MƏMMƏDOV Aqil Səməd oğlu

ƏLİYEV Yavər Yaqub oğlu
ATAKİŞİYEV Aslan Qabil oğlu
ƏSƏDOV Rəfael Əvəz oğlu

MƏMMƏDOV Aqil Səməd oğlu (30.7.1969, Qubadlı r. – 7.8.1992, Laçın r.) – Azərbaycanın Milli Qəhrəmanı (5.2.1993, ölümündən sonra).

30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açmışdır. 1984-cü ildə Qubadlı rayonunda 2 saylı natamam orta məktəbi bitirdikdən sonra, təhsilini 126 saylı Xanlıq texniki-peşə məktəbində davam etdirmişdir. O, Füzuli şəhərində sürücülük peşəsinə də yiyələnmişdir. Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlamışdır. 1987-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1988-ci ildə Orenburq vilayətində xidmətini yarımçıq qoyaraq doğma yurda qayıtmışdır. Aqil Məmmədov Qubadlı rayon özünümüdafiə taboruna qoşulmuşdur. Ermənistanla sərhəd kəndlərin müdafıəsində əfsanəvi qəhrəmanlıqlar göstərmiş “Qaranquş” kəşfiyyat dəstəsinin məğlubedilməz və ələkeçməz döyüşçüsü kimi tanınmışdır. O, dəfələrlə cəsur kəşfıyyatçı yoldaşları ilə birlikdə Ermənistanın Qafan və Gorus rayonlarına keçərək, çoxlu hərbi girovla geri qayıtmışdır. 1992-ci il iyun ayında dörd nəfər laçınlının girov aparılması onu hədsiz dərəcədə hiddətləndirir. O, girovları geri qaytarmaq üçün öz dəstəsi ilə əməliyyata başlayır. Bir neçə saatdan sonra bir erməni zabitini ələ keçirərək rayon mərkəzinə gətirirlər. Elə həmin gün ermənilər dörd laçınlını erməni zabiti ilə dəyişməyə məcbur olurlar. O, dəfələrlə belə şücaətlər göstərmiş və hərbi hissədə ad-san qazanmışdı. 1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyinə hücum edilməli idi. Hər şey kəşfıyyatçılardan asılı idi. Aqil öz dəstəsi ilə tapşırığı müvəffəqiyyətlə yerinə yetirib geri dönərkən, gözlənilmədən mühasirəyə düşür. O, öz dəstəsini bu çətin vəziyyətdən çıxarmaq üçün müxtəlif yollar düşünür. Onlar düşmənin xeyli canlı qüvvəsini məhv edərək, mühasirəni cəsarətlə yarırlar. O, döyüş dostlarına arxa tərəfın minalandığını bildirir. Amma bir qədər irəli getdikdən sonra özü minaya düşərək ağır yaralanır. Yoldaşları onu təhlükəli yerdən çıxarmağa çalışırlar. Lakin çoxlu qan itirdiyinə görə onun həyatını xilas etmək mümkün olmur.

Evli idi. Bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Aqil Səməd oğlu Məmmədova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Qubadlı rayonundakı Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Təhsil aldığı 2 saylı orta məktəb onun adını daşıyır. Hazırda bu məktəb Sumqayıt şəhərində fəaliyyət göstərir. Qubadlıda və Gəncədə adına küçələr var.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 191