2022-ci ildə kənd turizmi sahəsində yeni sahibkarlıq subyektləri təsis olunacaq

Göyçayda selin dağıtdığı piyada körpüsü bərpa edildi
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış edib
Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında qeyri-formal görüş keçirilib

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında 2022-ci ildə kənd turizmi sahəsində yeni sahibkarlıq subyektləri təsis olunacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulur. Bu məqsədlə layihəyə müraciət edən uyğun namizədlərin seçimi aparıldıqdan sonra vətəndaşlar turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunacaq, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir işləri aparılacaq və lazımi avadanlıqlarla təchiz ediləcək. Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi ilə məşğul olmaq istəyən vətəndaşlar 2022-ci il yanvarın 28-dək müraciət edə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/m7dpQKdS5Lypft6a8 

Qeyd edək ki, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. Layihə KOBİA-nın və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə ilk dəfə İsmayıllı rayonunun Buynuz, Xanagah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində həyata keçirilib. Layihə çərçivəsində İsmayıllıda 15 kənd qonaq evi yaradılıb, 300 nəfərə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb. Bununla da 15 ailədən olan 40 nəfərə yaxın qadının və gəncin məşğulluğu təmin edilib. Yerli və xarici turistlərə qonaqlama xidməti göstərən kənd qonaq evləri sakinlərin gəlirlərinin artmasına və məşğulluqlarının təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına öz töhfəsini verir.

AZƏRTAC