YUSİFOV Naiq Nəsir oğlu

NURİYEV Elnur Eyvaz oğlu
MƏMMƏDOV Eldar Harun oğlu
ƏLİYEV Yunis Əsgər oğlu

YUSİFOV Naiq Nəsir oğlu (5.1.1970, Tovuz r.-nunun Ağdam k. – 24.3.1992, Tovuz r.-nunun Koxa-Nəbi k.) – Azərbaycanın Milli Qəhrəmanı (7.6.1992, ölümündən sonra).

5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində doğulmuşdur. 1987-ci ildə burada orta məktəbi bitirmişdir. Bir müddət sovxozda işləmiş və 1988-ci ildə Sovet Ordusu sıralarına çağırılmışdır. Əsgəri xidmətini Gürcüstan Respublikasının Texakaya şəhərində yerləşən rabitə batalyonunda başa vurmuş və 1990-cı ilin mayında Vətənə dönmüşdür. Həmin vaxtlarda respublikada gərgin vəziyyət yaranmışdı. Azərbaycanın Ermənistanla sərhəd bölgələri, demək olar ki, nəzarətsiz qalmışdı. Hələ Milli Ordu yaradılmadığına görə ərazilərə yalnız yerli özünümüdafıə dəstələri nəzarət edirdilər. Naiq də kənddə yaradılmış özünümüdafiə dəstəsinə yazılır. Onun ilk döyüşü “Çənlibel” deyilən yerdə olur. Bir dəstə erməni yaraqlıları Ağdam kəndinə tərəf irəliləyirdi. Bu vaxt döyüş dostları onun köməyinə çatır. Güclü müqavimətə rast gələn ermənilər pərən-pərən düşərək geri çəkilməyə məcbur olurlar. O, bu döyüşdən daha da ruhlanır.

24 mart 1992-ci il… Erməni quldurları Tovuz rayonunun Koxa-Nəbi kəndinə hücuma keçirlər. Naiq özünü döyüş yerinə çatdıranda kənd od içində yanırdı. O, cəld qumbaraatanı düşmənin PDM-na tuşlayır. Bir an içində maşını alov bürüyür. Naiq döyüş yoldaşlarını mühasirədən xilas etmək üçün irəliyə cumur. Lakin amansız ölüm onu haqlayır. Qumbara qəlpəsi onu yerə yıxır. Ayağa qalxmağa cəhd göstərir, bacarmır. Ona yaxınlaşan quldurlara avtomatdan atəş açır. Son gülləsi qalıncaya qədər vuruşur. Düşmənin əlinə keçməmək üçün əlindəki qumbaranı sinəsinə sıxır. Özü ilə bərabər ona yaxın erməni quldurunu da məhv edir.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Yusifov Naiq Nəsir oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Tovuz rayonunun Ağdam kəndində dəfn edilmişdir.

Vaxtilə təhsil aldığı orta məktəb Qəhrəmanın adını daşıyır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 277