MUSAYEV Aqil Hüseyn oğlu

HÜMBƏTOV Fərhad Qənbər oğlu
QULİYEV Mətləb Kamran oğlu
ƏSGƏROVA Salatın Əziz qızı

MUSAYEV Aqil Hüseyn oğlu (3.11.1974, Qazax r.-nunun Aşağı Əskipara k. – 5.10.1994, Gəncə ş.) – Azərbaycanın Milli Qəhrəmanı (5.10.1994, ölümündən sonra).

1974-cü il noyabr 3-də Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açmışdır. 1981-ci ildə birinci sinfə getmiş, 1991-ci ildə onuncu sinfi bitirmişdir. Sonra təhsilini Qazax şəhərindəki 117 saylı texniki-peşə məktəbində davam etdirmişdir. Sürücü peşəsinə yiyələnmişdir.

1993-cü il mayın 18-ndə Qazax rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Bir müddət təlim-məşq toplanışlarında iştirak etmişdir. Az müddətdə əsgər və zabit heyətinin hörmətini qazanmışdır. O, 777 saylı hərbi hissənin tərkibində cəbhəyə getmişdir. İlk döyüşü Ağdam bölgəsində olmuşdur. Aqil hər dəfə döyüşə yollananda ürəyindən bir arzu keçirdi – torpaqlarımızı tezliklə erməni tapdağından təmizləmək! Döyüşlərdə ölümün gözünə dik baxır, rəşadətlə vuruşurdu.

A.Musayev Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən döyüşdə yaralanmışdır. Bir müddət müalicə olunduqdan sonra yenidən səngərə qayıtmışdır.

O, böyük arzularla yaşayırdı. Lakin arzuları yarımçıq qaldı. 1994-cü il oktyabrın 5-də, Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən, qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Qazax rayon Əzizbəyli kəndində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 217