27 il və 8 ay bundan qabaq

Azərbaycan Prezidenti: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir
ATƏT-in sədri: Minsk qrupunun işi ilə bağlı nikbinəm
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi Avropa Məhkəməsinə göndərilib


26 oktyabr 2020-ci il.

Xocalı soyqırımından 27 il və 8 ay keçir.

4 aydan sonra bu müdhiş faciənin 28-ci ildönümünü qeyd edəcəyik.

Təbii ki, bu günlərdə Xocalımızın ermənilərin əsarətindən qurtulacağına inanırıq. Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun son bir ay ərzində qazandığı uğurlar bizə bu əsası verir. Və ALLAH qoysa biz gələn ilin 26 fevralında Xocalı şəhidlərinin xatirəsini elə Xocalıda yad edəcəyik.

Ötən illər ərzində bu günü yaxınlaşdırmaq üçün çox işlər görülüb. Bütün dünyaya səs salmış uğurlu  “Xocalıya ədalət” kampaniyasını xatırlatmaq kifayətdir.

Fəxrlə deyə bilərəm ki, Xocalı soyqırımını daim diqqət mərkəzində saxlayan qeyri-hokumət təşkilatları sırasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) müstəsna yeri var. AVCİYA prezidenti Elxan Süleymanov 2017-ci ilin fevralında saytımıza verdiyi müsahibədə bunları vurğulamışdı:

“AVCİYA da Ermənistanın Azərbaycana təcavüzünün ən dramatik hadisəsi – Xocalı soyqırımı ilə bağlı müxtəlif illərdə böyük əks-səda doğurmuş tədbirlər həyata keçirib. 2006-cı ili Qarabağ ili elan edən AVCİYA Xocalı faciəsi şahidlərinin ifadələrini, faktları, hadisənin dünya mətbuatındakı əks-sədası ilə bağlı materialları toplayaraq, Azərbaycan, ingilis və rus dillərində “Xocalı soyqırımı (sənədlər, faktlar və xarici mətbuatda)” adlı kitabda çap etdirib. 2007-ci ildə “Xocalı soyqırımı: milyon imza, bir tələb” şüarı altında miqyaslı aksiya çərçivəsində Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması tələbilə bir milyon Azərbaycan vətəndaşının imzası toplandı. İmzalar kitab halında çap etdirilərək, qabaqcıl dünya ölkələrinin parlamentlərinə və kitabxanalarına, universitetlərinə göndərildi, BMT, ATƏT, AŞPA, Beynəlxalq Cinayət Məhkəməsinə  təqdim olundu. Xocalı hadisələri zamanı öldürülənlərin foto-şəkilləri bəzən ermənilər tərəfindən saxtalaşdırılaraq, erməni qurbanları kimi qələmə verilir. Növbəti erməni saxtakarlığının qarşısını almaq üçün AVCİYA 2010-cu ildə ingilis dilində “Bir faciə haqqında iki foto-söhbət” kitabını çap etdirdi. Kitaba Xocalı faciəsi ilə bağlı ən geniş yayılmış foto-şəkillərin müəllifi olan iki fotoqrafla söhbət və fotolar daxil edilib. Fotoqraflar fotoların lentə alındığı gün haqqında və həmin hadisələr barəsində öz təəssüratlarını söyləyirlər. Və hadisələrə heç bir qiymət vermədən mühakimə yürütmək hüququnu oxucunun öhdəsinə buraxırlar. AVCİYA-nın təşkilatçılığı ilə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Bakı şəhərində 24 fevral 2012-ci il tarixində “İnsanlığa qarşı cinayətlər: Xocalı soyqırımı” adlı beynəlxalq konfrans keçirilib.”

Bu müsahibə AVCİYA-nın “1905.az kitabı” seriyasından “Xocalı yaddaşı” kitabında da dərc edildi. Tədqiqatçı-jurnalist Səriyyə Müslümqızının, tarix üzrə fəlsəfə doktoru Boran Əzizin, tarix üzrə elmlər doktoru, professor Hidayət Cəfərovun, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun, Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri  İsmayıl Axundovun, Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ərtegin Salamzadənin, siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyevin, filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın, AZƏRTAC-ın əməkdaşı, fotojurnalist  İlqar Cəfərovun,  ehtiyatda olan polkovnik, publisist Kamil Dərələyəzlinin və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri  Şamil Sabiroğlunun müsahibələri ilə yanaşı… Bu kitabın nüsxələrinin erməni  tapdağından azad edilmiş, üçrəngli bayrağımızın dalğalandığı  Xocalının kitabxanalarında da yer alacağı günə lap az qalıb. Biz buna inanırıq!

Fuad Babayev