NƏCƏFOV Fəxrəddin Vəliyəddin oğlu

HÜSEYNOV Elman Süleyman oğlu
MƏMMƏDOV Eldar Harun oğlu
MƏMMƏDOV Sahil Ələmdar oğlu

(31.3.1967, Bakı ş. – 4.9.1992, Ağdərə r.-nunun Çıldıran k.) – Azərbaycanın Milli Qəhrəmanı (6.11.1992, ölümündən sonra).1967-ci il mart ayının 31-də Bakı şəhərində doğulmuşdur. 1984-cü ildə Nəsimi rayonundakı 19 saylı orta məktəbi bitirdikdən sonra Bakı Çini Qablar Zavodunda əmək fəaliyyətinə başlamışdır.

Bir ildən sonra Fəxrəddin hərbi xidmətə çağırılır. O, 1987-ci ildə Arxangelsk vilayətində ordudan tərxis olunub, Vətənə qayıdır, DİN-nin Yanğından Mühafızə İdarəsində işə qəbul olunur. 1988-ci ildə nazirliyin təqdimatı ilə Xarkov Yanğından Mühafızə Ali Hərbi məktəbinə göndərilir. 1990-cı ildə təhsilini başa vuran Fəxrəddin  Bakıda 14 saylı Yanğından Mühafizə İdarəsində qarovul rəisi vəzifəsinə təyin edilir.

1991-ci ildə,    Azərbaycana qarşı Ermənistan Silahlı qüvvələrinin hücumlarının şiddətləndiyi dövrdə F.Nəcəfov könüllü olaraq Qarabağ cəbhəsinə yollanır. Fəxrəddin ilk döyüşə Goranboy rayonu ərazisində başlayır. 1992-ci ildə onu Ağdam cəbhəsində döyüşən hissələrin birinə bölük komandiri təyin edirlər.

Həmin vaxtlarda Ağdamın Canyataq və Gülyataq kəndlərində ağır döyüşlər gedirdi. Onun bölüyünə düşmən ərazisinə düşən təyyarəçimizi xilas etmək tapşırığı verilmişdi. F.Nəcəfov təyyarəçini xilas edərkən Canyataq kəndində öz dəstəsi ilə mühasirəyə düşür. Bir neçə gün qızğın döyüş gedir. Nəhayət, bölük mühasirə həlqəsini yara bilir.

Həmin gün F.Nəcəfov bir neçə yerindən ağır yaralanır. O, bir müddət hospitalda müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdır. 1992-ci il sentyabrın 4-də Ağdərənin Çıldıran kəndi istiqamətində gedən döyüşdə düşməni ağır itkiyə məruz qoyan cəsur komandir qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Nəcəfov Fəxrəddin Vəliyəddin oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Nəsimi rayonundakı 266 saylı orta məktəb Qəhrəmanın adnıı daşıyır. Məktəbin həyətində büstü qoyulmuşdur.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 224