Dünyanı heyrətə gətirən 10 səs – “Turetski xoru” Heydər Əliyev Mərkəzində çıxış edib

Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Instagram” səhifəsində paylaşım edib
Əli Həsənov: AŞPA-da növbəti anti-Azərbaycan kampaniyasının başlanması təəccüblü deyil və təsadüfi xarakter daşımır
Azərbaycanda daha 4 426 nəfər COVID-19-a yoluxub, 41 nəfər ölüb

Oktyabrın 10-da Rusiyanın məşhur “Turetski xoru” Heydər Əliyev Mərkəzinin səhnəsində çıxış edib.

AZƏRTAC xəbər verir ki, anşlaqla keçən konserti izləyənlər arasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da olub.

Art qrup konsert proqramında repertuarında olan ən məşhur kompozisiyaları təqdim edib.

Nadir səsə, geniş vokal imkanlara, aktyor ustalığına və qeyri-adi xarizmaya sahib ifaçılardan ibarət “Turetski xoru” debütünü 1990-cı ildə edib. Qrupun yaradıcısı və bədii rəhbəri Rusiyanın Xalq artisti Mixail Turetskidir. Kollektivin repertuarı sərhədsizdir, qrup dünya klassikasından rokadək, pop musiqisindən operayadək, cazdan xalq mahnılarınadək müxtəlif janrlarda ifa edir.

“Turetski xoru”nun repertuarında 10-dan çox dildə kompozisiyalar yer alıb. Bu qrupu populyarlıq rekordçusu adlandıranlar da var, çünki səhnəyə 6 min dəfədən çox çıxıb, turnelər zamanı 4,5 milyon kilometr yol qət edib. Kollektiv Rusiyanın müxtəlif şəhərlərində mütəmadi konsertlər verməklə yanaşı, tez-tez Baltikyanı ölkələrdə, Almaniya, Amerika Birləşmiş Ştatları, Kanada, İsrail və Belarusda qastrollarda olur. Qrup İspaniya, Niderland, Belçika, İsveçrə, Avstraliya, Çin və Vyetnamda da çıxış edib. Təkcə bu ilin mayında musiqi marafonu çərçivəsində 10 gün ərzində 7 ölkənin müxtəlif şəhərlərində – Paris, Lyublyana, Vyana, Berlin, Təl-Əviv, Nyu-York və Minskdə konsertləri olub.

Qrupun konsert proqramları hər zaman anşlaqla keçib. 2015-ci il mayın 9-da Moskvada təqdim etdiyi “Qələbə mahnıları” adlı konsert proqramına rekord auditoriyasını – 150 min tamaşaçısını toplayıb. Kollektivin özünəməxsus xüsusiyyətlərindən biri də istənilən auditoriyanı oxuda bilmək bacarığıdır.

Fərqli dillərdə hitlər səsləndirən “Turetski xoru”nun Azərbaycan tamaşaçılarına sürprizi də oldu: qrup doğma dilimizdə Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını ifa etdi.

Konsertdən sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Turetski xoru”nun kollektivi ilə görüşdü, onlarla xatirə şəkli çəkdirdi.