“Məzhəbçilik İslam dünyasını parçalayan tendensiya kimi” mövzusunda müzakirələr aparılıb

Nəsimi yaradıcılığına həsr olunmuş inşa müsabiqəsi – Elxan Süleymanovdan “Nəsimi ili”nə töhfə
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Rusiyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında növbəti tədbir keçirib.

Müzakirələrdə Aİİ-nin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Aslan Həbibov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, ilahiyyat üzrə fəlsəfə doktoru Sevinc Aslanova, jurnalist Azər Həsrət iştirak ediblər.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayevin moderatorluq etdiyi tədbirdə “Məzhəbçilik İslam dünyasını parçalayan tendensiya kimi” mövzusunda geniş fikir mübadiləsi aparılıb.

İslam həmrəyliyinin vacibliyindən danışan tədbir iştirakçıları dünyada qloballaşma prosesinin getdiyini və bu amilin ayrı-ayrı məkanlarda qarşıdurmalara səbəb olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, məzhəbçilik və təriqətçilik hallarına qarşı maarifçilik prinsipindən çıxış etmək zəruridir. Onlar orta məktəblərdə milli-mənəvi, həmçinin dini dəyərlərimizlə bağlı biliklərin verilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, bu biliklərə bütün dinlərin, müqəddəs kitabların mahiyyətinin öyrənilməsi, eləcə də dini radikalizm haqqında məlumatlar daxildir.

Qurani-Kərimdə bütün müsəlmanların sülhə, birliyə və vəhdətə çağırıldığı qeyd edilib. Vurğulanıb ki, dini zəmində ixtilafların süni şəkildə qabardıldığı bir zamanda, Azərbaycanda Vəhdət namazının qılınması ilə bütün dünya üçün olduqca gözəl örnəyin əsası qoyulub.

Tədbir məzhəblərarası problemlərin aradan qaldırılması üsulları, dinin cəmiyyətdəki funksiyaları, dünya üçün real təhlükə olan dini fanatizm və radikalizmin mahiyyəti, onlara qarşı intellektual mübarizənin yolları haqqında müzakirələrlə davam etdirilib.