Prezident İlham Əliyev: TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür

Türk Şurasının Zirvə görüşünün koronavirusa həsr olunması böyük hadisədir
Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan parlamentinin spikerinin iddialarına cavab verib
Yeni koronavirus ştamı yunan əlifbasının 15-ci hərfi “omikron” adlandırılıb

Xəbər verdiyimiz kimi, iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP – Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Qeyd edək ki, Trans-Anadolu qaz kəməri layihəsinin icrası müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdü. Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyətləri bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Ölkəmizin iqtisadi qüdrətinin, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu bir daha təsdiqləyən TANAP bununla da Azərbaycanın dünyanın siyasi və iqtisadi həyatındakı yerini və özəlliyini nümayiş etdirdi.

AZƏRTAC xəbər verir ki, TANAP qaz kəmərinin istifadəyə verilməsi mərasimi bu möhtəşəm layihə haqqında videoçarxın nümayişi ilə başladı.

Mərasimin əvvəlində SOCAR-ın prezidenti Rövnəq ABDULLAYEV və Türkiyənin enerji və təbii sərvətlər naziri Berat ALBAYRAK Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində bir çox uğurlu layihələrin həyata keçirildiyini, “Enerjinin İpək yolu” adlandırılan TANAP layihəsinin həm də qardaşlığın daha da möhkəmlənməsinə qoyulan sərmayə olduğunu bildirdilər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Əziz qardaşım, hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan.

Hörmətli prezidentlər.

Xanımlar və cənablar.

İlk növbədə, qardaş Türkiyə torpağında yenidən olmağımdan məmnunluğumu ifadə etmək istərdim. Biz Azərbaycanda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş uğurlara çox sevinirik. Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya çapında böyük gücə çevrildi. Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir. Biz Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir.

Bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.

Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl – 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır.

Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılmış və bir çox tədbirlər keçirilmişdir. Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmamışdır. Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, biz özümüz yeni bir layihəni irəli sürək və bunun adını da biz birlikdə qoyduq – TANAP. TANAP üzrə anlaşmanı 2012-ci ildə İstanbul şəhərində Rəcəb Tayyib Ərdoğan və mən imzaladıq. O gün həmin imzalanma mərasimində biz bugünkü günü görmək arzumuzu ifadə etdik və Allah bizə bunu nəsib etdi. Biz bu illər ərzində böyük işlər gördük. TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi iki həftə bundan öncə – mayın 29-da Bakıda təşkil edilmişdir. Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. “Şahdəniz-2” qaz yatağının işlənilməsi, – o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, – Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın.

“Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz Dəhlizinin önəmi məhz bundadır – enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. “Cənub Qaz Dəhlizi” həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir.

Bu böyük işlərin icrasında SOCAR, BOTAŞ və BP şirkətləri iştirak ediblər, onlar TANAP-ın səhmdarlarıdır. Mən onlara öz təşəkkürümü bildirmək istəyirəm. Bu işlərdə iştirak etmiş bütün şirkətlərə təşəkkürümü bildirmək istəyirəm ki, onlar bu böyük işi yüksək keyfiyyətlə və qısa müddət ərzində görə bildilər. Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir. Əgər işimizin əvvəlində – 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün qeyd etdiyim kimi, yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun.

Bir daha demək istəyirəm ki, bu gün tarixi bir gündür. Bu günün mümkünlüyü ancaq və ancaq güclü siyasi iradə nəticəsində olmuşdur. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Əlbəttə, bir daha demək istəyirəm, Türkiyənin xarici sərmayə üçün çox gözəl ölkə kimi özünü təqdim etməsi imkan verdi ki, Türkiyəyə böyük yatırımlar qoyulsun. Son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulubdur, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaqdır.

Bu gözəl hadisə münasibətilə sizi, xalqlarımızı, bizim bütün dostlarımızı ürəkdən təbrik etmək istəyirəm, TANAP-a yaxşı yol arzulayıram. Sağ olun.

X  X  X

Şimali Kipr xalqının lideri Mustafa AKINCI TANAP-ın əhəmiyyətindən danışaraq bu cür nəhəng layihələrin Türkiyə ərazisindən keçməsinin regional təhlükəsizliyə və sabitliyə töhfə verdiyini bildirərək dedi:

-Cənab Prezident Əliyevin çıxışını dinlədikdən sonra mən öz çıxışımda kiçik bir dəyişiklik edirəm. Azərbaycan Prezidenti Türkiyə və Azərbaycanın qardaşlığından çox gözəl bəhs etdi. Mən də deyirəm ki, daha bir qardaşınız var: Şimali Kipr xalqı. Bu qardaşınız Türkiyədə və Azərbaycanda bir faciə olduqda Şimali Kiprdə yaşayan qardaşlarınız bu ağrını Sizin kimi ürəklərində hiss edirlər. Bir sevinc olduqda Sizinlə birlikdə sevinirlər. Buna görə bu gün həm Azərbaycan, həm də Türkiyə üçün çox mühüm olan bu gözəl tarixi tədbirdə Sizinlə birlikdə olmaqdan duyduğum xoşbəxtliyi ifadə etmək istəyirəm. Bu gözəl tədbirin Türkiyəyə və Azərbaycana, bütün insanlığa xeyirli olmasını diləyirəm.

İnanıram ki, TANAP layihəsi zamanımızın mütərəqqi əməkdaşlığına yaxşı bir nümunədir. Xəzər dənizindəki təbii ehtiyatların ən münasib marşrutlarla daşınaraq Türkiyəyə və oradan da Avropa bazarlarına nəql edilməsi bölgədə iqtisadi inkişafa və təhlükəsizlik mühitinin yaranmasına da töhfə verəcək.

X  X  X

Serbiya Prezidenti Aleksandr VUÇİÇ çıxış edərək strateji bağlantı funksiyasını yerinə yetirən TANAP layihəsinin təbii qaz dəhlizinin mühüm amili olduğunu bildirdi. O, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən bu layihənin Cənub-Şərqi Avropanın tərəqqisində mühüm rol oynayacağını, bu regiona yeni investorların gəlişinə təsir göstərəcəyini, Serbiyanın da inkişafına töhfə verəcəyini vurğulayaraq dedi:

– Fürsətdən istifadə edərək əvvəla, bu müstəsna layihəni həyata keçirənlərə, eyni zamanda, bu layihənin reallaşmasına öz baxışları ilə stimul verənlərə təbriklərimi çatdırmaq istəyirəm. Möhtərəm Prezident Ərdoğan, möhtərəm Prezident Əliyev və bu gün bizim burada toplaşmağımıza səbəb olan digər tərəflər, xahiş edirəm, mənim təbriklərimi qəbul edin.

Bu gün Türkiyənin Əskişəhər şəhərində keçirilən mərasimdən əvvəl – Bakıda may ayının sonunda “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasimi keçirilmişdir. TANAP bu layihənin əsas təməl daşlarından biridir. Bu layihə Avropada digər regionların da enerji təhlükəsizliyinə verdiyi töhfə baxımından çox mühüm əhəmiyyət kəsb edir. Məndə məmnunluq doğuran fakt odur ki, bu yaxınlarda Prezident Əliyevin qonağı qismində Azərbaycana rəsmi səfər etmişdim və bununla da Serbiya beynəlxalq arenada uğurlu dostluq körpüləri yaradan ciddi və etibarlı tərəfdaş kimi təsdiq edilmişdir.

X  X  X

Ukrayna Prezidenti Petro POROŞENKO çıxışında Avropa üçün son dərəcə önəmli olan TANAP qaz xəttinin açılışının enerji qaynaqlarının şaxələndirilməsi istiqamətində atılan mühüm addım olduğunu dedi. Türkiyənin və Azərbaycanın birgə səyləri sayəsində Cənub Qaz Dəhlizinin önəmli seqmentinin artıq tamamlandığını vurğulayan Petro Poroşenko bu layihənin uğurla icra olunmasında Azərbaycan və Türkiyə prezidentlərinin xidmətlərini qeyd edərək dedi:

– Azərbaycanın və Türkiyənin birgə qətiyyəti, eləcə də digər Avropa ölkələrinin töhfəsi sayəsində Cənub Qaz Dəhlizinin bu aparıcı seqmenti tamamlanıb. Bundan sonra bütün region enerji təhlükəsizliyi perspektivlərinin genişlənməsindən faydalana biləcək.

TANAP enerji təhlükəsizliyi deməkdir. TANAP Azərbaycan xalqının böyük lideri, mənim böyük dostum İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın enerji təhlükəsizliyi, türk xalqının böyük lideri, Ukraynanın böyük dostu və mənim böyük dostum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin enerji təhlükəsizliyi, eyni zamanda, iki böyük liderin – Prezident Əliyevin və Prezident Ərdoğanın misilsiz birliyi sayəsində Avropanın enerji təhlükəsizliyi, Avropanın qaz təchizatının şaxələndirilməsi və Avropanın rəqabətliliyi deməkdir. Bu, Ukraynanın enerji təhlükəsizliyi, Ukraynanın qaz təchizatının şaxələndirilməsi və Ukraynanın rəqabətliliyi deməkdir. Mən Ukrayna xalqı adından bu mühüm TANAP layihəsinin müəllifləri olan Prezident Əliyevə və Prezident Ərdoğana təşəkkürümü bildirmək istəyirəm.

X  X  X

Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir. Uzunluğu 1850 kilometr olan TANAP boru kəmərinin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. İlkin mərhələdə layihənin illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

AZƏRTAC