Şəhidlərimizin vətənpərvərliyinin təbliğinə dair layihə çərçivəsində bir sıra universitetdə tədbirlər keçirilib

“Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” İctimai Birliyi “Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəxslər, Milli qəhrəmanlarımız haqqında ali məktəblərdə tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində bir sıra ali təhsil müəssisələrində tədbirlər təşkil edib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində ilk tədbirlər Bakı Dövlət, Azərbaycan Memarlıq və İnşaat universitetlərində reallaşdırılıb.

Tədbirlərdə tələbələrə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan igid oğul və qızlarımızın, Milli qəhrəmanlarımızın şücaəti haqqında məlumat verilib. Həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması işinə xidmət edən maarifləndirici bukletlər paylanılıb.

Layihə çərçivəsində Azərbaycan Texniki Universitetində də tədbirin təşkili nəzərdə tutulub. Eyni zamanda, layihənin sonunda gənclərin iştirakı ilə vətənpərvərlik mövzusunda fləşmobun keçirilməsi planlaşdırılır.