OCAQVERDİYEV Sərxan Surxay oğlu

ARAZOV Ənvər Talış oğlu
MİRABOV Rəşad Akif oğlu
ABDULLAYEV Maşallah Babakişi oğlu

OCAQVERDİYEV Sərxan Surxay oğlu (16.7.1967, Goranboy r.-nunun Səfikürd k. – 5.5.1992, Goranboy r.-nunun Talış k.) – Azərbaycanın Milli Qəhrəmanı (7.6.1992, ölümündən sonra).

16 iyul 1967-ci ildə Goranboy rayonunun Səfikürd kəndində dünyaya göz açmışdır. 1985-ci ildə Tatarlı kənd orta məktəbini bitirdikdən sonra Xabarovsk şəhərində hərbi xidmətdə olmuşdur. 1988-ci ildə hərbi xidmət borcunu yerinə yetirib Vətənə dönmüş və Gəncə Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1991-ci ildə təhsilini uğurla başa vurub, Gəncə Maşınqayırma Zavodunda əmək fəaliyyətinə başlamışdır.

10 yanvar 1992-ci ildə Goranboy özünümüdafiə batalyonuna üzv yazılır, Şəfəq, Zeyvə, Tap Qaraqoyunlu kəndlərinin müdafiəsi zamanı qanlı döyüşlərdə iştirak edir. Sərxan Ocaqverdiyev az müddətdə düşmənin xeyli canlı qüvvəsini məhv edərək, əsl Azərbaycan əsgəri kimi yüksək döyüş nümunəsi göstəir.

Goranboyun Talış kəndi ermənilərə ərazicə ən yaxın kənd hesab olunurdu. Onlar bu kəndə aramsız hücumlar edirdilər. Lakin Goranboyun mərd oğulları sinələrini düşmənin qarşısında sipərə çevirmişdilər.

5 may 1992-ci il… Erməni faşistləri növbəti dəfə Talış kəndinə hücuma keçdilər. Qeyri-bərabər döyüş gedirdi. Vətənin qeyrətli oğlu Sərxan Ocaqverdiyev bu qanlı döyüşdə qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Ocaqverdiyev Sərxan Surxay oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Səfikürd kəndində dəfn edilmişdir.

Təhsil aldığı Tatarlı kənd orta məktəbi onun adını daşıyır. Goranboy rayonunda büstü qoyulmuşdur.

 

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 234