Azərbaycan Prezidentinin və Almaniyanın Federal Kanslerinin birgə mətbuat konfransı olub

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun ilk iclası Bakıda keçiriləcək
Bakıda seminar-məşğələ keçirilib
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin birgə mətbuat konfransı olub.

 

 

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və Federal Kansler xanım Angela Merkel mətbuat konfransında çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı

– Hörmətli xanım Kansler.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, hörmətli xanım Kansler, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Bu, Almaniya Kanslerinin Azərbaycana ilk səfəridir, bu, tarixi bir səfərdir. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər nəticəsində Almaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcək, bu səfər əlaqələrimizə yeni təkan verəcəkdir.

Bu gün biz gündəlikdə duran bir çox məsələləri çox açıq, konstruktiv şəkildə müzakirə etdik. Əminəm ki, aparılan danışıqlar, keçirilmiş fikir mübadiləsi gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır.

Mən xanım Kanslerə regional təhlükəsizlik məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verdim. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur, onları icra etmir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır.

Biz bu gün digər məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Aramızda olan ticarət dövriyyəsi artır. Bu gün biz Almaniya və Azərbaycan biznes dairələrinin nümayəndələri ilə görüşəcəyik. Almaniyadan olan şirkətlər Azərbaycanda bir çox layihələrdə iştirak edirlər və əminəm ki, bu səfərdən sonra onların buradakı fəaliyyəti daha da genişlənəcək, buna böyük imkanlar var. Azərbaycan indi iqtisadi şaxələndirmə siyasətini uğurla aparır, çox böyük sərmayələr qoyulur, sərmayə iqlimi də çox müsbətdir. Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulubdur ki, bunun da təxminən yarısı xarici sərmayədir.

Enerji təhlükəsizliyi məsələləri, əlbəttə ki, diqqət mərkəzindədir. Azərbaycan bu sahədə öz rolunu oynayır və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir. Xüsusilə Cənub Qaz Dəhlizinin yaradılması tarixi hadisə kimi qəbul edilir. Bu, çox böyük, genişmiqyaslı layihədir, 40 milyard dollar sərmayə tələb edən layihədir və uğurla icra edilir. Bu ilin may ayında Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur.

Biz xanım Kanslerlə, eyni zamanda, demokratiya, insan haqlarının qorunması ilə bağlı fikir mübadiləsi apardıq və bu sahədə əməkdaşlığımızı davam etdirmək fikrindəyik. Avropa İttifaqı-Azərbaycan əlaqələri də müzakirə edildi, biz bu əlaqələrin inkişafından çox razıyıq. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanmışdır və böyük saziş üzərində çox konstruktiv şəkildə iş aparılır. Ümid edirəm ki, danışıqlar yaxın zamanlarda uğurla başa çatacaq və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni dövr başlanacaqdır.

Bir sözlə, bu gün bu və digər məsələlər, o cümlədən regional vəziyyətlə bağlı məsələlər də müzakirə edildi. Bu göstərir ki, aramızda olan münasibətlər doğrudan da səmimidir, dostluq münasibətləridir və səfərin də bu münasibətlərin möhkəmlənməsində çox böyük rolu olacaqdır.

Hörmətli xanım Kansler, bir daha xoş gəlmisiniz!

Almaniyanın Federal Kansleri Angela Merkelin
çıxışı

-Hörmətli cənab Prezident.

Sizə bu səmimi qəbula görə təşəkkür edirəm. Bugünkü çox intensiv diskussiyaya görə də Sizə təşəkkür etmək istəyirəm. Bu, Federal Kansler kimi mənim Azərbaycana ilk səfərimdir və ilk imkan idi ki, ölkələrimiz arasında münasibətləri burada açıq şəkildə müzakirə edək, əməkdaşlığımızı davam və inkişaf etdirək.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyini qeyd edir. Azərbaycan artıq ənənələri olan bir dövlətdir.

Bizim ikitərəfli münasibətlərimiz onunla xarakterizə olunur ki, bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşımız var. Azərbaycanda xarici ticarət palatamız var, burada 150 alman müəssisəsi fəaliyyət göstərir. Azərbaycan da, öz növbəsində, iqtisadiyyatın şaxələndirilməsinin həyata keçirilməsində maraqlıdır və Almaniya bu sahədə öz ciddi töhfəsini verə bilər. Bu gün birgə biznes forumu da buna xidmət edəcək və orada detallar barədə danışacağıq.

Azərbaycan Avropa İttifaqının enerji şaxələndirilməsində də güclü bir amildir və Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq. Biz Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasını yüksək qiymətləndiririk. Bu, Avropa ilə ticarət əlaqələrini genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq.

Biz Azərbaycanın daxili vəziyyəti, insan hüquqları barədə çox açıq şəkildə söhbət etdik. Bütün məsələlərdə həmişə tam eyni mövqe olmasa da, biz dünyəvi dövlətin qurulmasının, açıq demokratik şəraitin yaradılmasının vacib və arzuedilən olduğu barədə danışdıq.

Dağlıq Qarabağ məsələsi haqqında açıq danışdıq. Mən bir daha vurğuladım ki, Almaniya bu münaqişənin həllində maraqlıdır və biz buna Minsk qrupu çərçivəsində öz töhfəmizi verəcəyik. Ermənistanda yeni hökumətin qurulması faktı bəlkə də bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola bilər və Almaniya da burada iştirak edə bilər. Biz regionun təhlükəsizliyi haqqında da danışdıq. Azərbaycanın coğrafi vəziyyəti çox maraqlıdır, yəni, bir tərəfdən Rusiya, bir tərəfdən İranla əhatə olunub, Türkiyə ilə əlaqələri var. Biz bu fikirlə razıyıq ki, münaqişələr sülh, danışıqlar yolu ilə həll olunsun və bu regionda mövcud olan bütün münaqişələr sülh yolu ilə həll edilməlidir.

Bizim bundan sonrakı dialoqumuzun intensivləşdirilməsi üçün şərait və əsaslar var. Bəzən fərqli fikirlər olanda da bu barədə danışmaq və fikir mübadiləsi aparmaq lazımdır və qarşı tərəfin fikrinə də diqqətlə qulaq asmaq lazımdır. Ona görə də mən Sizə müzakirələr üçün təşəkkür edirəm, çox sağ olun.

X X X

Sonra Prezident İlham Əliyev və Federal Kansler Angela Merkel jurnalistlərin suallarını cavablandırdılar.

Mixaela Küfner (Deutsche Welle): Prezident Əliyev, Siz münasibətlərdə inkişafdan danışdınız. Bu yaxınlarda, müxalifət lideri İlqar Mahmudov azadlığa buraxılıb. Araşdırma aparan bir çox jurnalist, o cümlədən Əfqan Muxtarlı həbsdə qalır. Buna görə Avropa Şurası sizi tənqid edir. İndicə istinad etdiyiniz kimi, Almaniya və Avropa İttifaqı ilə bu cür sıx iqtisadi əməkdaşlıqla, siz Avropa Şurasında Əfqanıstan kimi özünüz üzərinizə götürdüyünüz öhdəlikdən irəli gələrək, bir daha insan hüquqları standartlarına doğru addımları atmağa başlayacaqsınızmı? Söhbət zamanı Alman Kansleri bu konkret hallarla bağlı Sizinlə danışdımı?

Xanım Federal Kansler, Siz burada Avropa dəyərlərini də təmsil edirsiniz, bu, hazırda Brüsseldə də qızğın müzakirə mövzusudur. Bu kontekstdə Siz tərəfdaş Azərbaycanı hansı standartlara uyğun ölçürsünüz? Siz xatırlatdınız ki, Almaniya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətini artıracaqdır. Bəlkə konkret ifadə edəsiniz bu necə olacaqdır? Əlbəttə münaqişəni yox, münaqişənin həllini nəzərdə tuturam.

Prezident İlham ƏLİYEV:

– İlk növbədə, onu qeyd etməliyəm ki, Azərbaycan demokratik dəyərlərə sadiq ölkədir. Azərbaycanda bütün demokratik təsisatlar mövcuddur, bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqanı fəaliyyət göstərir ki, onların arasında müxalifət mətbuatı da kifayət qədər çoxdur. Yəni, Azərbaycanda heç kim tənqidə, fərqli baxışa görə təqib olunmur, heç kim cəzalandırılmır. Azərbaycanda sərbəst toplaşma azadlığı da təmin edilir və istənilən siyasi qüvvə bu imkanlardan istifadə edə bilər.

Bildiyiniz kimi, bu il Azərbaycanda prezident seçkiləri keçirilmişdir. Seçkilər ərəfəsində və seçkilərdən sonra müxalifət bir çox aksiya, mitinqlər keçirmişdir – azad, sərbəst şəkildə, heç bir maneəsiz. O başqa məsələdir ki, o aksiyalara min nəfərdən çox adam gəlməmişdir. Bu da yəqin ki, müxalifətin hansı hörmətə malik olduğunu göstərir, ancaq heç bir məhdudiyyət qoyulmur.

Azərbaycan demokratik dəyərlərə, insan haqlarına sadiqdir. Avropa Şurası təkcə Azərbaycanı yox, bir çox ölkələri tənqid edir. Biz bu tənqidə normal yanaşırıq. Əgər tənqid əsaslıdırsa, biz, əlbəttə, nəticə çıxarırıq. Əgər biz hesab ediriksə, bu tənqid əsassızdır, qərəzlidir, ikili standartlara əsaslanır, əlbəttə ki, öz sözümüzü deyirik, açıq şəkildə bildiririk. Mən də giriş sözümdə qeyd etdim ki, xanım Kanslerlə insan haqları, demokratik inkişafla bağlı məsələlər açıq, konstruktiv şəkildə müzakirə edildi və bu məsələlər bundan sonra da müzakirə olunacaq.

Bizim gündəliyimiz çox genişdir və müzakirə olunan bütün məsələlər eyni əhəmiyyət daşıyır – energetika, nəqliyyat, ticarət, regional təhlükəsizlik, o cümlədən demokratik inkişaf. Avropa İttifaqı ilə Azərbaycan arasında bu gün müzakirə olunan yeni sazişdə də demokratik məsələlərə geniş yer ayrılır. Yəni, biz bu yola şüurlu şəkildə getmişik, heç kim bizi məcbur etməyib. Azərbaycan müasir, demokratik ölkə kimi bundan sonra da uğurla inkişaf edəcək, bizim siyasi və iqtisadi islahatlarımız bir-birini tamamlayaraq Azərbaycanı daha da yüksək səviyyəyə çıxaracaqdır.

Federal Kansler Angela MERKEL:

– Bizim üçün demokratik dəyərlərdə heç bir dərəcələnmə yoxdur. Bizim demokratik dəyərlərin nə olduğu barədə aydın təsəvvürümüz var. Bu diskussiya həm ikitərəfli, həm də Avropa Şurası çərçivəsində aparılır. Mən arzu edərdim ki, Azərbaycan seçkilərin təşkilində də dialoq aparsın. Bu məsələləri biz bu gün ətraflı müzakirə etdik, standartlarımız həmişə eynidir, perspektivdən dəyərləndirilir.

Biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Minsk qrupunda fəaliyyətimizi davam etdirəcəyik. Mən bu dəfə hər iki ölkəyə səfər etdim və bununla da məsələnin təcili və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı. Biz səylərimizi artıracağıq və bütün tərəflər də iştirak etməlidir ki, bir həll yolu tapılsın və biz buna töhfəmizi verəcəyik.

Elşən Rüstəmov (1news): Ermənistan Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal altında saxlayır və xalqımıza qarşı hərbi cinayətlər törətmişdir. Ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən dəhşətli soyqırımı nəticəsində 600-dən çox dinc sakin, o cümlədən 60-dan çox uşaq vəhşicəsinə qətlə yetirilib. Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin təxminən 20 faizi işğal olunub. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onların əmlakları, evləri talan edilib, dağıdılıb və bu insanların fundamental insan haqları kobud şəkildə pozulub. BMT Təhlükəsizlik Şurası Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin Ermənistan onlara məhəl qoymur və onları icra etmir. Nə üçün bu günə qədər Ermənistana qarşı sanksiyalar tətbiq edilməyib?

Federal Kansler Angela MERKEL:

– Bir qədər əvvəl dediyim kimi, biz həll yolunun axtarılması üzərində işləyirik. Mən çox şadam ki, hazırda heç olmasa müəyyən sakitlik var. Yəni, hazırda insanlar orada zərər çəkmirlər və əlbəttə, Almaniya BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək və aidiyyəti regionlarda insanların vəziyyətinin yaxşılaşması üçün məsələnin həllini tapmağa çalışacaq.

Kristian Vilp (RTL/n-tv): Mənim sualım həm cənab Prezidentə, həm də xanım Kanslerə ünvanlanıb. Cənab Prezident, Siz Azərbaycandan Avropaya uzanan qaz kəməri – Cənub Qaz Dəhlizindən danışdınız. Siz bu kəmərin ötürücülük qabiliyyətinin artırılmasını və Xəzər dənizi vasitəsilə Türkmənistana qədər uzadılmasını dəstəkləyirsinizmi? Xanım Federal Kansler, Siz bu məsələni necə görürsünüz? Aktual vəziyyətlə bağlı digər bir sualı da xanım Kanslerə ünvanlamaq istərdim. İtaliya hədələmişdir ki, əgər İtaliyaya gələn qaçqınlar Avropa İttifaqı miqyasında paylanmasalar, Avropa İttifaqına ödənişləri azaldacaq. Siz bu məsələni necə görürsünüz? Bu, hansı nəticələri doğuracaqdır? Biz qaçqınlar mövzusundan danışmışkən, Siz Almaniyada öhdəlik ili ilə əlaqədar ölkədəki qaçqınlar haqqında nə düşünürsünüz?

Prezident İlham ƏLİYEV:

– Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanda bütün işlər qrafik üzrə gedir. Cənub Qaz Dəhlizi nəhəng beynəlxalq layihədir, dörd layihədən ibarətdir – “Şahdəniz-2” qaz-kondensat yatağının işlənməsi, Azərbaycan qazını Gürcüstan üzərindən daşıyan Cənubi Qafqaz boru kəməri, Azərbaycan qazını Türkiyəyə daşıyan TANAP və sonuncu, dördüncü hissə isə TAP-dır – Transadriatik kəmər. Dörd hissənin üçü artıq reallaşıb və TANAP-ın açılışı bu ilin iyun ayında baş verib. Qalan hissənin tikintisi prosesi gedir, ümid edirəm ki, burada da heç bir problem olmayacaq və vaxtında – yəni, 2020-ci ildə Azərbaycan qazı 3500 kilometrlik boru xətti ilə Avropa bazarına çıxarılacaq. Beləliklə, Avrasiyanın enerji xəritəsinə çox dəyərli bir töhfə veriləcək. Bununla Azərbaycan qarşısında duran enerji təhlükəsizliyi ilə bağlı olan bütün məsələləri həll etmiş olur. Çünki əvvəlki illərdə tikilən Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan neftini Aralıq dənizinə çatdırır. Qara dənizə aparan Bakı-Supsa kəməri bizim təşəbbüsümüzlə tikilib, Bakı-Ərzurum qaz kəməri çəkilib və bu dördüncü layihə ilə biz qarşımızda duran bütün vəzifələri icra edirik.

Azərbaycanın tranzit imkanlarına və bizim münasibətimizə gəlincə, əlbəttə, hər bir ölkə istəyər ki, onun ərazisindən daha çox yük keçsin. Hazırda biz Türkmənistan neftini Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarlarına çatdırırıq və eyni zamanda, Orta Asiyanın quru yüklərini Azərbaycan ərazisindən yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə çıxarırıq. Ancaq əlbəttə ki, Transxəzər kəmərinin tikintisi daha çox qazın sahibi üçün maraqlı olmalıdır, tranzit ölkələr burada təşəbbüs göstərməməlidir. Necə ki, biz qazın sahibi kimi 3500 kilometrlik kəmərin tikintisinə start verdik, böyük maliyyə vəsaiti ayırdıq. Ona görə də əgər Xəzərin şərq hissəsində öz qazını Azərbaycan üzərindən dünya bazarına çıxarmaq qərarı olarsa, biz əlbəttə ki, buna çox maraqla baxa bilərik və onda öz qərarımızı verə bilərik. Ancaq bu qərar bizim yox, qarşı tərəfin olmalıdır.

Federal Kansler Angela MERKEL:

– Bilirsiniz ki, Brüsseldə hazırda qaçqınların Avropada bölüşdürülməsi ilə bağlı müzakirələr aparılır. Bütün ölkələr öz fikirlərini bildirir. Avqustun sonunadək vaxtımız var və ümid edirəm ki, bu vaxt ərzində biz uğur qazanacağıq. Bu danışıqlar heç də asan deyil. İkinci sualınıza dair deyim ki, biz danışıqları davam etdiririk, bütün mövqelərlə tanış olmağa hazırıq və prinsipial məsələlər haqqında qərar da bundan sonra veriləcək.

Sevil Mikayılova (Trend informasiya agentliyi): Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin təxminən 70 faizi Azərbaycanın payına düşür. Hazırda Azərbaycanda iqtisadi sahədə çox ciddi islahatlar aparılır, iqtisadiyyatın şaxələndirilməsinə xüsusi diqqət göstərilir, sənaye, qeyri-neft sənayesi, kənd təsərrüfatı, infrastruktur, İKT, turizm sahələri sürətlə inkişaf edir. Bu gün Siz və Prezident İlham Əliyev Almaniya biznesmenləri ilə də görüşəcəksiniz. Sizcə, qeyd etdiyim sahələrlə bağlı Almaniya iş adamları Azərbaycanda hansı işləri görmək istərdilər və hansı planları var?

– Federal Kansler Angela MERKEL:

– Mən buraya işgüzar nümayəndə heyəti ilə birgə gəlmişəm. Şirkətlər tərəfindən müxtəlif təkliflər var. Qeyd edə bilərəm ki, tikinti və infrastruktur sahələrində, eləcə də tikinti materialları sahəsində layihələr var. Biz aqrar sahədə, kənd təsərrüfatı maşınlarının texnologiyası, eləcə də rəqəmsallaşdırma, təhsil sahələrində fəaliyyət göstərə bilərik. Bundan başqa, təhlükəsizliklə bağlı sənədlərin – pasportların, şəxsiyyət vəsiqələrinin və banknotların hazırlanması sahəsində də alman şirkəti iştirak edir. Burada çox böyük, geniş seçim var. Biz Azərbaycanın istədiyi bütün sahələrdə iştirak edə bilərik. Qeyd etdiyim kimi, Azərbaycanda artıq 150 müəssisəmiz fəaliyyət göstərir. Biz digər alman şirkətlərini dəvət edirik ki, onlar da burada iştirak etsinlər.