MIRZƏYEV Murad Telman oğlu

ƏHMƏDOV Natiq İlyas oğlu
BAYRAMOV Soltanağa Nəhmət oğlu
MURADOV Hikmət Oqtay oğlu

(31.3.1976, Sabirabad r-nunun Muğangəncəli k. – 2.4.2016, Tərtər r-nunun Talış k.) – Azərbaycanın Milli Qəhrəmanı (19.4.2016, ölümündən sonra).

Murad Mirzəyev 1976-cı ilin baharında Sabirabad rayonunun Muğangəncəli kəndində dünyaya göz açmışdır.

Səkkizinci sinfə qədər doğma kəndlərindəki məktəbdə oxuyan Murad Mirzəyev 1991-ci ildə qəlbinin hökmü ilə C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuş, onun hərb elminə olan sonsuz marağı, təhsildə fərqlənməyi həmişə diqqəti cəlb etmiş, həmçinin ictimai işlərdə də fərqlənmişdir.

Murad Mirzəyev hərbi məktəbdə təhsilini fərqlənmə ilə bitirərək Türkiyə Ali Hərbi Quru Qoşunları məktəbinə (Kara Hərb Okulu) daxil olur və 1998-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə müvəffəqiyyətlə bitirir. Məzun Murad Mirzəyevə diplom və xatirə “Qılınc və məzun üzüyü” Türkiyə prezidenti mərhum Süleyman Dəmirəl tərəfindən təqdim edilir. Eyni dövrdə təhsil aldığı 600 nəfər yerli və əcnəbi tələbələr arasında Murad birincilik qazanaraq “Onur Başkanı” təyin olunur. 1998-ci ilin sentyabrından Murad Mirzəyev Eyirdir Dağ Komando məktəbində 3 aylıq, 1999-cu ilin yanvar-iyun aylarında isə İstanbulda yerləşən Tuzla Piyada məktəbinin kurslarını müvəffəqiyyətlə başa vuraraq Türkiyə Silahlı Qüvvələrinin 4-cü Motoatıcı Briqadasında tağım komandiri vəzifəsində xidmətə başlayır. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi bacarıqlı, cəsur, gənc zabiti ölkəmizə xidmət etməyə dəvət edir. Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəyə təyinat alan baş leytenant Murad Mirzəyev bir müddətdən sonra arzusunda olduğu Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirir.

Murad Mirzəyev 1999-cu ilin oktyabrında Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən motoatıcı tağım komandiri, dekabr ayında isə kəşfiyyat bölüyündə kəşfiyyat tağım komandiri vəzifəsinə təyin olunur. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində xidməti dövründə qrup komandiri vəzifəsindən hərbi hissə, daha sonra isə briqada komandiri vəzifəsinə qədər yüksəlir. M.Mirzəyev 2005-2007-ci illərdə Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında ingilis dili və xüsusi təyinatlar üçün nəzərdə tutulmuş “Ranger” kursunu tamamlayır. Sonrakı illərdə Türkiyə, Rumıniya və İordaniya Krallığında keçirilən kurslarda iştirak edir və bu kursları da üstün dərəcə ilə bitirir. Xidmət etdiyi illərdə Azərbaycan Silahlı Qüvvələrinin ən peşəkar və yüksək hazırlıqlı zabitlərindən biri kimi qiymətləndirilir.

Polkovnik-leytenant, xalqımızın gözündə Olimpin zirvəsinə ucalan Murad Mirzəyev müxtəlif təltif və mükafatlara layiq görülüb. O, 2 dəfə “Qüsursuz xidmətlərə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları və 3 dəfə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yubiley medalı”, eyni zamanda dəfələrlə qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Murad Mirzəyev ensiklopedik biliyə malik olan hərbçi idi. Türk, ingilis, rus dillərini mükəmməl bilir, hərbdən bəhs edən kitabları həvəslə mütaliə edirdi.

Polkovnik-leytenant Murad Mirzəyev 2016-cı ildəki aprel döyüşlərində ermənilərin təxribatına qarşı cəsarətli addımlar atmış, komandiri olduğu qrupla birlikdə yüzlərlə ermənini Talış kəndi ətrafında məhv etmiş, Vətənin cəsur, qeyrətli oğlu qeyri-bərabər döyüşdə tutduğu mövqeyi bir addım belə tərk etməmiş, sinəsi düşmən gülləsinə tuş gəlmiş, şəhidlik zirvəsinə yüksəlmiş və Bakıdakı İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Murad Mirzəyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alan Fizzə Mirzəyeva ilə ailə həyatı qurdu. Murad Mirzəyevin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı yadigar qaldı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamı ilə Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Telman oğlu Mirzəyev ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.

Murad Mirzəyev 2016-cı il aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.

Məlumatlar “Respublika”qəzetinə istinadən əldə edilib.

Məqalənin müəllifi Qədir Aslan

http://respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/16273-milli-gaehraemanlar-m-z-polkovnik-leytenant-murad-mirzaeyev-aprel-doeyushlaerindae-shaekhsi-izhidlik-zhoestaerdi