MƏMMƏDOV Elşad Ramiz oğlu

MÜSLÜMOV Valeh Əlizaid oğlu
RƏHİMOV Koroğlu İsmayıl oğlu
HƏMİDOV Şükür Nəriman oğlu

MƏMMƏDOV Elşad Ramiz oğlu (14.2.1975, Göygöl (keçmiş Xanlar) r-nunun Haçaqaya k. – 17.3.1995, Bakı ş.) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995, ölümündən sonra).

 14 fevral 1975-ci ildə Göygöl (keçmiş Xanlar) rayonunun Haçaqaya kəndində dünyaya göz açmışdır. 1990-cı ildə kənd natamam orta məktəbini bitirdikdən sonra, 99 saylı Göygöl rayon texniki-peşə məktəbində təhsilini davam etdirmişdir.

1993-cü ilin avqust ayında Göygöl rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılaraq, 6 ay hərbi təlim keçir. Sonra isə Qarabağa – döyüş bölgələrinə yollanır. İlk döyüşü Tərtər bölgəsindən başlayır. Ağdərə ərazisinin düşməndən təmizlənməsi uğrunda gedən qanlı döyüşlərdə rəşadətlə vuruşur. E.Məmmədovun son döyüşü isə 1995-ci ilin mart ayında olur. Bakının 8-ci kilometr qəsəbəsində cəmləşən keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinə silahı təhvil verib, təslim olmaq əmri verilmişdi. Lakin bu əmrə tabe olmayan dəstə atəş açaraq qan tökdü. Həmin gün Elşad Məmmədov da Vətən qarşısında öz şərəfli borcunu yerinə yetirirdi. 17 mart 1995-ci ildə dövlət çevirilişi cəhdinin qarşısının alınmasında rəşadət göstərən  Elşad gülləyə tuş gəldi…

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Elşad Ramiz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Göygöl rayonunun Qırıqlı kəndində dəfn edilmişdir.

Haçaqaya kənd natamam orta məktəbi onun adını daşıyır. Daşkəsən yolu üstündə büstü qoyulmuşdur.

 

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 194