8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik

Azərbaycan Mətbuat Şurasının sədri, həmkarım Əflatun Amaşova Açıq Məktub
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il ötür
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib

Hörmətli xanımlar! 

Sizi – bütün Azərbaycan qadınlarını Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Azərbaycan qadınları tariximizin hər bir dövründə cəmiyyətin mənəvi dayağı olmuşlar. Xalqımızın əsrlər boyu təşəkkül tapmış zəngin milli mədəni sərvətlərinin hifz edilməsində və ali bəşəri keyfiyyətlərin nəsildən-nəslə ötürülməsində onların misilsiz xidmətləri vardır.

Yeni cəmiyyət quruculuğu şəraitində ictimai fəallıqlarını gücləndirərək sosial-mədəni həyatda yaxından iştirak etmələri Azərbaycan qadınlarının yüksək intellektual səviyyəsinin aydın təzahürüdür. Azərbaycanın dövlət müstəqilliyini bərpasından sonra da onlar sosial fəallıqları ilə seçilmiş, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində çoxsaylı nailiyyətlər qazanmışlar. Qloballaşma dalğasının ənənəvi dəyərlər sistemini sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda xanımlarımız milliliklə müasirliyin vəhdətini daxili aləmlərinin ayrılmaz tərkib hissəsinə çevirərək nəsillərin varisliyi prinsipini qoruyur və ədəbi-ictimai, elmi-mədəni fikir salnaməmizdə iz qoymuş maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirirlər.

Respublikamızda təşəbbüskar qadınlarımızın öz yaradıcı potensiallarını gerçəkləşdirmələri üçün əlverişli zəmin mövcuddur. Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətləri ilə onlar yeniləşən ölkəmizin ahəngdar yüksəlişinin təmin edilməsində əhəmiyyətli rol oynayırlar. Qadınlarımızın hazırkı ictimai mövqeyi və işgüzar nüfuzu vahid məfkurə ətrafında birləşmiş cəmiyyətimizin mühüm reallıqlarından biridir.

Əziz qadınlar!

Əminəm ki, siz hər zaman olduğu kimi bundan sonra da övladlarımızın milli mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək və Azərbaycanın inkişaf salnaməsinə parlaq səhifələr yazacaqsınız.

Bayramınız mübarək olsun!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2020-ci il.