Vyanada “İmadəddin Nəsimi və onun dövrü” mövzusunda məruzə axşamı təşkil edilib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Moskvada Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib
XİN: Ermənistanın bu cür davranışı məsuliyyətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlikdir
QHT-lərə Dövlət Dəstəyi Şurası 2018-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verib

Aprelin 10-da Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsimiyə həsr olunmuş məruzə axşamı keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova “İmadəddin Nəsimi və onun dövrü” adlanan tədbirdə çıxış edərək İmadəddin Nəsiminin Azərbaycan ədəbiyyatı üçün əhəmiyyətindən danışıb. Qeyd edilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq bu il ölkəmizdə “Nəsimi ili” elan edilib və şairin yaradıcılığına həsr olunmuş müxtəlif tədbirlər keçirilir.

Sonra L. Qasımova tədbir iştirakçılarına tanınmış almaniyalı alim, nəsimişünas Mixael Raynhard Hessi təqdim edib. Bildirilib ki, almandilli məkanda ən çox tanınan Nəsimi tədqiqatçısı olan M.R.Hess görkəmli şair-filosofun həyat və yaradıcılığına dair fundamental əsərlər yazıb, öz doktorluq dissertasiyasını bu mövzuya həsr edib. Təkcə Azərbaycan deyil, eyni zamanda, bir sıra türk dillərinə dərindən yiyələnən M.R.Hess Nəsimi yaradıcılığının alman dilinə ən mükəmməl tərcüməçisi kimi də tanınır. Həmçinin diqqətə çatdırılıb ki, bu kimi şairlərin əsərlərini tərcümə edərkən vəzn ölçüsünün düzgün transferi ilə yanaşı, müxtəlif məna çalarları və sanballı fəlsəfi çəkiyə malik misraların çevrilməsi dərin bilik, bədii duyum və peşəkarlıq tələb edir.

Mixael Hess məruzəsində ilk olaraq Nəsimi yaradıcılığının araşdırılmasında və tərcüməsində müasir problemlərə toxunub. Vurğulanıb ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə elan olunan “Nəsimi ili” bu sahədə mühüm irəliləyişlərin əldə edilməsinə öz töhfəsini verəcək.

Daha sonra Azərbaycanın yerləşdiyi coğrafi məkanda orta əsrlərdə gedən tarixi proseslər, dövlətlər, monqol və Əmir Teymur işğalları barədə danışan alim Nəsimi və onun mənsub olduğu hürufilik fəlsəfi cərəyanını yetişdirən mühitdən bəhs edib. Bildirilib ki, Nəsimi hürufiliyin əsasını qoyan Fəzlullah Nəiminin öldürülməsindən sonra bu təriqətin aparıcı qüvvəsinə çevrilib. Dahi şair türk (Azərbaycan) və fars dillərində qələmə aldığı divanı və missionerlik fəaliyyəti ilə bu təriqətin daha geniş coğrafiyada yayılmasına təkan verib.

M. Hess deyib ki, Nəsimi şeiriyyatının bədii keyfiyyəti və fəlsəfi görüşlərinin dərinliyi onu öz müasirlərindən ciddi şəkildə fərqləndirir. Eyni zamanda, yaradıcılığında Azərbaycan dilinə geniş yer verən Nəsimi ana dilini layiq olduğu yüksək ədəbi səviyyəyə qaldırıb, Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şeirin əsasını qoyub. Qeyd edilib ki, məhz Nəsiminin sayəsində hürufilik təriqəti geniş ərazilərə yayılıb, onun fikirləri digər cərəyanlara öz təsirini göstərib və Nəsiminin fəlsəfi görüşləri bu gün də elmi dairələrdə müzakirə mövzusu olaraq qalmaqdadır.

Məruzə zamanı, həmçinin Nəsimidən iqtibaslar əsasında onun dini-fəlsəfi görüşləri də təhlil edilib, müasir oxucu üçün şərhlər verilib.

Sonda diqqətə çatdırılıb ki, Nəsimi dühası, onun yaradıcılığındakı keyfiyyət və fəlsəfi görüşlər XXI əsrdə də öz aktuallığını qoruyur. Bu da bir tərəfdən oxucu auditoriyası üçün bədii zövq, digər tərəfdən isə elmi araşdırmalar üçün yeni stimul deməkdir.

Qeyd edək ki, Mixael Hess Heydər Əliyev Fondunun dəstəyi ilə İmadəddin Nəsimi yaradıcılığı haqqında kitablar yazıb, onun tərcüməsində dahi şairin şeirlər kitabı alman dilində işıq üzü görüb. Alim hazırda Nəsimi yaradıcılığı haqqında yeni kitab üzərində işləyir.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana