“Xocalı soyqırımı haqqında” qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub

Rusiya politoloqlarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinə baxışları
“Türkiyənin Qarabağ şərtindən vaz keçdiyinə dair iddiaları parlamentdə qaldıracağıq”
Rusiya Qafqaz regionunda yeni hərbi əməliyyatlara getməyəcək – ekspertlər

Millət vəkili Zahid Orucun APA-ya müsahibəsi
– Xocalı soyqırımı ilə bağlı qanun layihəsi hazırlamısınız. Belə bir təşəbbüslə çıxış etməyinizə səbəb nədir?
– Bu vaxta qədər Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması və təbliği ilə bağlı müxtəlif təşəbbüslər, təkliflər olub. Amma mən düşündüm ki, artıq bu məsələni mənəvi kateqoriyadan və müzakirə predmetinə çevirməkdən çıxararaq hüquqi çərçivədə tənzimləmək lazımdır. Bu səbəblə də “Xocalı soyqırımı haqqında Azərbaycan Respublikasının qanunu”nu hazırladım. Bir neçə ay öncə bu sənədi hazırlayaraq Milli Məclis Aparatına təqdim etmişəm. Çox ümidvaram ki, bu sənəd qəbul olunacaq.
– Hazırladığınız qanun layihəsində nələr nəzərdə tutulur? 
– Qanunun preambula hissəsində faciənin tarixi və beynəlxalq qanunların soyqırımı qadağan edən müddəaları öz əksini tapıb. Heç şübhəsiz ki, biz bu faciəyə siyasi qiymət verməliyik və soyqırıma məruz qalmış şəxslərin statusunu müəyyənləşdirməliyik. Layihədə faciənin Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən törədilmiş soyqırım aktı elan olunması, qətlə yetirilmiş insanların “soyqırım qurbanları” kimi qəbul olunması, Xocalının maddi və mənəvi sərvətlərinin dağıdıldığı nəzərə alınaraq şəhərə “Soyqırıma məruz qalmış şəhər” statusu verilməsi təklif edilir. Bu məsələ dövlət siyasətində də nəzərə alınmalı, digər ərazilər işğaldan azad olunduqdan sonra bu şəhərin daimi statusunun saxlanılması və ona qarşı fərqli bir dövlət siyasəti yürüdülməsi önəmli məsələlərdən olmalıdır. Soyqırım qurbanlarının sosial və mənəvi reabilitasiyasının təmin edilməsi məqsədilə xüsusi müavinətlər, bir sıra hüquqi güzəştlər müəyyənləşdirilməlidir. Xocalı sakinlərinə dəymiş maddi və mənəvi ziyanın miqdarı müəyyənləşdirilərək Ermənistana qarşı beynəlxalq məhkəmədə iddia qaldırmaq mümkündür.
– Layihədə faciənin beynəlxalq aləmdə tanıdılması üçün müddəalar nəzərdə tutulubmu?
– Bəli. Sənəddə Xocalı faciəsinin anım mərasimlərinin keçirilməsi, beynəlxalq səviyyədə tanıdılması ilə bağlı dövlət qurumlarının vəzifələri öz əksini tapıb. Layihədə hər il 26 fevralın soyqırım günü kimi qeyd olunması və saat 17-də sükut dəqiqəsi elan edilməsi də var. Hər il keçirilən bu tədbirləri qanunun predmetinə çevirmək çox vacibdir. Təhsil müəssisələrində fevralın 26-da Xocalı mövzusunun ilk dərs saatı olması da nəzərdə tutulur.
– Bu qanunun qəbul olunacağı halda orada nəzərdə tutulanların hamı tərəfindən eyni şəkildə qarşılanacağını gözləyirsinizmi?
– Məhz bunun təmin olunması üçün layihədə faciənin inkarı ilə bağlı müddəa da öz əksini tapıb. Xocalı soyqırımının inkarına yönələn hər bir hərəkət və hərəkətsizlik, onun dolayı vasitələrlə şübhə altına alınması soyqırım qurbanlarının ruhuna hörmətsizlikdir. Layihədə göstərilir ki, faciənin inkarı Azərbaycan xalqının şərəf və ləyaqətinə təhqir hesab olunur və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandırılır. Həmçinin layihədə göstərmişəm ki, soyqırım günü ictimai iaşə obyektlərində spirtli içkilərin istifadəsi, əyləncə və şənlik tədbirlərinin, konsertlərin keçirilməsi qadağandır. Layihədə soyqrımı törədənlərin cəzalandırılması ilə bağlı maddələr də var. Hər il bu məsələ də müzakirə edilir və mən düşünürəm ki, bunun qanun şəkilində dövlət qurumlarının qarşısında qoyulması məsələnin daha düzgün həlli yoludur./APA/