QUBADOV Arif Vəliş oğlu

YUSİFOV Zakir Tofiq oğlu
ƏLİYEV Yunis Əsgər oğlu
ŞİKAROV Şikar Şükür oğlu

QUBADOV Arif Vəliş oğlu (19.9.1966, Cəlilabad r-nunun Əliqasımlı k. – 25.9.2009) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995).

19 sentyabr 1966-cı ildə Cəlilabad rayonunun Əliqasımlı kəndində doğulmuşdur. 1983-cü ildə  Əliqasımlı kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə Cəlilabad rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Əsgəri xidmətini SSRİ- nin müxtəlif  yerlərində keçmişdir.

A.Qubadov Azərbaycanda baş  verən hadisələri nigarançılıqla izləyirdi. Erməni quldurlarının Azarbaycanda va Qarabağda soydaşlarımızın başına gətirdikləri müsibətlər onu çox narahat edirdi. O, Vətənə dönməyə, burada xidmət etməyə can atırdı.

1992-ci ildə arzusuna qovuşdu. O, Azərbaycana gələrək Milli Ordumuzda xidmət etməyə başladı.

1992-ci ilin iyun ayı… Qədim Naxçıvanın Sədərək bölgəsi…  Burada qanlı döyüşlər gedirdi. Arif də silaha sarılmışdı. O, qəhrəmancasına vuruşurdu. Onun komandir olduğu tabor düşmənin xeyli canlı qüvvəsini və döyüş texnıkasını məhv etdi. Sədərəklilər onun rəşadətindən ürək dolusu danışırdılar.

Qubadovun dəstəsi 1993-cü ilin iyun ayında Ağdam rayonuna göndərildi. Rayonun Əfətli, Yusifcanlı kəndlərinin düşmən tapdağından azad edilməsində ölüm-dirim mübarizəsinə girişən dəstə düşmənə layiqli cavab verdi. Kəndlər tezliklə azad edildi.

O, 1993-cü ilin avqustunda öz taboru ilə Füzuli bölgəsinə yollandı. Əhmədbəyli, Aşağı və Yuxarı Kürdmahmudlu, Alxanlı kəndləri məhz Arif Qubadovun rəhbərliyi altında düşməndən təmizləndi.

O, 1994-cü ildə Tərtər və Ağdərə döyüşlərində də fəal iştirak etdi.  Burada da o, öz döyüşkənliyi və rəşadəti ilə fərqləndi.

Bu xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qubadov Arif  Vəliş oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini bitirmişdir. O, 2001-ci ildə isə Azərbaycan Respublikası Sərhəd Qoşunlarıları Hərbi Akademiyasına daxil olmuş və 2003-cü ildə oranı müfəqiyyətlə bitirmişdir.

Polkovnik-leytenant rütbəsinəcən yüksələn A.Qubadov N saylı hərbi hissənin komandir müavini vəzifəsində işləmişdir. 2009-cu ilin sentyabrın 25-də uzun sürən xəstəlikdən vəfat etmişdir.

Ailəli idi. Dörd övladı var.

Əliqasımlı kəndində dəfn edilmişdi.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 161-162