Heykəltəraş Elmira Hüseynovanın xatirəsi anılıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə 100 yerlik körpələr evi-uşaq bağçası inşa edilib
Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib
Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayıb

İyunun 5-də Tahir Salahovun İçərişəhərdəki ev-muzeyində Azərbaycanın Əməkdar Rəssamı, heykəltəraş Elmira Hüseynovanın xatirəsinə həsr olunmuş tədbir keçirilib.

…Hər birimiz Nizami küçəsində gəzərkən divarında “Burada 1908-ci ildə məşhur həmvətənimiz, Nobel mükafatı laureatı, dünya şöhrətli fizik Lev Landau anadan olub” yazılmış xatirə lövhəsi olan evin yaxınlığından yəqin ki, dəfələrlə keçmişik. Bu il dünya ictimaiyyəti görkəmli alimin anadan olmasının 110 illiyini təntənəli şəkildə qeyd edir. Alimin xatirəsi onun həmyerlilərinin – bakılıların qəlbində də yaşayır. Lakin günümüzdə çox az adam bu xatirə lövhəsinin müəllifinin Leninqrad (indiki Sankt-Peterburq) Rəssamlıq Akademiyasının məzunu, Azərbaycanın Əməkdar Rəssamı, heykəltəraş Elmira Hüseynova olduğunu bilir. Bu, rəssamın son işlərindən biridir.

Elmira xanım 1995-ci ildə dünyasının dəyişib, bu günlər onun 85 yaşı tamam olacaqdı.

Elmira Hüseynovanın əsərləri uzun illərdir Bakının küçələrini bəzəyir. Onların arasında M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının fasadında qoyulmuş heykəltəraşlıq ansamblında rus kimyaçı alimi D.S.Mendeleyevin heykəlini, Fəxri xiyabanda Cəfər Cabbarlının məzarı üzərindəki barelyefi, habelə İçərişəhərdə Həsən bəy Zərdabinin heykəlini göstərmək olar.

Tanınmış heykəltəraş Vera Muxina deyib: “Yaradıcılıq həyat eşqidir”. Bu kəlam gənclik illərində qadınlara çox da xas olmayan heykəltəraş peşəsini seçmiş Elmira xanımın həyat və yaradıcılıq yolunun qısa xülasəsidir. O, müharibədən sonrakı ağır illərdə əsasən daha çox oğlanların oxuduğu Bakı Rəssamlıq Məktəbində təhsil alıb. Gənc Elmira bu məktəbi bitirdikdən sonra onlarla birlikdə Leninqrada getməyi, oradakı Rəssamlıq Akademiyasında təhsilini davam etdirməyi qərara alıb.

Elmira xanımın eyni kursda təhsil aldığı tanınmış heykəltəraşlar Tokay Məmmədov, Əhməd Tsalikov, Albert Mustafayev, Qorxmaz Sücəddinov Azərbaycan təsviri sənətinə böyük töhfələr veriblər.

Tanımış heykəltəraş Elmira xanım həm də bacarıqlı ev xanımı, mehriban və qayğıkeş ana idi. Onun uşaqlarla bağlı daşdan yonulmuş əsəri Almaniyanın şəhərlərindən birində Dostluq Parkını bəzəyir.

Elmira Hüseynovanın hazırda Fransada yaşayan qızı Əsmər Nərimanbəyova “skype” vasitəsilə tədbir iştirakçıları ilə anası haqqında xatirələrini bölüşüb.

Sonda istedadlı heykəltəraş haqında Azərbaycan kinematoqrafçılarının 1975-ci ildə lentə aldıqları sənədli filmin kadrlarından ibarət videoçarx göstərilib.

AZƏRTAC