RƏFİYEV Faiq Qəzənfər oğlu

QULİYEV Emin Ələkbər oğlu
AĞAYEV Fərhad İslam oğlu
KOVALYOV Yuri Petroviç

RƏFİYEV Faiq Qəzənfər oğlu (22.2.1955, Füzuli r-nunun Saracıq k. – 10.1.1992) – Azərbaycanın Milli Qəhrəmanı (2.10.1992, ölümündən sonra).

22 fevral 1955-ci ildə Füzuli rayonunun Sarıcıq kəndində dünyaya göz açmışdır. 1972-ci ildə Qarakollu kənd orta məktəbini bitirmişdir. 1973-75-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra vilayətin Plisetsk rayonunda milis sistemində çalışmışdır. O, işləyə-işləyə Sankt-Peterburq şəhərindəki Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsində oxumuşdur. 1984-cü ildə təhsilini başa vurmuş və leytenant rütbəsi ilə həmin rayonda sahə müvəkkili kimi məsuliyyətli vəzifə tutmuşdur.

1990-cı ildə, 20 Yanvar faciəsindən sonra Azərbaycana qayıdaraq DİN-ə müraciət etmişdir. Milis sistemində təcrübəsini nəzərə alaraq, onu Xocavənd rayonuna sahə müvəkkili göndərirlər. O, bir zabit kimi Qarabağda gedən döyüşlərdə iştirak edir, postların qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində əlindən gələni əsirgəmirdi. Axullu, Tuğ, Qaradağlı kəndlərində göstərdiyi şücaətlər onun qəhrəmanlığından xəbər verirdi.

Koçbəy kəndi əsl quldur yuvasına çevrilmişdi. O, kəndi azad etmək üçün öz dəstəsi ilə hücum planı hazırlayır. Düşmən sayca çoxluq təşkil edirdi. Qanlı döyüşlərdən sonra erməni yaraqlıları dəstənin qarşısında tab gətirməyərək geri çəkilməyə başladı. O, qolundan yaralanmasına baxmayaraq, “İrəli, yalnız irəli!” – deyə, döyüş dostlarını ruhlandırırdı. Evlərdə gizlənən erməni yaraqlılarını axtarıb məhv edərkən, qəfil güllə cəsur komandirin sinəsini parçaladı. 10 yanvar 1992-ci ildə aldığı yaradan gözlərini əbədi yumdu.

Ailəli idi. İki qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Füzuli rayon Sarıcıq kəndində dəfn edilmişdir.

Lökbatan qəsəbəsindəki 166 saylı orta məktəb onun adını daşıyır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 240

1955-ci il fevralın 22-də Füzulinin Saracıq kəndində doğulub. Arxangelskdə (Rusiya) sahə müvəkkili işləsə də, Vətənin dar günündə onun harayına yetişib. Silaha sarılıb, erməni quldurları ilə mübarizə aparıb. Axullu ərazi polis bölməsinə rəis təyin olunan F.Rəfıyev 1992-ci il yanvarın 9-da Qaradağlı döyüşündə həlak olub.

8 oktyabr 1992-ci il tarixli Prezident fərmanı ilə ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Doğma kəndində F.Rəfıyevin abidəsi ucaldılıb. Qarakollu kənd orta məktəbi onun adını daşıyır.

2 qız övladı var…

Əd.: Nazim Tapdıqoğlu (Vəlişov) “Füzuli rayonu Toponimləri, tarixi abidələri, şəhidləri, görkəmli şəxsiyyətləri və ziyalıları ” (Ensiklopedik məlumat kitabı), Bakı, 2009, s. 473