ZÜLFÜQAROV Samir Xəlil oğlu

SARIYEV Zaur Rəşid oğlu
TEYMUROV Rizvan Rəhman oğlu
HÜSEYNOV Vüqar Tofiq oğlu

ZÜLFÜQAROV Samir Xəlil oğlu (3.7.1976, Şabran (keçmiş Dəvəçi) r. – 17.3.1995, Bakı ş.) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995, ölümündən sonra).

3 iyul 1976-cı ildə Şabran (keçmiş Dəvəçi) rayonunun Ağbaş kəndində dünyaya göz açmışdır. O, səkkizinci sinfə kimi burada oxumuşdur. Ailə vəziyyəti ağır olduğu üçün, məktəbi yarımçıq qoyaraq atası ilə bərabər işləmiş, ailələrinə dayaq olmuşdur. 1994-cü ilin avqustunda Şabran rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmişdir.

Samir Zülfuqarov Yaşma qəsəbəsində yerləşən hərbi hissələrin birində xidmət edirdi. Vətəni canından əziz tutan bu gənc əsgər hərbi xidmətini şərəflə yerinə yetirir və bundan qürur duyurdu. Komandirləri nizam-intizamlı, nümunəvi əsgər olduğunu nəzərə alaraq ona qısamüddətli məzuniyyət vermişdilər. Bu vaxt respublikada vəziyyət yenidən gərginləşmişdi. Bir qrup cinayətkar ünsürlərdən ibarət silahlı dəstə hakimiyyəti ələ keçirmək üçün dövlət çevrilişi etmək istəyirdi. Samir bu hadisədən bərk narahat olmuşdu. Belə bir vaxtda o, evdə necə otura bilərdi?

Cəld hərbi paltarını geyinib, döyüş yoldaşlarının yanına qayıtdı. Milli Ordunun əsgərləri dövlət çevrilişinə cəhd edən qüvvələrlə üz-üzə dayanmışdı. Onlarla aparılan danışıqlar nəticə vermədi. Qan töküldü. Samir dövlətçiliyimiz, suverenliyimiz uğrunda canını qurban verdi. 17 mart 1995-ci ildə o, əbədiyyətə qovuşdu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Zülfüqarov Samir Xəlil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Şabran rayonunun Ağbaş kəndində dəfn edilmişdir.

Şabran rayon 3 saylı orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 281