RZAYEV Canbulaq Yaqub oğlu

RZAYEV Rövşən Abdulla oğlu
NƏSRƏDDİNOV Rafiq Hüseyn oğlu
SALAHOV Şakir Şamil oğlu

(26.2.1968, Ağdam r-nunun Çuxurməhlə k. – 26.2.1992, Xocalı) – Azərbaycanın Milli Qəhrəmanı (7.6.1992, ölümündən sonra).

Əhmədavar kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra bir müddət kolxozda işləyib. 1988 ildə ordu sıralarına çağırılıb. Hərbi xidmətini raket qoşunları hissəsində keçib. Ölkəmiz həyəcanlı günlər yaşamağa başlayanda Xramort, Xanabad, Əsgəran, Qarakənd, Gülablı kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşub. 1992 il fevralın 26-da ermənilər Xocalıya soxularaq rus silahlı birləşmələrinin köməyilə şəhərdə qırğın törədəndə tankına oturaraq Qaraqaya kəndi tərəfə üz tutub. Xocalıdan çıxan əhalinin xeyli hissəsi bu kəndə sığınmışdı.
Dalbadal iki sərrast atəş açmaqla düşmən mövqeyini bir göz qırpımında darmadağın edib. Bunu görən döyüşçülərimiz kənddə sığınacaq tapmış qız-gəlinləri oradan çıxarıblar. Az keçməmiş ermənilər yenidən Qaraqayanı hədəfə alıblar. Cəsur komandir düşməni yenə cavab atəşilə qarşılayıb. Bu, onun son döyüşü olub. Bu döyüşdə şəhidlik zirvəsinə ucalıb.Evli idi. İki oğlu qalıb. Məzarı Ağdam şəhərindəki Şəhidlər Xiyabanındadır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 248

Döyüş yoldaşı Vəli Bayramovun  dediklərindən:
“Canbulaq qeyri-adi bir yoldaş idi. Bəlkə də taborda ondan çox çalışan döyüşçü yox idi. Harada bir əməliyyat olardısa ön cərgədə Canbulaq gedərdi. O, bütün silahlardan atmağı yaxşı bacarırdı. Tankın hər hansı hissəsi xarab olardısa elə özü onu təmir edərdi. Daha heç kimi gözləməzdi. Bu, vaxt baxımından bizə çox lazım idi. Xocalı faciəsi zamanı onu itirsək də, əhalinin təhlükəsiz yerə çıxarılmasında çox böyük xidmətləri oldu.”
 
Əd.: “Xocalı yaddaşı”, Bakı, 2017, s. 134