Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir
XİN: Qarabağ münaqişəsinin həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq
Ali Məhkəməyə hakimlər təyin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Avstriya arasında əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayaraq Avstriyanın keçmiş Prezidenti Haynts Fişerin Azərbaycana və özünün Avstriyaya rəsmi səfərini məmnunluqla xatırladı. İqtisadi sahədə əməkdaşlığın da çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev bir sıra Avstriya şirkətlərinin uzun illərdir Azərbaycanda uğurlu fəaliyyət göstərdiklərini vurğuladı. Dövlətimizin başçısı əminliklə qeyd etdi ki, Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxenin böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsi onların ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaradacaq və səfər zamanı idman, nəqliyyat və digər sahələrdə əməkdaşlıqla bağlı aparılan danışıqlar ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir.

 

Vitse-kansler Haynts-Kristian Ştraxe Avstriya Respublikasının Kansleri Sebastian Kurtsun salamlarını dövlətimizin başçısına çatdırdı. Haynts-Kristian Ştraxe qeyd etdi ki, böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin əsas məqsədi yaxşı səviyyədə olan Avstriya-Azərbaycan əlaqələrini daha da dərinləşdirmək və əlaqələrimizin xoş ənənələrindən çıxış edərək bu işlərə töhfə vermək niyyətindən ibarətdir. O, iki ölkə rəsmiləri arasında təmasların əlaqələrimizin inkişafı baxımından önəmli olduğunu dedi. Haynts-Kristian Ştraxe ölkələrimiz arasında iqtisadi və digər sahələrdə əməkdaşlığı dərinləşdirmək, strateji əhəmiyyətli məsələlərin müzakirəsi və konkret birgə layihələrin icrası məqsədilə şuranın yaradılmasını və bu şuranın iclaslarının mütəmadi olaraq keçirilməsini təklif etdi. O, eyni zamanda, bildirdi ki, ölkəsi Avropa İttifaqından Azərbaycana investisiyaların cəlb olunması, Avstriya texnologiyalarının ölkəmizə gətirilməsi və burada istehsal olunan məhsulların ixrac edilməsində maraqlıdır. Qonaq, həmçinin qeyd etdi ki, Avstriya tərəfi Azərbaycan şirkətlərinin ölkəsində təmsil olunmasına da maraq göstərir və Azərbaycan məhsullarının Avropa İttifaqı bazarlarına çıxarılması işində ölkəmizə dəstək verməyə hazırdır.

 

Dövlətimizin başçısı Avstriya Kansleri Sebastian Kurtsun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avstriyanın Federal Kanslerinə çatdırmağı xahiş etdi.