Qarabağ həqiqətlərinin dünyaya çatdırmaq üçün ən əsası regionda lider dövlət olan Azərbaycan Respublikasının daha da güclənməsi vacibdir

AVCİYA-yarandığı gündən Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin işıqlandırılmasına, tarixi faktların dünya ictimaiyyətinə çatdırılmasına xidmət edib və edəcək
Ermənilərin “Böyük Ermənistan” xülyası və reallıqlar
Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri

– Məhərrəm müəllim zəhmət olmasa, özünüzü təqdim edin.

-Bakı Dövlət Universitetinin tarix fakültəsini və aspiranturasının bitirmişəm. 1990-ci ildə tarix elmlər namizədi, 2018-ci ildə tarix üzrə elmlər doktoru alimlik dərəcəsi almışam. 2010-cu ildən dosent, 2018-ci ilin noyabrından isə ATMU İctimai fənlər kafedrasının professoruyam. Azərbaycan, ingilis, fransız, fars və rus dillərində nəşr olunmuş 150 kitab, elmi məqalə və metodik vəsaitin, o cümlədən 62 kitabın, bundan başqa 604 qəzet məqalələrinin müəllifiyəm. Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. ABŞ Konqresi və Senatında, Belçika Parlamentində Dağlıq Qarabağ problemi ilə bağlı dinləmələrdə ekspert kimi iştirak etmişəm. Bundan əlavə müxtəlif illərdə İsveç, Almaniya, Polşa, Bolqarıstan, Türkiyə, İran, Rusiya, Quzey Kıprıs, Gürcüstanda keçirilmiş beynəxalq tədbirlərin iştirakçısı olmuşam. 2015-ci ildə ATMU rektorunun, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dəstək Şurasının, Milli QHT Forumunun fəxri fərmanları ilə təltif olunmuşam. Bundan əlavə 2014-cü ildə Ərdəbil şəhərində Şah İsmayıl Xətainin həyat və yaradıcılığına həsr olunmuş beynəlxalq konfransda məruzə ilə çıxış edərək, döş nişanı və medala layiq görülmüşəm.

 

 

 

– Azərbaycan tarixinə nəzər salsaq demək olar ki, qədim dövrlərdən bəri müxtəlif mərhələ və zamanlarda hal-hazırda bizim ölkənin yerləşdiyi bu coğrafi ərazilər saysız –hesabsız döyüşlərə, savaşlara, müharibələrə şahidlik edib.

 Məhərrəm müəllim, ilk sualım belə olacaq ki, Azərbaycan tarixində savaşların, döyüş və müharibələrin bu qədər çox yer tutmasına səbəb və ya səbəblər nədir ?

– Azərbaycanın 5 minillik dövlətçilik tarixi müxtəlif hadisələrlə zəngindir. Manna dövlətində götürsək 3 minillik tarixin fasilələrlə təxminən 2 min ili işğallar dövrü, 1 min ili isə müstəqil dövlətlərimizin mövcud olduğu illərdir. Tariximizdə savaşların, döyüş və müharibələrin bu qədər çox yer tutmasına səbəbi Azərbaycanın əlverişli coxrafi, strateji mövqeyə, gözəl təbiətə, yeraltı və yerüstü sərvətlərə malik olmasıdır. Bu amil daim yadellilərin diqqətini cəlb edib. Çox təəssüf ki, indi də böyük dövlətlərin azərbaycan siyaətində bu amil mühüm yer tutur.

– Üzdəniraq qonşularımız olan ermənilər demək olar ki, tarixin müxtəlif dövrlərində Azərbaycan ərazilərinin işğalı niyyəti ilə azərbaycanlılara qarşı silsilə qırğınlar həyata keçiriblər. Təbii ki, bir neçə dəfə xalqın ayıq-sayıqlığı nəticəsində bəzi faciələrin qarşısı alınıb. Lakin, təəssüflə qeyd etmək lazımdır ki, bir çox hallarda ermənilər məkirli istəklərinə nail olublar.

Sualım belə olacaq ki, azərbaycanlılara qarşı ilk kütləvi qırğınlar hansı ərazilərdə olub və necə nəticələnib?

– Ermənilərin Qafqaza köçürülməsi əsasən 1828-ci il Türkmənçay müqaviləsindən sonra başlanılıb. Çar Rusiyası müsəlman əhalini itaətdə saxlamaq üçün bura malakanlar və qeyri müsəlman əhali ilə yanaşı vətəni olmayan erməniləri də köçürürdü. Deməli vətənsiz ermənilər tarix böyü kimlərinsə məqsədlərini həyata keçirilməsində bir vasitə olublar. Ataların belə bir məsəli var: “Arxalı köpək qurd basar”. Tarix boyu baş vermiş erməni-müsəlman qırğınları, Azərbaycanlılara qarşı soyqırım imperialist siyasət yeridən böyük dövlətlərin sayəsində baş verib. Burada da əsas yeri çar Rusiyası, sovet Rusiyası, SSRİ və onun varisi olan hazırki Rusiya Fedrasiyası tutur. Mən müstəqil ekspert olduğuma görə bunu açıq deməkdən çəkinmirəm. Çar Rusiyası tərəfindən təşkil olunmuş ən qanlı hdisələrdən biri 6-9 fevral 1905-ci ildə Bakıda törədilmiş erməni-müsəlman qırğınıdır. 1918-ci ilin mart qırğınları isə Sovet Rusiyasının göstərişi ilə S. Şaumyanın rəhbərliyi ilə Şamaxı, Bakı, Quba və digər ərazilərədə törədilmiş cinayətlərdir.

 

-Bildiyim qədəri ilə AVCİYA Prezidenti, Şamaxının millət vəkili, Elxan Süleymanovun dəstəyi ilə “1918-ci il Şamaxıda soyqırımı”, “Tariximizin qəhramanlıq səhifəsi – Göyçay döyüşləri” və s. bu kimi kitablarınız nəşr olunub.

Şamaxıda soyqırım edən ermənilərin məqsədi nə idi və nə üçün soyqırım məhz Şamaxıda bu cür amansızlıqla həyata keçirlidi?

– AVCİYA Prezidenti, Şamaxının millət vəkili, Elxan Süleymanovun rəhbərliyi və bilavasitə  iştirakı ilə qeyd etdiyiniz kitablar nəşr olunub. Beynəlxalq ekspertlərin iştirakı ilə Şamaxıda və Göyçayda təqdimatları keçirilib. Azğınlaşmış erməni quldurlarının törətdikləri cinayətlərin hamısı dəhşətlidir. Hadisələr zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur. Təkcə Bakıda erməni terrorçuları tərəfindən öldürülənlərin sayı 30 minə çatmışdır. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində isə 92 kənd tamamilə yerlə yeksan edilmişdir. Şamaxıda soyqırımın daha amansızlıqla həyata keçirilməsinin səbələrindən biri bu cinayətə Şamaxıdan olan erməni Lalayanın rəhbərlik etməsi olub. O, müsəlmanlara qatı düşmən olmaqla yanaşı 1905-ci ildəki erməni müsəlman davasında öldürülmüş atasının və əmisinin qısasını da Şamaxılardan almaq istəyi onu daha da qəddarlaşdırmışdı. Hətta Bakı sovetinini bəzi üzvləri onun bu vəhşiliyinə etiraz da etmişlər. S. Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin təhriki ilə yerli müsəlman əhaliyə qarşı bolşevik-daşnak qüvvələrinin həyata keçirdiyi bu soyqırımın əsas məqsədi neft və digər faydalı qazıntılarla zəngin olan Azərbaycanın, ilk növbədə isə Bakı və onun ətraf əhalisinin milli və dini tərkibini dəyişdirməklə bu əraziləri sovet Rusiyasına tabe etməkdən ibarət idi.

Mart qırğınından sonra Ş.Şaumyanın rəhbərliyi ilə Bakı Soveti yeni qurum olan Bakı Kommunasını (25 aprel -31 iyul 1918) yaratdı. Bakı Kommunası Azərbaycan sərvətlərinin sovet Rusiyasına daşınmasını davam etdirmişdir. 1918-ci ilin aprelində Bakıdan Rusiyaya 94 min ton, may ayında 182 min ton, iyun ayında 466 min ton, iyul ayında isə 492 min ton neft daşınmışdı.

Soyqırımlarla bağlı tədqiqatlarda fikrimcə erməni-daşnak cinayətlərini aşkara çıxarıb, dünyaya çatdırmaqla yanaşı, fikrimcə bu hadisələrdə erməni quldurlarına qarşı mübarizə aparmış qəhrəman insanların da üzə çıxarıb, xalqa tanıtdırılmasına ciddi ehtiyac var. Biz yuxarıda adı çəkilən kitabların birində xalqımızı qəhrəmanlığını əks etdirən “Pirəmşaq döyüşü” haqqında məlumat vermişik. Bu işi daha da gücləndirməsinə ciddi ehtiyac var.

 

– Tariximizin qəhramanlıq səhifəsi adlandırılan Göyçay döyüşlərinin qalibiyyətlə nəticələnməsində əsas səbəb nədir sizin fikrinizcə? Nə üçün məhz Göyçay ərazisindəki döyüşlər azərbaycanlıların leyhinə nəticələndi?

– 2017-ci ilin may ayında “Tariximizin qəhramanlıq səhifəsi – Göyçay döyüşləri” adlı birincı kitabımız işıq üzü gördü.

2018-ci ildə isə ikinci kitab olan “Göyçay döyüşləri -Türkiyə tarixşünaslığında” kitabı işıq üzü gördü. Göyçay döyüşü Azərbaycan tarixinin şərəfli, qəhrəmanlıq səhifələrindən biridir. Bu döyüşdəki qələbə ilə düşmənin hücumu dayandırıldı, müharibənin gedişində əsaslı dönüşün başlanğıcı qoyuldu. Müəyyən mənada bu döyüşü dövlətin və millətin taleyində oynadığı rola görə II dünya müharibəsinin gedişində əsaslı dönüş olmuş Stalinqrad vuruşması ilə də müqayisə etmək olar. Miqyasına görə bu iki döyüş arasında çox böyük fərq olmasına baxmayaraq, əhəmiyyətinə görə çox böyük oxşarlıq var. Göyçay döyüşündəki qələbənin böyük strateji, siyasi və beynəlxalq əhəmiyyəti ondan ibarət idi ki, bu qələbə ilə xalqın yenidən soyqırıma məruz qalmasının, Cümhuriyyətin beşikdəcə boğulmasının qarşısı alındı. Bundan başqa bu döyüşlə Bakının düşməndən azad olunmasının və Azərbaycan Xalq Cümhuriyyətinin dünya ölkələri tərəfindən tanınmasının əsası qoyuldu.

– Müasir tariximizin ölkəmizlə bağlı bitmək bilməyən müharibə amili də Azərbaycanın əbədi və əzəli torpaqları olan Qarabağın işğalıdır. Hansı ki, Ermənistan höküməti heç bir tarixi zəminə dayanmadan etdiyi ərazi iddiaları nəticəsində işğal siyasətini 1905-ci ildən etibarən, 1918, 1923 və bu günə qədər davam etdirir. Bu gün dünyanın bir çox ölkələri, tanınmış nüfuzlu təşkilatları belə Qarabağı Azərbaycan ərazisi, Ermənistanı işğalçı tərəf kimi tanımaqlarına baxmayaraq 29 ilə yaxındır ki, heç bir nəticə əldə edilməyib.

Sizin fikrinizcə Qarabağ tarixinin düzgün şəkildə araşdırılıb, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması təşəbbüsləri istiqamətində atılan addımlar yetərlidirmi? Qarabağ həqiqətlərini daha düzgün və həqiqi tarixi dünyaya çatdırmaq üçün hansı addımlar atılmalıdır?

– Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində dövlət müstəqilliyimizin bərpasından sonar çox böyük işlər görülüb və hazırda da görülməkdədir. Lakin yaddan çıxarmaq lazım deyil ki, hər bir dövlət bu problemə öz maraqları baxımından yanaşır. Yəni bəzi dövlətlər bu həqiqətləri eşitmək istəsələr də , bəziləri özlərini karığa və korruğa vurur. Qarabağ həqiqətlərinin dünyaya çatdırmaq üçün ən əsası regionda lider dövlət olan Azərbaycan Respublikasının daha da güclənməsi vacibdir. Çünki dünya güclü dövlətlərlə hesablaşır. Biz bunun 2016-cı ilin aprel döyüşlərində bir daha şahidi olduq. Hətta Ermənistana mütəfiq olan dövlətlər də Azərbaycanın haqq işini dəstəklədilər.

-Fikirinizcə bu problemin Azərbaycanın leyhinə nəticələnəcəyi təqdirdə yenidən Azərbaycanın müxtəlif bölgələrində ermənilərin məskunlaşması, qonşuluq münasibətlərinin əvvəlki kimi bərpası mümükündürmü?

– Ermənistandan fərqli olaraq Azərbaycan tolerant ölkədir. Müxtəlif millətlərin nümayəndələri ölkəmizdə firavan yaşayır. Hətta ümmilli lider H. Əliyevin sözü ilə desək qarışıq ailələrdə Azərbaycan vətəndaşı olan 30 min erməni ölkəmizdə yaşayır. Hazırda Qarabağda yaşayan ermənilər böyük dövlətlərin siyasətinin girovuna çevriliblər. Problemin ədalətli həllindən sonra onlar bu girovluqdan qurtararaq dinc həyata qədəm qoyacaqlar.

 

Laləzər Abbasova, AVCİYA