“Yalama Aqropark”ın qarğıdalı sahələrində yüksək məhsuldarlıq əldə edilib

Bu il “Yalama Aqropark”da əkin aparılan 155 hektar ərazidən 2 min 314 ton qarğıdalı əldə olunub. Hər hektara düşən məhsuldarlıq 14,9 ton təşkil edib. Bu, qarğıdalı sahələri üçün yüksək məhsuldarlıq sayılır.

AZƏRTAC xəbər verir ki, “Yalama Aqropark”da qarğıdalı üzrə yüksək məhsuldarlıq səviyyəsinə nail olunmasında istehsal sahələri üzrə innovativ yanaşma və müasir texnologiyadan istifadə xüsusi tol oynayıb.

Sentyabrın ikinci ongünlüyündən başlayan dənlik qarğıdalı biçininə oktyabrın 15-də yekun vurulub.

Son 2 ildə “Yalama Aqropark” MMC-də dənlik qarğıdalı əkini üzrə orta məhsuldarlıq, ümumilikdə, 15 ton və ondan yuxarı olub. Bu, ölkə üzrə qeydə alınan ən yüksək göstəricidir.

Aqroparkın əkin sahələrində yeni toxum materialları və becərmə texnologiyaları sınaqdan keçirilir. İyirmi dörd hektar sahədə aparılan sınaq sahəsində ənənəvi “Pioneer” toxumu ilə yanaşı, digər 8 hibrid toxum da əkilib. Üç sort üzrə hər hektara 16 tondan çox, bir sort üzrə isə hektara 18 ton məhsuldarlıq qeydə alınıb. Sınaq əkinlərində fərqlənən toxumların növbəti il daha geniş ərazidə əkini planlaşdırılır.

“Yalama Aqropark”da əsas qaba yem komponenti olan silosluq qarğıdalı biçini də yekunlaşıb. Yüz hektar silosluq qarğıdalı əkinindən 4 min 500 ton yaşıl kütlə əldə edilib. Hər hektar üzrə 48 ton məhsuldarlıq silosluq qarğıdalı əkinləri üzrə yüksək məhsuldarlıq sayılır. Hazırda soya sahələrində də məhsul yığımı yekunlaşmaq üzrədir və yüksək məhsuldarlıq gözlənilir.

Məhsul yığımı ilə paralel olaraq növbəti il əkinləri üzrə torpağın hazırlanması və səpin işləri aparılır. İndiyə qədər 550 hektar sahə şumlanıb, 170 hektarda isə arpa əkini yekunlaşıb.

Ümumilikdə, “Yalama Aqropark”ın əkin dövriyyəsinə yenicə cəlb olunan Müqtədir kəndi ərazisində 400 hektar arpa və 100 hektar yonca əkinin aparılması nəzərdə tutulub.