SƏMƏDOV Pərviz Əbdüləhəd oğlu

RƏHİMOV Cavanşir İzzət oğlu
ZÜLFİQAROV Elxan Qaçay oğlu
İBRAHİMOV Nurəddin İslam oğlu

SƏMƏDOV Pərviz Əbdüləhəd oğlu (5.5.1970, Gəncə ş.– 15.5.1992, Ağdam r.-nunun Gülablı k.) – Azərbaycanın Milli Qəhrəmanı (7.6.1992, ölümündən sonra).

5 may 1970-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır. 1977-ci ildə 1 saylı Gəncə şəhər orta məktəbinin birinci sinfinə daxil olmuş və 1985-ci ildə səkkizinci sinfi bitirərək, təhsilini 15 saylı texniki-peşə məktəbində davam etdirmiş, burada avtomobil çilingəri ixtisasına yiyələnmişdir.

1988-ci ilin may ayında ordu sıralarına çağırılır. İki il Çita şəhərində xidmət edir və 1990-cı ildə doğma yurdu Gəncəyə qayıdır. Əvvəlcə M.D.Hüseynov adına Xalça Kombinatında, sonra isə Toxuculuq Kombinatında çalışır.

1992-ci ildə ermənilər daha da azğınlaşmışdı. Silahlı toqquşmalar ara vermirdi. Onun erməni quldurlarına qarşı qəzəbi və nifrəti gündən-günə artırdı. O, 1992-ci ilin 22 fevralında könüllü olaraq Ağdam bölgəsinə gəlir və burada kəşfıyyat bölüyünün komandiri kimi fəaliyyətə başlayır. Pərviz Səmədov Şelli, Naxçıvanik, Aranzəmin, Pircamal kəndləri uğrunda gedən döyüşlərdə misilsiz şücaətlər göstərir. Onun başçılıq etdiyi kəşfıyyat dəstəsinin fəaliyyəti nəticəsində düşmənin neçə-neçə sursat anbarı, strateji əhəmiyyətli obyekti və canlı qüvvəsi yerləşdirilmiş sığınacaqları aşkarlanıb məhv edildi.

1992-ci il… May ayının 15-i… Ağdamın Gülablı kəndində qızğın döyüşlər səngimək bilmirdi. Pərvizin bölüyü döyüşə atıldı. Ermənilər tərəfındən vurulmuş “Təcili yardım” vertolyotunun ekipajı quldurların caynağından xilas edildi. Lakin düşmən snayperi Pərvizdən yan keçmədi. Gənc ömrü qırıldı Pərvizin…

Ailəli idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Səmədov Pərviz Əbdüləhəd oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Gəncə şəhərində dəfn edilmişdir.

Gəncə şəhərində adına küçə var.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 263