı” əsərinə istinad edilir. Bu tabloda fransız hərbi-dəniz freqatının indiki Mavritaniya sahillərində qəzaya uğramasından sonrakı anlar təsvir olunub. Seneqallı Ömər Viktor Diopanın fotoportretləri Afrika və Şimali Amerikada azadlıq hərəkatının tarixinə həsr olunub.

Sərgi noyabrın 18-dək davam edəcək.