RÜSTƏMOV Məzahir İzzət oğlu

MƏHƏRRƏMOV Asif Yusif oğlu
ƏLİYEV Rövşən Nəriman oğlu
QƏHRƏMANOV Fariz Çoban oğlu

(2.3.1960, Bakı ş. – 6.8.1992, Gədəbəy r.-nunun Mutudərə k.) – Azərbaycanın Milli Qəhrəmanı (5.2.1993, ölümündən sonra).2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. 1977-ci ildə Nizami rayonundakı 32 saylı orla məktəbi əla qiymətlərlə bitirmişdir. Bir müddət Bakı Lampa Zavodunda fəhlə işləmişdir. 1978-ci ildə o, BDU-nun tarix fakültəsinin rus bölməsinə qəbul olunur. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur. Həmin il Xətai rayonundakı 171 saylı orta məktəbə pioner baş dəstə rəhbəri göndərilir. Bir az işlədikdən sonra öz ərizəsi ilə işdən çıxır.    1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun  fəlsəfə kafedrasında baş laborant vəzifəsində çalışmağa başlayır.

Məzahir 1991-ci il martın 5-dən Dövlət Mətbuat Komitəsində (sonralar Mətbuat və İnformasiya Nazirliyi – red.) kitab ticarəti və xarici iqtisadi əlaqələr şöbəsində aparıcı mütəxəssis kimi fəaliyyətə başlayır. Bu zamanlar erməni işğalçılarının törətdikləri qanlı toqquşma və qarşıdurma Dağlıq Qarabağın hüdudlarını aşaraq, Azərbaycanın Ermənistanla həmsərhəd olan bölgələrinə də yayılmışdı. Gədəbəyin 28 kəndini əhatə edən döyüşlər Ermənistanın Krasnoselsk və Berd rayonları ilə həmsərhəd olan Şınıx mahalı üçün də təhlükə yaradırdı. Hər zaman Ermənistan tərəfindən Şınıx kəndlərinə qarşı təxribatlar törədilirdi. Vətənpərvər ruha malik olan Məzahir 1992-ci il martın 23-də könüllü olaraq Milli Orduya yazılb, Şınıxa gəlir. Şınıx bölgəsinin o zamankı mərkəzi olan doğma kəndi Düzrəsullu kəndində qərar tutur, vzvod komandiri vəzifəsinə təyin olunur. Sonra isə rota komandirinin müavini işləyir. Məzahir sakit şəhər mühitindən odun-alovun içinə gəlmişdi. Lakin çətinlikbr onu qorxutmurdu, hər zaman öz döyüşçüləri ilə düşmən üzərinə atılmaq əzmində idi. Axı Mutudərə kəndi Krasnoselskdən gələn yolun kənarında yerləşirdi və strateji əhəmiyyətə malik idi. Bunu yaxşı bilən erməni quldurları tez-tez bu kəndə hücumlar edirdilər. Məzahir briqada komandiri, polkovnik Cahangir Rüstəmovun Mutudərənin müdafıəsini gücləndirmək barədə tapşırıqlarını dəqiq hərbi intizamla yerinə yetirirdi. Gədəbəyin ərazisndə yerləşən, sonralar Zori Balayanın Artvaşen (Qartal yuvası) kimi təqdim etdiyi Başkənd nəinki Gədəbəy, eyni zamanda digər həmsərhəd rayonlar üçün də təhlükə yaradırdı. Burada erməni quldurlarının böyük silahlı birləşmələri yerləşirdi. Strateji məqsəd bu idi: düşmən yuvası məhv edilməlidir! Bunun üçün Məzahirin rəhbərliyi ilə ciddi hazırlıq işləri görülürdü. Lakin hiyləgər düşmən hər şeyə göz qoyur, hər şeyi izləyirdi…

1992-ci il avqustun 6-da erməni quldurları xeyli canlı qüvvə və hərbi texnika ilə qəfildən Mutudərə kəndinə hücuma keçir. Qanlı döyüş başlanır.

Məzahir öz cəsur döyüşçüləri ilə kəndin müdafiəsinə qalxır. Onlar dinc əhalinin kənddən çıxmasına şərait yaradırlar. Məzahir son nəfəsinə qədər döyüşür, ümid etdiyi əlavə kömək isə gəlib çatmır. Bu döyüşdə Məzahir qəhrəmancasına həlak olur; düşmən əlinə diri-diri düşməsin deyə, axırıncı qumbarası ilə özünü partladır. Məzahirin faciəli ölümü, necə deyərlər, “qığılcımdan alov törətdi”. Briqada komandiri, polkovnik Cahangir Rüstəmovun komandanlığı altında avqustun 8-də qoşunlarımız hücuma keçərək Mutudərəni və Başkəndi erməni quldurlarından təmizlədilər. Təəssüf ki, amansız ölüm Məzahirə qələbə sevincini dadmağa imkan vermədi.

Ailəli idi. Həyatda Təhminə adlı bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rüstəmov Məzahir İzzət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Oxuduğu 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır.Yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. Gədəbəy rayonunda tuncdan abidəsi ucaldılmışdır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 246-247