1, 15 və 6 saylı cəzaçəkmə müəssisələrində məhkumların yarıdan çoxu səsvermədə iştirak edib

Elmira Süleymanova: Seçicilər arasında səsvermə prosesi aktivdir
Heydər Əliyev Mərkəzində “İpək Yolu Odisseyi” sərgisi açılıb
Bakıda “Avropa İttifaqına inteqrasiyada Avronest Parlament Assambleyası və vətəndaş cəmiyyəti qurumlarının əməkdaşlığının rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

1, 15 və 6 saylı cəzaçəkmə müəssisələrində bələdiyyə seçkilərini jurnalistlər müşahidə edib. 1 saylı müəssisədə 24 saylı Nizami birinci seçki dairəsinin 33 saylı seçki məntəqəsi yaradılıb. Həmin müəssisədə 940 məhkum qeydə alınıb. Onlardan 400 nəfərə yaxını saat 12:30-a olan məlumata görə, səsvermədə iştirak edib. Həmin məntəqədə məhkumlar 21 namizəd arasında 9 bələdiyyə üzvini seçməlidirlər.
15 saylı ciddi rejimli müəssisədə 24 saylı Nizami birinci seçki dairəsinin 32 saylı seçki məntəqəsi yaradılıb. 812 məhkumun səsvermə hüququ var. Saat 12:30-a olan məlumata görə, 450-ə yaxın məhkum səs verib.
6 saylı ümumi rejimli müəssisədə 24 saylı Nizami birinci seçki dairəsinin 31 saylı seçki məntəqəsi yaradılıb. Məntəqənin sədri Əli Ələkbərovun verdiyi məlumata görə, müəssisədə 895 məhkum iştirak edir, 12:30-a qədər 85 % məhkum səsvermədə iştirak edib.
Yuxarıda adıçəkilən müəssisələrdə indiyədək seçkilərin gedişi zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb. Müşahidəçilər seçkilərin obyektiv və şəffaf keçirildiyini, məhkumlara heç bir kənar təsir göstərilmədiyini deyiblər.
Azərbaycan cəzaçəkmə müəssisələrində bələdiyyə seçkiləri ilə bağlı 13 DSK və 22 seçki məntəqəsi yaradılıb. Cəzaçəkmə müəssisələrində 15 min 500 nəfərə yaxın şəxs seçkidə iştirak edəcək.
Onların 14 minə yaxını təqsirləndirilən şəxslər və məhkumlar, 1500 nəfəri isə Mühafizə Alayında və konvoy taborunda həqiqi hərbi xidmət keçən əsgərlərdir.
Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.
Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.
Azərbaycanda bundan əvvəl iki dəfə – 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.
MSK səsvermənin gedişi barədə saat 15.00, 17.00 və 19.00-da məlumat verəcək./Trend/