«Laçın qədim Azərbaycan diyarıdır»

Aİ-yə verilən Nobel sülh mükafatı ilə yalnız o zaman fəxr edə bilərik ki, Dağlıq Qarabağ problemi tezliklə həll olunsun
“332 onlayn” saytında “Azərbaycan vətəndaşları Sərsəng su anbarı ilə bağlı Avropa İttifaqının tədbir görməsi üçün müraciətlər edirlər” sərlövhəli məqalə dərc olunmuşdur
Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib

14 may 2010-cu il tarixdə «Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» (AMMKHM İB) və «Azərbaycan İşğal Olunmuş Ərazilərinin Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilati» İctimai Birliklərinin «Laçın qədim Azərbaycan diyarıdır» mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbiri giriş sözü ilə açan AMMKHM İB-nin sədri professor Nadir Abdullayev soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etmişdir. Professor xatırlatmışdır ki, Şuşanı işğal etdikdən sonra Ermənistan hərbi birləşmələri 18 il bundan əvvəl – 1992-ci il mayın 18-də Laçın rayonunu zəbt etmişlər. Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə dəhlizi kimi istifadə olynan bu qədim Azərbaycan bölgəsində işğaldan keçən müddət ərzində azərbaycanlılara aid olan, o cümlədən tarixi özündə əks etdirən hər şey yer məhv edilmiş və buraya minlərlə erməni ailəsi köçürülərək məskunlaşdırılmışdır.
Elan olunmamış Ermənistan-Azərbaycan müharibəsi Laçın rayonuna, eyni zamanda respublikaya ciddi maddi-mənəvi ziyan vurmuşdur. Rayon uğrunda gedən döyüşlər zamanı 262 nəfər həlak olmuş, onlarla insan yaralanmış, 100 nəfər itkin düşmüş, 36 nəfər əsir və girov götürülmüş, 871 uşaq yetim qalmışdır. Laçının 1885 kvadrat kilometr sahəyə malik 1 şəhər, 1 qəsəbə və 125 kəndində müharibəyə qədər 63 000 adam yaşamış, ərazisinin 34877 hektarını nadir ağac növləri ilə zəngin meşələr tuturdu. İşğal müddətində 30 mindən artıq fərdi tikinti, 142 inzibati bina, 48 sənaye, 61 kənd təsərrüfatı obyekti, 152 təhsil, 142 səhiyyə, 247 mədəni-maarif müəssisələri və kinoteatr, 4 muzey, 25 abidə, onlarla qəbiristanlıq və dini sitayiş obyekti, 450 ticarət məntəqəsi, 2130 kilometrlik avtomobil yolu, 92 körpü, 1187 kilometrlik su, 2136 kilometrlik elektrik, 10200 kilometrlik radio və telefon, 498 kilometrlik qaz xəttləri, 20 müalicəvi su mənbəyi, mərmər, əhəng, bülöv daşı, qızıl, uran yataqları və sair faydalı qazıntılar mənimsənilmiş, saysız-hesabsız tarixi və mədəni abidələr dağıdılmış, əhalinin şəxsi mal-mülkü, həmçinin ictimai təsərrüfatların böyük miqdarda varidatı talan edilmişdir. Bu dağıdılma və talan nəticəsində Laçın rayonuna 7 099 526 500 dollar məbləğində ziyan dəymişdir.
Sonra məruzə üçün söz «Azərbaycan İşğal Olunmuş Ərazilərinin Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilati» İctimai Birliyinin sədri Faiq İsmayılova verilmişdir. O, öz çıxışında, Laçından olan son görüntüləri müqayisəli şəkildə şərhini verərək, ermənilərin işğal olunmuş torpaqlarımızda abidələrin süni şəkildə erməniləşdirilməsi, saxtalaşdırılması haqqında danışmışdır. F.İsmayılov çıxışında qeyd etmişdir ki, işğalçı Ermənistan tərəfi müvafiq beynəlxalq sənədlərə məhəl qoymadan Azərbaycanın ərazi bütövlüyünü pozmaqla ələ keçirdiyi Laçın rayonunda qanunsuz şəkildə erməni əhalisinin məskunlaşdırılması işini həyata keçirir, yaşayış məntəqələrini erməni üslubunda yenidən qurur, hətta Laçın rayonunu adını Kaşatağa, şəhərinkini isə Berdzora adlandırmışdır.
Tədbirdə Ombudsman Aparatının elmi-analitik sektorunun baş məsləhətçisi Müqalib Mahmudov, Xocalı soyqırımını tanıtma İB-nin həmtəsisçısi Şamil Sabiroğlu, Fizuli RİH-nin rəsmisi Azər Hətəmov, Türkiyə səfirliyinin nümayəndəsi Qazi Bilgin, AVCİYA-nın rəsmisi, tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı, “Voice of Karabakh” qəzetinin redaktoru Qədir Nəsirov, ADPU-nun müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Taleh Cəfərov, Laçın ziyalıları Allahyar və Xəlil Vəliyev, Qarabağ harayı İctimai Birliyinin sədri Aygün İbrahimova, Laçın RİH-nin nümayəndəsi Akif Hüseynov və başqaları mövzu ətrafında çıxış edərək, işğaldan 18 il keçməsinə baxmayaraq hələ də torpaqlarımızın işğal altında olmasını qeyd edərək, əməli işlərin görülməsinin vacib olduğunu bildirmişlər.
«Laçın qədim Azərbaycan diyarıdır» mövzusunda Dəyirmi Masanın iştirakçıları BMT Təhlükəsizlik Şurasına, Avropa Şurası Parlament Assambleyasına, ATƏT-in fəaliyyətdə olan sədrinə, Аvropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Dünya Ölkələrinin Parlamentlərinə və Hökümətlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar institutuna, Asiya Ombudsman Assosiasiyasına, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə başçılarına müraciət edərək onları Ermənistanı öz işğalçı silahlı qüvvələrini Laçın rayonundan, həmçinin Azərbaycanın Dağlıq Qarabağından, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarından qeyd-şərtsiz çıxarmağa, ölkənin maddi-mənəvi sərvətlərinin talanına, tarixi və mədəni irsin məhvinə yönəlmiş siyasətinə son qoymağa məcbur etməyə çağırıblar.

Dəyanət Musayev,
«Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi» İctimai Birliyinin icraçı direktoru